
15 İyun — Qurtuluş Günü ilə bağlı indiyədək heç vaxt fikir bildirməmişəm. Çünki, həmin günlərlə bağlı çox sayda materialın açıqlanmasının bu gün də dövlətimiz üçün təhlükəli ola biləcəyini bilirdim. Bu dəfə isə, bu yazını məhz həmin gün üçün hazırlamışdım. Hərçənd, hələ də bir çox faktların açıqlanmasının mümkün olmadığını bilirəm. Lakin, yaşım və məsuliyyətim bunu tələb etdiyi üçün, mümkün olanları gələcək nəsillərə çatdırmağı özümə borc bildim.
Buna baxmayaraq, qonşu ölkələrdə baş verən faciələr fonunda bu yazını səhifəmdə paylaşmağı bir qədər təxirə saldım. Bu günə müxtəlif münasibətlərin olduğunu və bunun nədən qaynaqlandığını yaxşı bilirəm. Bu yazıda yalnız şahidi olduğum günləri və bəzi düşüncələrimi qısaca Sizinlə bölüşürəm.
Azərbaycana gəldiyim ilk gündən, – 3 aprel 1989-cu ildən, – sanki bir burulğana düşdüm. O dövrdə Respublika Prokurorluğunda işləyənlər şahiddirlər ki, həmin vaxt Prokurorluğun əməkdaşı olaraq, o zamankı Lenin meydanı (indiki Azadlıq meydanı) adlanan məkanda keçirilən bütün mitinqlərdə iştirak edir, baş verənləri canlı izləyirdim. Bu səbəbdən, işlədiyim Respublika Prokurorluğunun Məhkəmələrə nəzarət şöbəsinin rəisi – mərhum İldar Dadaşov mənə irad bildirəndə, “iş vaxtından sonra harada olmaq mənim hüququmdur. Əgər qanunsuzluq edirəmsə, məni cəzalandırın” deyirdim. Buna görə də, mənə qarşı hər hansı bir cəza tədbiri tətbiq olunmamışdı. Hətta, bir dəfə Respublika Prokurorluğunda keçirilən ümumi yığıncaqlardan birində (səhv etmirəmsə, həmin yığıncağı o vaxtlar Bakı şəhər prokuroru işləyən İsaxan Vəliyev aparırdı) çıxış edib demişdim ki, “bu dəqiqələrdə Lenin meydanında 500 mindən artıq insan mitinq edir, biz isə Prokurorluqda oturub sanki heç nə baş vermirmiş kimi davranırıq”.
Daha sonra, 4 iyun hadisələri baş verdi və Prezident Aparatının əməkdaşı kimi mən də deputatlardan ibarət İstintaq Qrupunun (Sabir Rüstəmxanlı, Mətləb Mütəllimov, Mirmahmud Fəttayev, Tahir Əliyev, Şirin Hacıkərimov, Vaqif Qasımov və b.) işçi komandasına daxil oldum. 15 iyun 1993-cü ildə mərhum Heydər Əliyev Milli Məclisin sədri seçiləndə, işçi qrupun üzvü kimi mən də Milli Məclisdə ayrılmış otaqda oturub dindirmələr aparırdım (həmin otaq, səhv etmirəmsə, Prezidentin Milli Məclisə gələndə istifadə etdiyi otaq idi). 22 iyun 1993-cü ildə Surət Hüseynovun Milli Məclisdə keçirilən iclasda Heydər Əliyevlə görüşü zamanı mən həmin otaqda korpus komandiri olmuş İsa Sadıqovu Gəncə hadisələri ilə bağlı dindirirdim. Dindirmə zamanı aramızda mübahisə düşdü. O, qəzəblə “Bu cinayətkar Heydər Əliyevlə oturub görüş keçirmək əvəzinə həbsxanaya atılmalıdır” deyirdi. Mən isə baş verənlərin onun düşündüyü qədər sadə olmadığını izah etməyə çalışırdım. Yəqin ki, İ. Sadıqovun yadındadır: Onun həyatına ciddi təhlükə olduğu üçün, həmin vaxtlar Səbayıl Rayon Polis İdarəsinin rəisi olan Nazim Yolçuyevdən xahiş edib, Sadıqovun gizli şəkildə Milli Məclisdən çıxarılıb Gürcüstana yola salınmasını təşkil etmişdim.
