…Redaksiyaya daxil olmuş şikayəti araşdırmaq və qarşı tərəfin mövqeyini öyrənmək üçün onunla təmasda olmaq qərarına gəldim. Mən onun evlər tikən olduğunu bilirdim. Amma evyıxan olduğunu görəndə, qarğışını eşidəndə, onda başa düşdüm ki, İsfəndiyar Axundov həqiqətən də savadsız adamdır, ali təhsil və ali savad görməmiş adamın görməmişliyi də, qarğışı da təbiidir…

***

Gəlirəm mətləbə: «Şərurlu İsfəndiyar» kimi özünü tanıdan İsfəndiyar Axundovla baş tutan görüşümdən yazmaya bilməzdim. O görüş ki, nəticəsində bu dəfə də iş adamı bütün jurnalistlərə bəddua oxudu. Belə ki, bir neçə gün idi redaksiyamıza dayanmadan sözügedən iş adamı haqqında müxtəlif şikayətlər daxil olurdu. Bütün bunları, hətta keçən aydan başlayan İsfəndiyar Axundovun məhkəmə proseslərini də nəzərə alaraq qarşı tərəfin mövqeyini öyrənmək üçün əvvəlcə İsfəndiyar Axundovun mobil nömrəsinə zəng etdim. İsfəndiyar Axundov zəngimizə cavab verdi:

– Alooo…

-Salam, İsfəndiyar müəllim, necəsiniz ? – deyə xəbər aldım. Cavabında aqressiv səs tonu ilə:

– Kimdir?! – deyərək sualıma sual ilə cavab verdi. Özümü təqdim edərək onunla bağlı şikayətlər olduğunu və bütün bunların nə dərəcədə doğru və ya yanlış olduğunu öyrənmək üçün görüşmək istədiyimi bildirdim. Dedim, hətta vaxtınız yoxdursa, elektron poçt deyin, ora sorğunu göndərək…

O isə təfərrüatlara girmədən, suallarla maraqlanmadan: – Mənə lazım deyil, maraqlı deyil! – deyərək telefonu üzümüzə bağladı. İ.Axundovun bu reaksiyasından sonra ona yenidən zəng vurmadım. Amma redaksiyamıza mütəmadi gələn zəng və şikayətləri, eyni zamanda, 5 iyun tarixində baş tutacaq məhkəmə prosesi ilə əlaqədar olaraq üz tutdum iş adamına məxsus olan “Hollywood” restoranına. Araşdırmalarıma görə, İsfəndiyar Axundov sözügedən restoranın 4-cü mərtəbəsində əyləşirdi. Həmçinin gələn qonaqlarını da elə məhz orada qəbul edir. Bir sözlə, sözügedən mərtəbəyə qalxdım.

Qapıda İsmayıl adlı gənc oğlan və İ.Axundovun katibəsi Gülçin xanımla rastlaşıb tanış oldum. Dəhlizdə xeyli adam var idi. Kim olduqları ilə maraqlandım. Dedilər ki, hamısı xahişə, şikayətə görə İsfəndiyar Axundovun qəbuluna gəliblər və növbəyə yazılıblar.

Adamların çoxluğunu nəzərə alaraq, zarafatyana soruşdum ki: – Hər gün bura belədir, yoxsa mənim gəlişimlə əlaqədardır?

İsmayıl bəy və Gülçin xanım eyni anda: – Xeyr, bura hər gün belədir, – deyərək cavab verdilər. Təxminən 30 dəqiqə gözədim. Növbəm gələndə İsfəndiyar Axundovun otağına daxil ola bildim. Kreslosunda əyləşmişdi.

– Otur, tələsirəm, işim çoxdu… Kimsən, nə istəyirsən? – deyə xəbər aldı. Özümü təqdim etdim. Vəsiqəmi təqdim etməyi belə lazım bilmədi. Dedi ki, “Ehtiyac yoxdur, göstərməsən də olar…”.

Vəsiqəmi çantama qoyub, üzümü İsfəndiyar Axundova çevirərək son günlərdə cərəyan edən məhkəmə prosesləri və redaksiyamıza daxil olan konkret şikayətlər barəsində nə deyə biləcəyini soruşdum. İsfəndiyar Axundov isə gözləmədiyim halda: “Allah bütün jurnalistlərin bəlasını versin”- cavabını verdi.

