2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu azad edilmiş ərazilərdə təhsil, iqtisadiyyat və dövlət-özəl sektor əməkdaşlığının inkişafı baxımından əlamətdar hadisə oldu.

Arazpress.com şirkətin mətbuat xidmətinin məlumatına görə bildirir ki, forum, Qarabağda dayanıqlı sosial-iqtisadi dirçəliş üçün strateji ideyaların, praktik həllərin və konkret təşəbbüslərin müzakirə olunduğu yüksək səviyyəli platforma kimi çıxış etdi.

Tədbirin məqsədi – dövlət və özəl sektor arasında əməkdaşlıq mühitinin möhkəmləndirilməsi, Qarabağ regionunda təhsilin və sahibkarlığın sinerji yaratmasıdır. Forum çərçivəsində keçirilən birinci paneldə təhsilin Qarabağa qayıdışı, əhalinin məskunlaşdırılması, infrastrukturun bərpası və regionun sosial-mədəni inkişafına dair sistemli baxışlar səsləndirildi.

Veysəloğlu Şirkətlər Qrupu adından tədbirin ikinci panelində çıxış edən təsisçi və baş icraçı direktor Aydın Talıbov, Qarabağda dövlət-özəl tərəfdaşlığının imkanlarını, təhsilin iqtisadiyyata inteqrasiyasını və gənclərin gələcəkdə bu proseslərdə oynayacağı rolu korporativ baxış bucağından dəyərləndirdi:

“Qarabağın sürətli inkişafında infrastruktur layihələri ilə yanaşı, bu torpaqda yetişəcək insan kapitalı da mühüm rol oynayır. Biz bu bölgədə sahibkarlıq mühitinin formalaşmasına töhfə verməyi strateji hədəf sayırıq. Bu gün Qarabağ Universitetində təhsil alan gənclər gələcəyin sahibkarları, menecerləri və liderləridir. Biz onların yanında olmağa, təşəbbüslərini dəstəkləməyə hazırıq”.

Panel müzakirələri zamanı Aydın Talıbov öz şəxsi təcrübəsindən çıxış edərək gənc sahibkarlara Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolundan danışıb:

“Biz fəaliyyətə çox kiçik miqyasda başlamışdıq. Bu gün isə tamamilə təbii şəkildə böyüyərək, on minlərlə əməkdaşı olan yerli Şirkətlər Qrupuna çevrilmişik. Bu yol asan olmadı, amma yerli resurslara, dəyərlərə və əməksevərliyə əsaslandığı üçün davamlı oldu. Qarabağda fəaliyyətə başlamaq istəyən sahibkarlara da eyni inamı tövsiyə edirəm”.

Qeyd edək ki, Forum çərçivəsində dövlət və özəl sektorun əsas təmsilçiləri – nazirliklər, fondlar, ali təhsil müəssisələri və qabaqcıl şirkətlər bir araya gələrək, Qarabağın iqtisadi və sosial dirçəlişinin vacib komponentləri olan təhsil, sahibkarlıq və innovasiya mövzularını geniş şəkildə müzakirə etdilər.

araz.az xəbər portalı.