“Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevə məxsus “Azenco” ASC-də ciddi maliyyə problemləri yaranıb. Arazpress.com bildirir ki, şirkətdə çalışan əməkdaşların Tendensiya.com-a verdiyi məlumaya görə, üç aydan artıqdır ki, maaşların ödənilməsində gecikmələr müşahidə olunur.

Məlumata görə, problemin əsas səbəbi “Azərenerji” ASC tərəfindən görülmüş işlərə görə “Azenco”ya ödənilməli vəsaitlərin vaxtında köçürülməməsidir. Mənbələrin iddiasına əsasən, hazırda “Azərenerji”nin şirkətə təxminən 15 milyon manat borcu var.

Qeyd edək ki, 2018-ci ildə Balababa Rzayevin “Azərenerji” ASC-yə rəhbər təyin olunmasından sonra “Azenco”nun əvvəlki illərdə aldığı iri həcmli layihələrin sayı əhəmiyyətli dərəcədə azalıb. Gəlirliliyi yüksək olan layihələr Balababa Rzayev öz şirkətlərinə verir, daha mürəkkəb və xərc tutumlu işlər isə əsasən “Azenco”ya həvalə olunur.

Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən enerji layihələrində bu vəziyyətin daha qabarıq hiss olunur. Şirkətdə çalışanlar bildirir ki, ödənişlərin gecikdirilməsi “Azenco”nun maliyyə imkanlarını zəiflətməklə yanaşı, peşəkar kadrların da şirkətdən uzaqlaşmasına səbəb olur.

araz.az xəbər portalı.