İndi adamın yaxşısını pis, pisini yaxşı etməyə nə var ki…

Kimi istəsən, onun barəsində şər, yalan və böhtan uydurub, yaymağın elə bir çətinliyi də yoxdur.

Alqışalayiq böyük işləriylə özünü xalqına tanıdan, dövlətinin inkişafına misilsiz töhfələr verən, etdiyi yaxşılıqlara uyğun parlaq izlər buraxan istənilən adamı, vəzifə sahibini yıxıb-sürüməyin asan olduğu sübuta ehtiyacı olmayan bir həqiqətdir.

Bir müddətdir belə birisinin — Müstəqil Azərbaycan dövlətinin yeni dövrə aid biznes sahəsinin ən tanınan nümayəndəsi İsfəndiyar Axundovun da yuxarıda qeyd etdiyim aqibətlə üzləşdiyinə şahidlik edirik. Doğrudan da, ictimaiyyət arasında ölkə mətbuatı və sosial şəbəkələr vasitəsi ilə, çox yaxından tanıdığım “Şərurlu İsfəndiyar” ləqəbli bu iş adamı, cəmiyyətimizin dəyərli simalarından biri olan bu şəxsiyyət əleyhinə ortaya ağlagəlməz və ağlasığmaz şər, böhtan və yalanlar atılır. Halbuki, ölkəmizdə biznesin normativ-hüquqi bazası formalaşma mərhələsi keçəndən ta bu günədək, onun iş adamları arasında özünəxas yaxşı işləriylə fərqləndiyi, üstəlik, bu sahədə dövlətimiz adına yeni cığırlar açmağı bacardığı daim göz qabağında olub.

İsfəndiyar Axundovun əleyhinə ortaya atılanlar adamın yaxşısını seçməyi bacaran hər kəsi olduqca təəssüfləndirir. Təəssüf hissi keçirənlərdən biri özüməm. Yaxından tanıdığım bu həmkəndlimin haqqında bu sarıdan yazılanları heç cür qəbul edə bilmirəm. Onun keçdiyi ömür yolunu xatırladıqca, haqqında deyilən nalayiq sözlərin qəti şəkildə əleyhinə olduğumu bildirirəm. Çünki  tutduğu yolda həyata keçirdiyinin çoxunu ideya olaraq qəbul etmişəm. Özü isə gözlərim önündə zəhmətkeş, əzmkar, fədakar, işə sonsuz sevgisi… olan bir nümunəyə çevrilib.

Bu sahənin əsl peşəkarı kimi, ona doğru uzanan səfər yoluna inamla çıxıb. Bu yolda cəmiyyətin, millətin və gələcək nəsillərin inkişafına hərtərəfli xidmət edəcək çox ideyaların müəllifi kimi özünü tanıda, öyrənib yaratdıqlarını yorulmadan paylaşan iş adamı kimi özünü göstərə bilib. Bununla onu demək istəyirəm ki, ölkənin biznes mühitinin formalaşmasında və inkişafında İsfəndiyar Axundovun göstərdiyi xidmətlər danılmazdır. Onun bu sahədə gördüyü  möhtəşəm işlər ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilib.

Məhz bunlara görədir ki, bu sahəyə aid rəhbər vəzifəsində şərəflə xidmət göstərən bu eloğlumuzun biznesə həsr etdiyi ömür illəri çox mənalı, işıqlı və məhsuldar keçib. Keçdiyi həyat yolunda qurduğu biznesə aid dövrə baxsaq, onun gördüyü işləri yüksək səviyyədə dəyərləndirməmək olmur. Çünki açıq-aydın görünür ki, əldə etdiyi uğurlar gələcək üçün məqsədlərin müəyyənləşdirilməsi baxımından xüsusi önəm daşıyır.

