
Səhiyyə sisteminin “kar” bürokratiyası: İki xəstəxana arasında qalan səssiz dünya və pozulan hüquqlar
Həyatın ən ağır sınaqlarından biri səssizlikdir — Dünyanın bütün rənglərindən, doğmalarının səsindən məhrum olmaq, ömür boyu heç bir səsi eşitmədən yaşamaq…
Bərdə rayonunun Uğurbəyli kənd sakini, 2008-ci il təvəllüdlü Nuruşov Sənan Vüqar oğlunun taleyi məhz bu səssizliklə möhürlənib. O, dünyaya göz açdığı gündən bəri anadangəlmə hər iki qulağından tamamilə məhrumdur. Tibb dilində desək, onda IV dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı var. Yəni, Sənan tamamilə kardır. Elə bu amansız və inkaredilməz diaqnoza görədir ki, o, hərbi xidmətə də aparılmayıb. Dövlətin qanunları bu cür ağır xəstəliyi olan gənclərin statusunu və hüquqlarını aydın şəkildə müəyyən etsə də, yerlərdəki bürokratiya, məsuliyyətsizlik və məmur soyuqluğu bu ailənin həyatını cəhənnəmə çevirib.
Sənanın atası Nuruşov Vüqar Yedigar oğlu artıq aylardır ki, oğlunun qanuni haqqı olan əlillik dərəcəsinin təyin edilməsi üçün dövlət xəstəxanalarının qapısında qul kimi gözlədilir. Arazpress.com vasitəsilə Azərbaycan Respublikasının səhiyyə naziri cənab Anar Bayramova müraciət edən çarəsiz ata, rəsmi qurumların yaratdığı süni maneələrdən, qanunsuz süründürməçilikdən və vətəndaşı heç nəyə saymayan yanaşmadan cana yığıldığını bildirir.
Diaqnoz var, rəsmi rəy var, bəs bu dövlət müəssisələrində vicdan haradadır?
Hər şey bu ilin may ayında ailənin əlillik dərəcəsinin qiymətləndirilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciəti ilə başlayıb. Xəstəxananın göndərişi ilə 25 may 2026-cı il tarixdə Respublika Diaqnostika Mərkəzində BERA müayinəsindən keçən Sənana dəqiq və inkaredilməz diaqnoz qoyulub: ağır dərəcəli eşitmə itkisi. Lakin bu rəsmi tibbi rəy belə Bərdə Həkim-Məsləhət Komissiyasını (HMK) qane etməyib. Aylarla davam edən sənəd yığımından, get-gəllərdən sonra, sentyabrın 22-də xəstə gənci yenidən Mingəçevirə müayinəyə göndəriblər.
İnsafı, vicdanı olan hər kəs sual edir: Hər iki qulağı tamamilə kar olan, bu barədə əlində Respublika Diaqnostika Mərkəzinin rəsmi rəyi olan bir gənci şəhər-şəhər sürüməyin adı nədir?!
Mingəçevirdəki müayinələr də başa çatıb və oktyabrın 5-də bütün sənədlər Forma 88-in (tibbi göndərişin) rəsmiləşdirilməsi üçün Bərdə HMK-ya təslim edilib. Komissiya üzvləri ataya sənədlərin qısa müddətdə sistemə vurulacağını vəd etsələr də, üstündən bir ay yarım vaxt keçib, lakin elektron sistemdə hələ də heç bir qeyd yoxdur. Sənədləri sadəcə olaraq xəstəxana künclərində toz basır!
“Bizi futbol topu kimi oynadırlar”
Vüqar Nuruşovun sözlərinə görə, indi hər iki xəstəxana məsuliyyəti bir-birinin üzərinə ataraq, acınacaqlı bir tamaşa nümayiş etdirir:
“Bərdə Mərkəzi Xəstəxanasına gedirik, deyirlər ki, göndəriş Mingəçevirdən rəsmiləşdirilməlidir. Mingəçevirə müraciət edirik, deyirlər ki, xeyr, Bərdə xəstəxanası bunu etməlidir. Biz iki şəhər, iki xəstəxana arasında qalmışıq. Bizi sadəcə futbol topu kimi oynadırlar. Oğlumun nə səsləri eşidən qulağı var, nə də bu bürokratik oyunlara dözəcək canı və sağlamlığı”.
Qanunvericiliyin tələblərinə əsasən, Forma 88 vətəndaşın qeydiyyatda olduğu və ilkin müraciət etdiyi rayonun tibb müəssisəsi tərəfindən elektron sistemə daxil edilməlidir. Lakin görünən odur ki, bu xəstəxanaların rəhbərliyi və komissiya üzvləri üçün vətəndaşın taleyi, onun qanuni haqları yox, kağız-kuğuz oyunları və məsuliyyətdən qaçmaq daha önəmlidir. Bu amansız gecikmə isə 18 yaşlı Sənanın reabilitasiya, sosial təminat və qanunla nəzərdə tutulmuş digər fundamental hüquqlarını birbaşa əlindən alır, onu dövlətin verdiyi sosial yardımlardan məhrum edir.
REDAKSİYADAN:
Bu açıq qanunsuzluğa son qoyulmalıdır!
Biz, redaksiya olaraq bildiririk: Bir vətəndaşı, xüsusilə də fiziki məhdudiyyəti tam sübuta yetirilmiş bir gənci və onun atasını iki xəstəxana arasında “futbol topu” kimi oynatmaq sadəcə bürokratik gecikmə deyil, bu, açıq-aşkar qanunsuzluq, vicdansızlıq və dövlətin səhiyyə siyasətinə kölgə salmaqdır! Bərdə və Mingəçevir Mərkəzi Xəstəxanalarının Həkim-Məsləhət Komissiyaları qanunun tələblərini bilmirsə, oxusunlar: Forma 88-in rəsmiləşdirilməsi birbaşa vətəndaşın qeydiyyatda olduğu müəssisənin öhdəliyidir. Kim kimdən rüşvət, nəqliyyat xərci və ya hansısa maraq güdür ki, bu sənədi bilərəkdən sistemə daxil etmir?!
Sənanın səssiz dünyasına səs olmaq, bu haqsızlığı ifşa etmək bizim mətbuat olaraq borcumuzdur. Biz səhiyyə naziri cənab Anar Bayramovdan və TƏBİB rəhbərliyindən tələb edirik:
Bu rəzalətə dərhal son qoyulsun! Bərdə və Mingəçevir xəstəxanalarında vətəndaşları incidən, işinə səhlənkar yanaşan məmurlar barəsində ciddi intizam tədbirləri görülsün və Nuruşov Sənan Vüqar oğlunun Forma 88 sənədi 3 gün ərzində elektron sistemə (“Əlillik” altsisteminə) daxil edilsin.
Cənab Nazir, bu bir atanın son ümid fəryadıdır və biz inanırıq ki, Sizin sərt müdaxiləniz bu “kar” bürokratiyanın divarlarını uçuracaqdır. Mövzu redaksiyamızın xüsusi və daimi nəzarətindədir. Sənəd sistemə vurulana qədər bu məsələni ictimaiyyətin gündəmindən düşürməyəcəyik!

araz.az xəbər portalı.