Açığı, istədim cavabını verim, amma dedim, ağsaqqal adamdı, həm də özü demiş, savadsız adamdı, düz anlamaz, hörmətsiz olaram…

***

Qeyd edim ki, 33 illik jurnalist fəaliyyətimdə minlərlə yazının müəllifi olmuşam. Saysız-hesabsız şikayətçilərlə, iş adamları, idmançılarla, dövlət rəsmiləri, məmurlarla, deputatlarla, ictimai-siyasi xadimlərlə görüşlərim və müsahibələrim olub. Tam səmimiyyətimlə deyirəm. Belə bir görüşüm, müsahibim olmamışdı… Özümü toparlayıb İsfəndiyar Axundova “Siz hansısa bir jurnalistlə və yaxud tik-tok-erlə, blogerlə, ümumiyyətlə, kiminlə nə yaşamısınız bilmirəm, amma bir jurnalist kimi onu deyə bilərəm ki bu sözünüzü heç də sizə yaraşdırmadım və bu bütün jurnalistlərə şamil edilə bilməz. Məsələn, siz məni tanmırsınız, mən 33 ildir jurnalist işləyirəm, 9 kitabın müəllifiyəm…

Sözümü bitirməmiş İ.Axundov: “Hamınızı çox yaşı tanıyıram… Hamınız eynisiniz, heç birinizin bir-birbirinizdən fərqi yoxdur. Allah hamınızın bəlasını versin. Başıma nə gəlib siz jurnalistlərin üstündə gəlib…” – deyərək ayağa qalxdı. Mənə əlavə heç nə demədən otaqdan çıxanda isə bircə kəlmə ilə: -Məgər bir mənzili 2-3 adama satmağı sizə jurnalistlər öyrədim ki?!-deyə bildim.

Oturduğum yerdə, sanki donub qalmışdım. Amma yenə də fikirləşdim ki, ağsaqqal adamdır, özü demiş, savadsız adamdı, yaxşı-pis iş adamlarından biridir. Yəqin ki, işi var, ona görə otaqdan çıxdı, bir azdan geri qayıdar.

20 dəqiqə otaqda tək qaldım. Sonra qapı açıldı və katibəsi Gülçin xanım otağa daxil oldu. Və məndən İ.Axundovu xəbər aldı. Mən baş verənləri ona danışdım. Təəccüblənən Gülçin xanım deməyə söz tapmadı.

Beləliklə, 15 dəqiqə yenidən gözləməli oldum. Artıq səbrim ərşə çəkilmişdi. Buna görə də ayağa qalxaraq Gülçin xanıma yaxınlaşıb İ.Axundovu xəbər aldım. Bildirdi ki, ikinci mərtəbədə şikayətçilərlə görüşdədir. Mən katibədən İ.Axundovun otağa geri qayıdıb-qayıtmayacağını da soruşdum. Katibə isə “bilmirəm” deyə cavab verdi. Mən israr etdim ki, zəng vurub mənim onu gözlədiyimi, söhbətimizin yarımçıq qaldığını bildirsin. O isə “Yox, mən zəng edə bilmərəm. Müəllim əsəbləşəcək, əgər istəyirsinizsə özünüz ikinci mərtəbəyə düşüb sözünüzü deyin. Çox güman ki, İsfəndiyar müəllim bu mərtəbəyə qalxmayacaq, çünki onun nahar vaxtı yaxınlaşır» – deyə katibə cavab verdi.

Bu səbəbdən 4-cü mərtəbədən 2-ci mərtəbəyə endim. Saatlar öncə 4-cü mərtəbədə olan şikayətçiləri bu dəfə də 2-ci mərtəbənin dəhlizində gördüm. Məlum oldu ki, İ.Axundov  otaqdadır, bir-bir şikayətçiləri dinləyir. Bir müddət dəhlizdə dayanmalı və bəzi danışıqları dinləməyə və qeydlər aparmağa məcbur oldum. Vətəndaşlardan biri xahişə gəlmişdi və məlum olurdu ki, o, İ.Axundova hərbçi olduğunu, vətən üçün illərlə can qoyduğunu qeyd edərək bildirirdi ki, hal-hazırda onlardan aldığı binada yaşadığını, lakin 800 manat kommunal ödənişləri olduğunu deyirdi… İ.Axundov aqressiv formada “Bundan ötrü gəlib mənim vaxtımı almısan?! Nə edim?! Bəlkə sənin o kommunal pulunu mən verməliyəm?!».