İyun-iyul aylarında isə, Gəncə təcridxanasında (rəisi Ramazan Ukalayev idi) Baş Prokuror İxtiyar Şirinovu, Daxili İşlər nazirinin birinci müavini Qabil Məmmədovu, Milli Təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbəri, MTN-nin Gəncə şöbəsinin rəisi Rəfail Mirzəyevi (hazırda FHN-in birinci müavinidir), Prezidentin Mühafizə Xidmətinin rəis müavini Əzizağa Süleymanovu və MTN-in demək olar ki, bütün struktur rəhbərlərini, həmçinin “Qazaxlı Alik” ləqəbli şəxsi dindirmişəm.
Həbsdə olan və faktiki olaraq Surət Hüseynovun əsirliyində saxlanılan şəxslərdən yalnız Sülhəddin Əkbər və Əzizağa Süleymanov S.Hüseynovun dövlət çevrilişi etdiyini bildirirdilər. Qalanları isə yüksək vəzifə sahibləri olsalar da qorxularından heç bir suala konkret cavab vermirdilər. Xüsusilə, Baş Prokuror İxtiyar Şirinovun özünü aparması məndə təəccüb və təəssüf hissi doğururdu. Gəncə şəhər prokuroru Hüseyn Əlixanov ev dustaqlığında olduğu üçün onu da çətinliklə tapıb hadisələrin təfərrüatını öyrənmişdim.
Oradan qayıtdıqdan sonra, Milli Məclisdə, o vaxtlar Baş nazir olmuş Pənah Hüseynovu, DİN rəhbəri mərhum Abdulla Allahverdiyevi, Müdafiə naziri Dadaş Rzayevi, Baş Qərargah rəisi Nurəddin Sadıqovu, Azərbaycanın keçmiş rəhbərlərindən olan İman Mustafayevi, həmin günlər çevrilişin təşkilatçılarından biri sayılan Rəhim Qazıyevi və digər şəxsləri dindirmişəm. Hadisələrin təşkilatçılarından olan Rəhim Qazıyevin, eləcə də Milli Məclisdə xüsusi məruzə ilə çıxış edən İ. Mustafayevin dindirilməsi isə yarımçıq qalmışdı. R. Qazıyev hadisələrin gerçəkliyini dərindən bildiyimi və dindirmə zamanı onu ifşa etdiyimi gördüyündən, prosesi yarımçıq qoyaraq qəzəblə “mən səni məhv edəcəyəm” deyib otağı tərk etmişdi. İ. Mustafayevlə də gərgin bir dindirmə keçdi.
Mən israrla, hadisə yerində — Surətin korpusunun yerləşdiyi ərazini addım-addım gəzib, onun dəstəsinə qarşı heç bir hücumun olmadığını, korpusun yerləşdiyi sahənin tamamilə hasar içində olduğunu, divarların içəriyə yox, bayıra doğru yıxıldığını, ora gəlmiş güc strukturlarının onun korpusuna deyil, əksinə, Surətin tanklarının divarları uçuraraq şəhərə çıxıb hakimiyyət qüvvələrinə hücum etdiyini bildirdim. Bundan əlavə, o günlərdə geniş şəkildə yayılmış, guya həmin ərazidə əsgərlərin yerləşdiyi kazarmanın hakimiyyət nümayəndələri tərəfindən tankla vurularaq yandırıldığı iddiasının da yalan olduğunu, kazarmanın əslində Surətin adamları tərəfindən qəsdən yandırıldığını və bunun mənim təşəbbüsümlə “AzTV” operatoru tərəfindən lentə alındığını qeyd etdim (Gəncədə və Milli Məclisdə apardığım bütün dindirmələr həmin dövrdə – tam adını dəqiq xatırlamasam da, Rauf adlı – “AzTV” operatoru tərəfindən çəkilirdi). Orada görünən o idi ki, istintaqçılar tərəfindən “alovun dili” adlandırılan, yanğın zamanı tüstünün hansı istiqamətə yönəldiyini göstərən izlər yuxarıdan aşağıya yox, aşağıdan yuxarıya doğru idi. Bu isə yanğının kazarmanın yuxarıdan vurulması ilə deyil, aşağıdan, döşəmədən başlandığını, yəni qəsdlə yandırılmasını sübut edirdi.
Ən önəmlisi isə odur ki, Milli Məclisdə çıxışı zamanı yoxlanmamış və tamamilə uydurma olan “Gəncədə 60-dan artıq insanın öldürüldüyü” iddiasını nə üçün səsləndirdiyini soruşduqda, İ. Mustafayev ayağa qalxaraq “Sən məni ittiham etmək üçün çox cavansan” deyərək dindirməni yarımçıq qoyub getdi. Halbuki, mən ona qarşı son dərəcə hörmətlə yanaşmışdım. Dindirmədən əvvəl dialoqun səmimi keçməsi üçün, məhz onun rəhbərliyi dövründə Azərbaycanda Azərbaycan dilinin dövlət dili elan olunması barədə ilk dəfə qərar qəbul edildiyini də xüsusi xatırlatmışdım.
