Arazpress.com xəbər verir ki, “II Türk Ticarət Sərgisi – Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi” iyun ayının 10 — 12-si tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM)-nin tərəfdaşlığı, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və ROK Expo şirkətinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçiriləcək.

Türk Ticarət Sərgisi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmət sahələrini inkişaf etdirən, Türk Dövlətlərinin iş dünyasının ən böyük görüşü hesab olunan sərgi və forumdur.

Sərgidə 11 ölkə iştirakçı kimi, 20-dən çox ölkə isə ziyarətçi kimi iştirak edəcək.
Sərginin əhəmiyyətini nəzərə alaraq, Beynəlxalq Diaspor Mərkəzi bu mühüm tədbirdə öz guşəsi ilə təmsil olunacaq. Sərgi müddətində BDM tərəfindən Qərbi Azərbaycana Qayıdış, Azərbaycan diasporunun fəaliyyəti, eləcə də diasporun türkdilli ölkələrdə gördüyü işlər ictimaiyyətə təqdim olunacaq.

BDM-in guşəsində Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, İrəvan xanlığının bayrağı, türkdilli ölkələrin, eləcə də tarixdə mövcud olmuş türk dövlətlərinin bayraqları nümayiş olunacaq. Eyni zamanda, Beynəlxalq Diaspor Mərkəzinin fəaliyyəti haqqında məlumat verən buklet və flayerlər sərgini ziyarət edənlərə təqdim ediləcək.

araz.az xəbər portalı.