Hərbçi isə “Yox, əstağfirullah, özüm ödəyəcəyəm. Sadəcə, gücüm çatmır deyə istədim ki, siz zəng edib tapşırasınz, heç olmasa, 200 manat güzəşt edərdilər”.

Bunu eşidən İ.Axundov: “Mən heç kimə zəng vurub nəsə deyə bilərəm, nə də sənə kömək edə bilərəm. Mənim pulum var?! 75 yaşım var, dövlətdən pensiya alıram. Onu da götürüb sənin kommunalına verim?! Get özün ödə, vaxtımı alma, işim-gücüm var!” – deyə bildirdi.

Digər şikayətçi xanım yaxınlaşıb İ.Axundova bildirdi ki, onun tikdirdiyi binalardan birində ikiotaqlı ev alıb. İlkin ödəniş olaraq 91 000 manat ödəyib. 2 ildir ki, hər ay 3500 manat aylıq ödəyir. Lakin kommunalların çox olması səbəbindən evi şirkətə geri qaytarmaq və indiyə qədər ödədiyi pulu geri götürmək istəyir.

Məsələ ilə bağlı xanımı başqa otağa yönəltdilər. Dəhlizdə İcra Hakimiyyətinin iki səlahiyyətli nümayəndəsini gördüm ki, onlar da restoranın qarşısında qanunsuz plakatlar yerləşdirilməsini irad bildirərək məsələnin həll edilməsini tələb edirdilər. Onları da digər otağa yönəltdilər.

Sonra bir neçə şikayətçi isə aldıqları mənzillərin sahəsinin sənədlə olan çatışmazlığını deyərək pullarını geri istəyirdilər…

***

Beləcə, vaxt keçirdi. İşə qayıtmalı idim. Qeyd edim ki, saat 11:30 radələrindən etibarən “Hollywood” restoranında idim. Artıq saat 14:30 idi. Otağın qapısına yaxınlaşdım. İsfəndiyar Axundov özünü görməzliyə vurdu. Bu arada bir xanım otaqdan çıxaraq mənə yaxınlaşdı və dedi: “Buyurun, nə lazımdır?”. Mən isə xanıma jurnalist olduğumu, redaksiya rəhbərliyinin tapşırığı əsasında şikayəti araşdırmalı olduğumu,  İ.Axundovu neçə saatdır gözlədiyimi, söhbətimizin yarımçıq qaldığını, heç bir sualı doğru-düzgün cavablandırmadığını bildirdim. Xanım da öz növbəsində İ. Axundova dediklərimi olduğu kimi çatdırdı. İ. Axundov “Mən heç bir suala-zada cavab verəsi deyiləm!”- cavabını verdi. Xanım isə “Bəs jurnalist xanım indi nə etsin, getsin, yoxsa gözləsin?” – dedikdə, İ. Axundovun qışqırıq səsi dəhlizin sakitliyini pozdu: “Yox, gözləməsin! Qəbul etməyəcəyəm! Çıxıb getsin! Bu jurnalistlərin hamısı eynidir!” – dedi.

Bəli, bu da “Hollywood”dakı günüm. Heç Hollywood kinolarında da belə bir mənzərə yaşanmayıb ki, mən onu 33 illik jurnalist həyatımda ilk dəfə İsfəndiyar Axundovun sayəsində Bakının “Hollyvud”unda yaşadım. Gözlədildim, hörmətsizlik gördüm və cəmi jurnalistlərlə birlikdə bədduaya uğradım. Bir sözlə, İ.Axundov bütün jurnalistləri təhqir edərək, sanki hamını eyni kəfənə bükdü.