Ən yadda qalan epizodlardan biri də dindirmə zamanı otağa daxil olub, mənə 4 iyun 1993-cü ildə guya hakimiyyət qüvvələri tərəfindən Gəncədə vətəndaş qırğını törədildiyini sübut etməyə çalışan Rəsul Quliyev və Etibar Məmmədovla aramızda baş verən dialoqdur. Bu sadəcə danışıq yox, əslində ciddi bir mübahisə idi. Hər ikisi uydurma “faktlarla” mənə öz fikirlərini qəbul etdirməyə çalışırdı, mən isə onlara Gəncədə olub hadisə yerində apardığım araşdırmalara əsaslanaraq, baş verənlərin birbaşa dövlət çevrilişi olduğunu bildirirdim. Bu mübahisə zamanı R. Quliyev mənim o dövrdə çəkdiyim ucuz “Viceroy” siqaretini göstərib, özünün istifadə etdiyi bahalı “Chesterfield” siqaretini təklif etdi. Mən isə ona “Qorxuram ki, belə bahalı siqaret çəksəm, sizin kimi hər şeyi tərsinə danışam” cavabını verdim. Etiraf edim ki, bu mübahisə zamanı R. Quliyev öz dediklərində çox da israr etmirdi. E. Məmmədov isə əksinə, özünü son dərəcə yekəxana aparır, hər şeyi bilən biri kimi davranırdı.
Rəhmətlik Heydər Əliyevdən sonra, — elə bu gün də, — bir çoxları 15 iyun hadisələrində və sonradan onun hakimiyyətə gəlməsində guya öz rollarının olduğunu iddia edirlər. Lakin həmin hadisələrin tam içində olmuş və hər bir mərhələni yaxından izləmiş biri kimi qətiyyətlə deyə bilərəm: Rəhmətlik Heydər Əliyev hakimiyyətə ancaq və ancaq öz istedadı, bacarığı və böyük siyasi təcrübəsi ilə gəldi. Bu yolda onun yeganə real dəstəkçisi isə o dövrdə canlı yayımlanan televiziya verilişləri oldu.
Əminəm ki, həmin dövrlər – xüsusilə də 1993-cü ilin iyun-avqust aylarında yayımlanan birbaşa efir verilişlərinin materialları arxivdə saxlanılır. Çox istərdim ki, həmin verilişlər təkrar yayımlansın və gənc nəsil o günlərin reallıqlarını, kimlərin kim olduğunu öz gözləri ilə görsün. Onda bu gün “at oynadanların” bir çoxunun, əslində, Rusiyanın Azərbaycanda həyata keçirməyə çalışdığı dövlət çevrilişinin dəstəkçiləri olduğu açıq-aşkar görünəcək.
Sadəcə, bir faktı diqqətinizə çatdırmaq istəyirəm: 1993-cü il avqustun 16-da Rəhim Qazıyev Milli Məclisin canlı yayımlanan iclasında Heydər Əliyevi son dərəcə əxlaqsız şəkildə təhqir etdi. Həmin gün Milli Məclisdə iştirak edən bir nəfər belə qorxusundan H. Əliyevi müdafiə etmədi. Halbuki, bir gün sonra Milli Məclisdəki çıxışımda da bildirdiyim kimi, (https://youtu.be/bPaI9of0Iuw), orada oturanların hamısı çox yaxşı bilirdi ki, ölkədə Rusiyanın dəstəyi ilə dövlət çevrilişi həyata keçirilir və onların bir çoxu bu çevrilişi bilavasitə dəstəkləyirdi.
Bu çevrilişin Rusiyanın planlaşdırdığı kimi baş tutmasının və onun namizədi olan Ayaz Mütəllibovun hakimiyyətə qayıtmasının qarşısını isə məhz rəhmətlik Əbülfəz Elçibəyin Heydər Əliyevi Bakıya dəvət etməsi aldı. Milli Məclisə sədr seçilən H. Əliyev isə, siyasi bacarığı ilə həmin çevrilişin dəstəkçilərini bir-bir siyasi səhnədən uzaqlaşdırdı və Rusiyanın planlarının qarşısını alaraq, ölkəmizin müstəqilliyini qorudu.
