Hazırda bunkerdə gizləndiyi deyilən İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei hazırda dünya mediasında haqqında ən çox yazılan şəxslərdəndir. Xomeynidən sonra ilk dəfə “Ayətullah” rütbəsi ilə Ali Rəhbər olan Əli Xamenei ilə bağlı bəzi maraqlı faktları toplamışıq.

Arazpress.com bildirir ki, Tribunainfo.az 1989-cu ildən İranı idarə edən Əli Xamenei ilə bağlı yazını təqdim edir:

Sağ əli iflicdir

Xamenei 1981-ci ildə İran İslam Respublikasına qarşı silahlı hücum zamanı (Tudeh partiyası və ya Mojahedin-e-Khalq tərəfindən təşkil edildiyi güman olunur) sağ əlindən ağır yaralanıb. Nəticədə sağ əli iflic qalıb və bu onun bəzi çıxışlarında da görünür.

Gizli komplekslərə malikdir

İran daxilində onun təhlükəsizliyi üçün “Xüsusi Komplekslər” mövcuddur. Bu komplekslər yalnız ona məxsus və hərbi müdafiə ilə qorunan, yeraltı sığınacaqlardır. Bu səbəbdən də “bunkerdə gizlənməsi” ilə bağlı iddialar bəzən reallığa çox da uzaq görünmür.

Şeir və ədəbiyyata xüsusi marağı var

Xamenei klassik fars poeziyasını çox sevir. O, tez-tez Hafiz, Sədi, Mövlana və Nizami kimi şairlərdən sitatlar gətirir. Hətta bəzi şeirləri və yazıları da nəşr olunub. Bu, onu İranın digər siyasi liderlərindən fərqləndirir.

Xarici mediaya qarşı şübhəçi yanaşma

O, Qərb mediasını “məkrli təbliğat maşını” adlandırır və BBC, CNN kimi beynəlxalq media qurumlarını “mədəni hücumun ön cəbhəsi” hesab edir. İran daxilində Qərb KİV-ləri faktiki olaraq qadağan edilib.

Özünü hər an təhlükədə hiss edir

Xamenei üçün təhlükəsizlik ön plandadır. İran daxilində onun olduğu yerlər ciddi şəkildə qorunur. Xarici ölkəyə səfər etmək, onun həyatını riskə atmaq deməkdir. Qərb ölkələri ilə gərgin münasibətlər də bu riski artırır. Xamenei qərbli liderlərlə üz-üzə gəlməkdən çəkinir. Bu, onun anti-Qərb ritorikasının bir hissəsidir. O, görüşlərdə deyil, çıxışlarında, bəyannamələrində və media vasitəsilə fikir bildirir.

Hakimiyyəti dövründə xaricə səfər etməyib

Xamenei Ali Rəhbər olmamışdan öncə, yəni İran-İraq müharibəsindən sonra, 1980-ci illərdə Çinə və bəzi Şərq ölkələrinə rəsmi səfərlər edib. Lakin 1989-cu ildən, yəni hakimiyyəti ələ aldıqdan sonra bir daha ölkədən çıxmayıb. 36 il ərzində bir dəfə də xarici səfəri olmayıb. Bu fakt Xameneini digər dünya liderlərindən fərqləndirir.

Nigar İXTİYARQIZI.

araz.az xəbər portalı.