Bu yerdə yadıma Fərman Kərimzadənin “Axırıncı aşırım” əsərindən bir epizod düşdü. Abbasqulu ağa danışmaq üçün Kərbalayının qapısına gəlir. Bundan narazı qalan Qəmlo Kərbalayıya onları qəbul etməməsini, geri göndərməsini istəyir. Kərbalayı isə cavabında: “Kim olur-olsun, dost, ya düşmən, fərqi yoxdur. Qapımıza gəlibsə, biz gərək öz ləyaqətimizi itirməyək”- deyərək Abbasqulu ağanı şəninə yaraşan şəkildə duz-çörəklə öz süfrəsinə dəvət edir…

***

“Hollywood”dan ayrılıb işə hansı halda gəldiyimi bir mən, bir də daima öz qələmi, sözü ilə sayılıb-seçilən dəyərli redaktorum və iş kollektivim şahid oldu… Odur ki, baş verənləri yazır, məsələyə qiymət verməsi üçün jurnalistlərin və oxucuların ixtiyarına buraxıram.

Redaksiyaya daxil olan şikayətlərin bəzilərini və məhkəmə prosesi haqqında əldə etdiyim ən son məlumatları oxucuların diqqətinə çatdırıram.

– “Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) xüsusi ittiham qaydasında məhkəməyə verilib. Belə ki, məşhur tikinti maqnatından şikayət edən iş adamı “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərovdur.  E.Səməndərov bir müddət əvvəl həbs edilib. Amma hələ ki, barəsində yekun məhkəmə qərarı yoxdur. Səməndərovun vəkili Asim Abbasovun sözlərinə görə, Şərurlu İsfəndiyar müsahibələrindən birində müvəkkilini dələduz kimi təqdim edib. Həmin cümlə konkret olaraq aşağıdakı kimi deyilib: “Mən sizə deyim ki, “Proqress” MTK-nın rəhbəri Emil insanları, nə qədər adamları aldadıb, hazırda cəzasını çəkir”.

İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İ.Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir. Şikayəti Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyev araşdıracaq.

Qeyd edək ki, təhqir və böhtan maddələrinin saksiyasında 3 ilə kimi azadlıqdan məhrumetmə, şərti cəzalandırılma, cərimə və islah işləri cəzası nəzərdə tutulur.

Məqamında bildirim ki, növbəti məhkəmə prosesi 5 iyunda həyata keçiriləcək.

– “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovla bağlı redaksiyamıza növbəti şikayət isə belədir: Şikayətçi Elşən Səmədov bildirib ki, İsfəndiyar Axundov ona dəymiş ziyanı ödəmir.

Şikayətçi fikirlərini belə ifadə edib:

– “2007-ci ildə Xətai rayonu ərazisində Şərurlu İsfəndiyara məxsus “Azərtikinti ATF” MMC-dən (Sonradan “Orxan” MMC) iki mənzil almışam. Mənzillərdən biri birotaqlı, digəri ikiotaqlı idi. 2007-ci il mayın 24-də 40 min 700 dollara ikiotaqlı mənzili, iyulun 18-də isə 33 min dollara olan birotaqlı mənzili almışıq. Mənzilləri “Azərtikinti ATF” MMC-nin direktoru Azər Quliyevdən aldıq, amma şirkətin sahibi İsfəndiyar Axundovdur. Həmin Azər Quliyevi də sonradan həbs etdilər. Şərurlu İsfəndiyar şirkətlərini başqa adamların adına keçirir ki, problem yaşamasın. İsfəndiyar Axundov ümumilikdə mənə 73 min 700 dollar borcludur. Bir ildən sonra məlum oldu ki, həmin mənzillər bir çox adama satılıb, tikilmir. Mənə verilən sənədlər başqalarına da verilib».

– “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovla bağlı digər şikayət.