Bu yazımda, xüsusilə də uzun illər ərzində, — 1993-cü ildən başlayaraq, — əslən türk, Avstriya vətəndaşı olan Həsən Tokudan tutmuş, mərhum Heydər Əliyevə qarşı həyata keçirilmiş sui-qəsdlərlə bağlı fikirlərimin Sizin üçün də maraqlı olacağını düşünürəm. Həsən Tokunun işi ilə başlayan, daha sonra 1994-cü ildə H. Əliyevə və onun yaxın çevrəsinə qarşı törədilmiş sui-qəsd cəhdləri, sonralar “Generallar” və “Omonçular” işi kimi tanınan cinayət işləri, Prezident H. Əliyevin Ukrayna Prezidenti Kuçma ilə birlikdə Qaqarin körpüsü üzərindən keçərkən planlaşdırılan partlayış və sair bu qəbildən olan hadisələrin, demək olar ki, əksəriyyətində ya birbaşa vəkil kimi iştirak etmiş, ya da müxtəlif yollarla bu işlərlə tanış olmuşam.
Bu gün qətiyyətlə deyə bilərəm ki, həmin sui-qəsdlərin hamısı gerçək olub. Uzun illər cəmiyyətə bu hadisələrin guya uydurma, qurma olması ilə bağlı aşılanan fikirlərin əksəriyyəti ya qərəzdən, ya da yanlış məlumatlara əsaslanıb. Mən bu işlərlə hər dəfə tanış olanda, bir daha Uca Allahın mərhum Heydər Əliyevi necə qoruduğunun şahidi olmuşam. Elə məqamlar olub ki, bu hadisələrlə birbaşa tanış olmayan şəxs baş verənlərə inanmaz.
15 iyun 1993-cü ilin ölkəmiz üçün əslində nə qədər mühüm və tarixi bir gün — bir bayram olduğunu biz yalnız illər sonra, bütün arxivlər açılanda, xüsusilə DTK (KQB) arxivləri və həmin dövrün prosesləri cəmiyyətə tam aydın olanda daha dərindən anlayacağıq. Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, Qarabağın azad edilməsi və ölkəmizin beynəlxalq arenadakı mövqeyinin təməli məhz o günlərdə qoyulub.
Uca Allahın köməyi ilə xatirələrimi qələmə almağa imkanım olsa, həmin dövrlə bağlı xatirələrimi daha geniş şəkildə, dəqiq və konkret faktlarla qələmə alacağam ki, gələcək nəsillər bu günə hansı çətinliklərlə gəlib çatdığımızı, ölkəmizdə baş verən faciələrin təkcə qonşu dövlətlər tərəfindən deyil, həm də bu günlərdə “meydan sulayan” bəzi satqınların səbəbi ilə baş verdiyini görsünlər. İnanıram ki, bu yazımda çox qısa şəkildə toxunduğum faktlar belə, gələcək nəsillərin yaxın tariximizi bilmələri üçün faydalı olacaq.
Bu dövrlərdə hadisələrə obyektiv yanaşmağım təkcə daim ədalətli olmağa çalışmağımla baglı deyil. Burada bir neçə faktın həlledici rolu var. Ən başlıcası, Azərbaycana 1989-cu ildə gəlməyim və ona qədər bu ölkə ilə heç bir şəxsi əlaqəmin olmaması — burada mənim fikrimə təsir edə biləcək nə qohumlarım, nə də dostlarımın olmaması faktoru. İkinci mühüm amil odur ki, Azərbaycanda yaşadığım illər ərzində heç bir siyasi və ictimai təşkilatda təmsil olunmamışam. Üçüncüsü isə — burada artıq 36 il yaşamış olsam da, hələ də heç bir “kruq”da, klanda yer almamışam. Bu isə daha çox şəxsiyyətimlə bağlıdır. Bu illər ərzində həm özümə, həm də ünsiyyətdə olduğum insanlara qarşı yüksək tələbkarlıq göstərmişəm.
Aslan İSMAYILOV,
hüquqşünas.
P.S. Yəqin çoxlarınız fikirləşəcəksiniz ki, İran — İsrail, Rusiya —Ukrayna müharibəsi, yüz minlərin həlak olduğu, şəhərlərin, vilayətlərin viran olduğu məqamda bu yazının yeridirmi?! Bəli, məhz elə indiki dönəmdə biz müstəqilliyimizin hansı faciələrlə əldə etdiyimizi bilməli və var gücümüzlə qorumalıyıq. Əminəm ki, tarix gec, tez hamıya haqq etdiyini verir. Bu ağır günlərdə Allah müstəqilliyimizi əbədi, sarsılmaz etsin!
araz.az xəbər portalı.