Partiya sədri Zəngilan-Cəbrayıl səfərindən ətraflı danışdı

“Budəfəki səfərimizdə bizi abadlaşmış, insanları heç bir təhlükə qorxusu olmadan yaşayan Zəngilan, Cəbrayıl qarşıladı. Əhali tam məskunlaşıb, yaşayış canlanıb. Təbiətin gözəlliyi göz oxşayır. Adam baxdıqca ürəyi açılır. Bu günümüzə şükürlər olsun”.
 

Arazpress.com bildirir ki, bunu Versus.Az-a Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə siyasi partiyaların Zəngilan və Cəbrayıl rayonlarına növbəti səfərilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev söyləyib.

Partiya sədri qeyd edib ki, yurd-yuvalarında məskunlaşan zəngilanlılara 12 sot torpaq verilib, kənd təsərrüfatı ilə məşğul olanlara imkan yaradılıb. Bir sözlə, zəngilanlılar xoşbəxt həyatlarına qayıdıblar:

“Zəngilanda görülən işləri danışmaqla bitməz. Baxdıqca doymaq olmayan bu gözəlliyi, yaşamı təsvir etməkdə sözlər acizdir. Çox yüksək səviyyədə işlər görülüb. Kanalizasiya sistemi, su təchizatı, ümumiyyətlə komunalla bağlı sakinlərin problemi yoxdur. Cəbrayılda da vəziyyət eynidir, burda da çox gözəl quruculuq işləri aparılıb, insanlar sakit həyatlarını yaşayırlar. İnanın ki, bundan öncəki səfərimizdə gördüklərimizin onqat yüksək səviyyəsini gördük bu dəfə”.

H. Hacıyev eyni zamanda insanlarımızın iş şəraiti ilə də yaxından tanış olduqlarını vurğulayıb. Əlavə edib ki, məktəblərdə, bağçalarda uşaqları görmək bir dünyaya bərabər sevinc yaşadır adama. Tekstil fabrikinə də baş çəkdik, xanımlarımızın işlə təminatı yüksək səviyyədədir:

“Hər iki rayonda quruculuq işləri çox sürətlə davam edir və hər şey mükəmməldir. Düşünürəm ki, Zəngilan və Cəbrayılda işlər bu sürətlə getsə, hər iki rayon tezliklə işğal yaşamamış rayonlardan da gözəl  və şəraitli olacaq. Bütün bu quruculuğu görəndə adamın ürəyi dağa dönür ki, mənim dövlət başçım nə qədər güclü liderdir.

Biz orda rayonun səlahiyyətli nümayəndəsi Vahid Hacıyevlə də görüşdük. O bizə rayonda görülən və görüləcək işlərdən danışdı. Yaxın zamanlarda açılışı olmuş su stansiyasına da baxış keçirdik.

Bu rayonlarda zövq oxşayan müasir binalar tikilib, keyfiyyətli yollar çəkilib, əkin-biçin işləri aparılır, min hektarlarla torpaq əkilib və iri suvarma sistemi ilə tam təmin edilib. Taxıl biçini də diqqətimizi çəkdi, böyük məhsuldarlıq var. Adam inana bilmir ki, bura işğaldan azad edilmiş rayonlardır. Müsbət hallardan biri də odur ki, səlahiyyətli nümayəndəliklərin işçilərinin əksəriyyəti rayonda yaşayanların özləridir. Onlar öz kiçik təsərrüfatlarını qurur, bununla da sakinlərə nümunə olurlar.

Bunlarla yanaşı, Zəngilanda yeni iqtisadi zona yaradılır. Mən imkanı olan iş adamlarına səslənirəm, gedin Zəngilanda, Cəbrayılda böyük sərmayə qoyun, böyük pullar götürün. Zəngilan və Cəbrayıllıların hələ də Bakıda olması onlara uduzdurur. Getsinlər torpaq götürsünlər, məskunlaşsınlar, sonra gedəndə gec olacaq. Yəni gördüklərim məndə belə bir təəsürat yaratdı. Mən orda da Prezidentin səlahiyyətli nümayəndəsi Vahid Hacıyevə təklif etdim ki, oradakı göldə ildə 500, 600 ton farel balığı yetişdirə bilərik ki, bu da Zəngilanın iqtisadiyyatına 10 milyona qədər gəlir gətirəcək”.

MMP sədri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbərliyinə təşəkkürünü ifadə edib. Biildirib ki, bu cür səfərlərdən sonra MMP olaraq rəhbərlik səviyyəsində bu səfərlərin dəyərləndirilməsi aparılır, insanların işğaldan azad edilən rayonlarla, oradakı quruculuq işləri ilə məlumatlandırılması üçün tədbirlər planı gözdən keçirilir.

H. Hacıyev təəssüflə qeyd edib ki, bu görülən işlərin üzərinə kölgə salmaq istəyən qüvvələr heç vaxt həqiqətləri demək istəmirlər.

araz.az xəbər portalı.