Bu yerdə qeyd etmək yerinə düşər ki, bu iş adamının qürur hissi ilə xatırlanacaq zəngin məqamlarla dopdolu fəaliyyəti öz nailiyyətləri və keyfiyyətləri ilə də seçilib həmişə. Bu şəxsiyyət qəbul etdiyi bütün qərarlarını səxavətlə paylaşıb, bu sahənin mütəxəssislərini hərtərəfli dəstəkləyib. Həm də, yüksək mənəvi dəyərlər ölçüsüylə ətrafında nümunəvi münasibətlər formalaşdırıb. Əldə etdiyi uğurlar, bu sahəyə verdiyi töhfələr zəhmətkeşliyinin, prinsipial mövqeyinin və potensial gücünün bariz göstəricisi kimi öz təsdiqini çoxdan tapıb.

Bir daha qeyd edirəm ki, İsfəndiyar Axundovun  fəaliyyətindəki əsas məqsəd ölkə biznesinin müasir standartlara uyğun formalaşıb, dünyada tanınmasına töhfə vermək olub. Məqsədinə çatması üçün, o, bu sahədəki yeniliklərə daim təkan verən “Şərur” MTK-sını yaradıb. Şirkətinin xəttiylə bir çox fundamental yeniliklərin praktiki tətbiqi yollarını göstərməyə nail olub. Bununla da, “Şərur”un mütəxəssisləri bu biznesə aid problemlərin həlli, inkişaf perspektivli böyük uğurlar qazanmaları və beynəlxalq əlaqələr yaratmaları üçün dəyərli və böyük həcmli işlər görə biliblər. Bu səbəbdəndir ki, onların bütün miqyasda ictimai fəaliyyətləri də daim diqqətəlayiq olub.

Həmkəndlim İsfəndiyar Axundova, — özü məni tanımasa da, — xeyirxah bir iş adamı olduğu üçün hörmət-rəğbətim böyükdür. Onun biznesmen kimi digər müsbət cəhətlərini təsdiqləyən saysız-hesabsız  məlumatlar da əlimdədir.

Məncə, dediyimin təsdiqi kimi, onlardan birini  oxumağınız kifayət edər.

“Çox ağır vəziyyətə düşmüşdüm. Belə bir vəziyyətimlə əlaqədar olaraq, “Şərurlu İsfəndiyar”a müraciət etmək qərarına gəldim. Təsəvvür edin ki, o, mənə dərhal köməklik göstərdi. Üzləşdiyim həmin problemimi tamamilə aradan qaldıra bildim.

Ona təşəkkürümü çatdırdım. Hər yerdə həmişə qeyd etdim ki, onun kimi mərd insana — ləyaqətli iş adamına bu xalqın çox ehtiyacı var.

Onu yaxından tanıdıqca, iş adamlarına hörmətim daha da artmağa başlayıb. Var olsun belə dəyərli insanlar!”, — həmin məlumatda deyilir.

Deməli, İsfəndiyar Axundov gördüyü yaxşı işlərin çoxluğu hesabına deyil, barəsində yayılan şər, böhtan və yalanlara görə gündəmdə qalıb. Amma bilmək lazımdır ki, onun bu sahədə etdiyi gedişləri hər kəs edə bilməz və etməyəcək də. Deməli, o, yalandan çoxlarının dərdinə şərik olduğu görüntüsünü yarada bilmir — Səmimi dillə öz sözünü dediyinə görə. Bilənlər bilir, bilməyənlər üçünsə deyim ki, tanınmış iş adamı “Şərurlu İsfəndiyar” etdiyi yaxşılıqları reklam edən də deyil.

Deməli, çoxlarına ev bağışladığını, başqa cür yaxşılıq etdiyini o deyil, ondan yaxşılıq görənlərin özləri içtimailəşdirirlər. Bütün bunlar həm də onu deyir ki, o, bəzi iş adamları kimi təhlükəli də deyil və ondan düşmən belə olmaz. Çünki öz həmkarlarıyla mübarizəni iyrənc formada aparan xislət sahibi deyil.

Deməli, sadaladığım mənfi çalarlar onun xarakterinə tamamilə yaddır. Elə, bu səbəbdəndir ki, indiyədək deputat olmaq fikri də olmayıb. Öz işi var, həmişə öz işini görməkdən rahatlıq tapıb. Seçdiyi peşəyə uyğun yüksək bacarıq və qabiliyyət sahibi olduğu da, gördüyü böyük işləriylə təsdiq olunub. Buna görə də, guya, hərf tanımayan və savadsız olan belə birisinin milyonlar başından aşan iş adamı kimi qəbuledilməz olduğunu yazan media orqanlarının səhv etdikləri öz təsdiqini tapır.

