
““Azercell” gözəl bilir ki, hər hansısa bir şirkət 4-cü mobil operator olaraq bazara girsə, şirkətin bərbad xidmətlərindən və yüksək tariflərindən təngə gəlmiş abunəçilər ondan imtina edəcək və şirkətin 29 illik monopoliyası sona çatacaq. Çünki bu gün “Azercell” abunəçilərinin 90 faizindən çoxu bu mobil operatordan imtina etməyə hazırdır”.
Arazpress.com bildirir ki, bu sözləri Tribunainfo.az-a mobil rabitə xidmətləri üzrə mütəxəssis İlkin Məmmədkərimov deyib. O qeyd edib ki, 2014-cü ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Naxtel” 4-cü ümümrespublika mobil operatoru olmaq üçün lisenziya almağa hazırlaşırdı. Ancaq “Azercell”in təhdidindən sonra bu qərardan imtina etdi:
““Azercell”in bərbad xidmət və keyfiyyəti, qiymətləri hər ay artırdığı hər kəsə bəllidir. O da bəllidir ki, şirkət 29 ildir ki, mobil bazarda 51,3%-lik inhisarçı mövqeyə sahibdir. “Azercell” bazara yeni başqa operatorların girməsinə imkan vermir. 2015-ci ildə Delta Telecom və SAZZ şirkətinin də 4-cü mobil operator olaraq bazara girməsinə imkan verməyib. İllər əvvəl ölkədə fəaliyyət göstərən yerli mobil operatorlardan biri ilə ölkədə ilk 3G şəbəkəsini quran abunəçilərinin sayı sürətlə artan Vodafone mobil operatoru da 2012-ci ildə “Azercell”in təzyiqlərinə davam gətirə bilməyib ölkəni tərk etmişdi. “Azercell” həmçinin 4G şəbəkəsi uzrə lisenziyanı digər mobil operatorlara təzyiq göstərərək 2012-ci ildə ilk özü almışdı.
Yeni 010 prefiksini də digər mobil operatora təzyiq göstərərək ilk özü almaq istəsə də, digər mobil operator haqlı olaraq, artıq haqsızlığa dözməyərək Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Palatasına müraciət edərək yeni 099 prefikisini ilk özü almışdı. “Azercell” Mobil Nömrələrin Daşınması xidmətini də 9 il ləngidib. Bunu əvvəlki Rabitə Naziri də dəfələrlə bildirmişdi”.
İ. Məmmədkərimovun sözlərinə görə, “Azercell” gözəl bilir ki, hər hansısa bir şirkət 4-cü mobil operator olaraq bazara girsə, şirkətin bərbad xidmətlərindən və yüksək tariflərindən təngə gəlmiş abunəçilər ondan imtina edəcək və şirkətin 29 illik monopoliyası sona çatacaq:
“Məlum olduğu kimi əksər ölkələrdə bazara yeni-yeni mobil operatorlar girir. Məsələn, Özbəkistanda Vodafone mobil operatoru 4-cü mobil operator olaraq fəaliyyətə başladı. Türkiyədə bazarda 3 mobil operator və NetGSM, Digitürk və s. virtual mobil operatorlar olsa da Türksat 4-cü mobil operator olaraq fəaliyyət göstərməyə hazırlaşır. Bizdə isə illərdir Azercell monopolist mövqeyi ilə bazarda rəqabət mühitinin olmasına imkan vermir. Monopoliyanın nəticəsidir ki, mobil rabitə sahəsində illərdir hər keçən gün xidmət səviyyəsi daha da bərbad vəziyyətə düşür, qiymətlər isə hər ay durmadan artır”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa Arazpress.com da hazırdır.
araz.az xəbər portalı.