Şikayətçi Elnur Bünyadov bildirir ki, İsfəndiyar Axundov ona dəymiş ziyanı ödəmir. Şikayətçi fikirlərini belə ifadə edib: “2008-ci ildə Xətai rayonu ərazisində Şərurlu İsfəndiyara məxsus “Azərtikinti ATF” MMC-dən ipoteka ilə iki mənzil almışıq. Mənzillərdən biri ikiotaqlı, digəri üçotaqlı idi. 2008-ci il yanvarın 27-də üçotaqlı mənzili, oktyabrın 26-da isə ikiotaqlı mənzili almışıq. Üçotaqlı mənzilin qiyməti 91 min dollar idi, ona 63 min 500 dollar ödəmişəm. İkiotaqlı mənzilin qiyməti 70 min dollar idi, 22 min dollarını ödəmişəm. Mənzillərdən birini qardaşımın adına yazdırmışıq. Mənzilləri “Azərtikinti ATF” MMC-nin direktoru Azər Quliyevdən aldıq, amma şirkətin sahibi İsfəndiyar Axundovdur. Biz mənzili alanda binanın iki-üç mərtəbəsi tikilmişdi. Təxminən il yarım sonra anladıq ki, aldadılmışıq. Binada bir müddət tikinti dayandı, ona görə biz ödənişi dayandırdıq. Azər Quliyevi həbs etdilər. Ona 11 il həbs cəzası verdilər. Sonradan “Azərtikinti ATF” MMC ləğv olundu, yerində “Orxan” MMC yaradıldı. “Orxan” MMC-dən də bizə bildirdilər ki, sizi tanımırıq. Ümumilikdə bizə 85 min 500 dollar zərər dəyib. Şikayətlərimizə baxan yoxdur. Müvafiq qurumlar bizi dinləyirlər, amma heç bir addım atmırlar. «Təzadlar»adır gümanımız…”.

Şikayətçi qeyd edir ki, 3 dəfə İsfəndiyar Axundovun qəbulunda olub: – “Pulu geri qaytarmamaq üçün dedi ki, Azər sizə mənzili ucuz qiymətə satıb. Çox baha qiymətə bizə mənzil təklif etdi. Nə bizə dəymiş ziyan ödənildi, nə də mənzillə təmin olunduq”.

– “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov ilə bağlı daha bir şikayət. Şikayətçi Qəşəm Güləliyev bildirir ki, məhkəmə qərarına baxmayaraq, İsfəndiyar Axundov ona dəymiş ziyanı ödəmir.

Şikayətçi deyir: – “2006-cı il dekabr ayının 11-də Xətai rayonu ərazisində Şərurlu İsfəndiyara məxsus “Şaiq” MTK-dan hər biri üçotaqlı olmaqla dörd mənzil almışam. Aldığım mənzillərin binası hazır deyildi, bünövrəsi yeni qoyulurdu. Bu mənzillərə ümumilikdə 218 min dollar ödəmişəm. Bir ildən sonra məlum oldu ki, həmin mənzillər çox adama satılıb. Mənə verilən sənədlər başqalarına da verilib. Mən həmişə vəzifədə işləmişəm, çox adam məni tanıyır. Nə baş verdiyini soruşanda dedilər ki, narahat olma, həll edəcəyik. Hər dəfə müxtəlif bəhanələrlə başımı qatdılar. İsfəndiyar təxminən 6 il öncə dörd mənzildən birinin əvəzinə başqa üçotaqlı mənzili qaytarıb, 3 mənzilimin pulu qalıb – yəni 155 188 dollar. 2023-cü il may ayının 19-da məhkəmə qərar çıxardı ki, 155 188 dollar dəymiş ziyan ödənilsin. Pulu ödəmədilər, prosesi icra etmədikləri üçün sonuncu dəfə 1200 manat cərimə olunublar. Deyirlər, pulumuz yoxdur. Onun adına ölkədə heç bir əmlak yoxdur. MTK-larını direktorlara verib. İcraçı direktorları da tez-tez dəyişir. 19 il keçib, hələ də ödəmir”.

***

Sonda onu da bildirək ki, Şərurlu İsfəndiyar son günlər sosial şəbəkələr vasitəsilə verdiyi müsahibələr ilə gündəmə düşmüşdür. Belə ki, o, “Hərfləri tanımıram, yazı yaza bilmirəm. Mən oturmuşam, çoban. Amma alimlər işləyir, pullar da gəlir. Əlimdə olsa Azərbaycanda olan bütün məscidləri sökərəm, çünki onlar heç bir işə yaramır” kimi fikirləri ilə müzakirələrə yol açıb. Bu gün isə o, bütün Azərbaycan jurnalistlərinə bəddua oxuyaraq başına gələn problemlərin hamısının səbəbkarının jurnalistlər olduğunu bildirir… Özü demiş, savadsız, ali təhsil görməmiş adamdan başqa nə gözləyəsən… /RÖVŞANƏ, tezadlar.az/

araz.az xəbər portalı.