Amma İsfəndiyar Axundovu istədikləri tərzdə tənqid atəşinə tutanlar bilməlidirlər ki, onun bütün uşaqlıq və yeniyetməlik illəri ilə bərabər, gənclik illərinin yarıdan çoxu da qovğalarsız keçməyib. Bu səbəbdən, istəyinə uyğun yaşaya bilməyib. Göründüyü kimi, onun oxumamasının səbəbi özündən asılı olmayıb. Özü də müsahibələrində dəfələrlə orta məktəb oxumadığını etiraf edib. Səbəbini belə izah edib ki, vaxtilə atası Ermənistandan sürgün edilib, daha sonra müharibəyə göndərilib. Geri dönüb, ailə qurub, övlad sahibi olduqda isə, onun artıq 50 yaşı olub və 8 övladını çətinliklə böyüdüb. Bu səbəbdən, İsfəndiyar Axundov və əksər qardaş-bacıları təhsil ala bilməyiblər.

Bu deyilənləri mən də çoxdan bilirəm. Və bilirəm ki, tanınmış bu iş adamının özü müsahibəsində: “Dərsə getməməyin acısını çox çəkmişəm. Ona görə istəyirəm ki, gələcək nəsil ali təhsilli olsun”, — deyə, o, açıqlama verib. Məhz buna görə, bu iş adamı imkansız bir çox tələbələrin təhsil haqlarını ödəməyi qarşısına məqsəd kimi qoyub.

“Şərurlu İsfəndiyar”ın taleyi də göstərir ki, haqqında yalanlar uydurmaq əsl vicdansızlıqdır. Bunu o da sübut edir ki, onun bu sahədəki fəaliyyəti yalnız əldə etdiyi konkret nəticələrlə deyil, həm də yaratdığı mühitlə və gələcək nəsillərə ötürdüyü dəyərli təcrübə ilə fərqlənir. Çoxları da deyir ki, dəyər verdiyi insanlara qarşı səmimiyyəti hər an müşahidə olunan və diqqəti cəlb edən İsfəndiyar Axundovun haqqında yalan və böhtan yayanlar Böyük Allahın lənətinə gəlmiş bədxahlardır. Məqsədlərinə çatmaq üçün, belə bir qeyrətli, ləyaqətli, vətənpərvər eloğlumuzun da arzularını, məqsəd və məramını yarıda kəsmək istəyirlər. Onlar üz tutduqları jurnalistləri də ələ alıb, onun  əleyhinə kökləyə bilirlər. Bax, dəhşət elə bundadır.

Hər şey dediyim kimi olmasaydı, həmkarlarımız belələrinin fitnə-fəsadlarına aldanmasaydı, “Allah bütün jurnalistlərin bəlasını versin!” deyən İsfəndiyar Axundovdan həmkarlarımıza qarğış gəlməzdi.

Sonda onu da qeyd edim ki, əməkdaşı olduğum “Araz” Media Qrupunun tərkibindəki Arazpress.com saytının rəhbərinə də, eyni yöndən olan yazıların dərcinə icazə verməsinə etirazımı çatdırmışam. Deyib ki, bildiklərim əsasında təkzibedici yazı hazırlaya bilərəm. Əsaslı olsa, dərcinə söz verib və buna görə də, bu yazını hazırlamışam. Oxuyun, gəldiyim nəticə belədir.

Demək olar ki, “Şərur” MTK-nın sədri İsfəndiyar Axundovun barəsində yazılan ayrı-ayrı məqalələrdəki yalan, şər və böhtan xarakterli epizodların əksini qələmə almışam. Bununla həm də onu demək istəmişəm ki, heç olmasa yazı müəllifləri bundan sonra vicdan naminə ehtiyatlı olsunlar!

Nadir HƏSƏNLİ,
Arazpress.com saytının şöbə redaktoru.

araz.az xəbər portalı.