
Bir vaxtlar əksəriyyətin inanmadığı İsrailin İrana genişmiqyaslı hücumları başladı. İndi isə, hərə bunu istədiyi tərzdə yozur. Böyük güclərin amansız qarşıdurması alovlanır, Cənubi Qafqazda böyük savaş başlayır, İsrail dünyanı müharibəyə sürükləyir, yaxın günlərdə hər iki tərəfi “sürprizlər” gözləyir, İran daxilində elə oyunlar başlayır ki,.. deyənlər öz hikkəli iddialarındadır.
Baxmayaraq ki, Azərbaycan Respublikası hazırkı mərhələdə İrandakı soydaşlarımızın münaqişənin qurbanına çevrilməsinə laqeyd yanaşmır. Artıq rəsmi Bakı müxtəlif diplomatik kanallar vasitəsilə İsrail rəhbərliyinə soydaşlarımızın yaşadığı yaşayış məntəqələrinin hərbi hədəfə çevrilməməsi, mülki infrastruktura və dinc əhaliyə zərər verilməməsi ilə bağlı tarixi müraciət ötürsə də, ictimaiyyət indiyədək reallıqdan doğan əsl həqiqətlərin həsrətindədir.
Bunu nəzərə alan tanınmış ictimai xadim Vaqif Abdullayev böyük savaşla bağlı özünün Facebook səhifəsində yaydığı yazısını başqa tərzdə qələmə alıb.
Bu yazını Arazpress.com-un dəyərli oxucularının diqqətinə çatdırırıq:
“İran və İsrail arasında getdikcə gərginləşən münaqişə bütün region ölkələrinin, o cümlədən Azərbaycanın da narahatlığına səbəb olmaqdadır. 40 milyondan çox soydaşımızın yaşadığı Arazın o tayında baş verənlər, sözsüz ki, bizi narahat etməyə və qayğılandırmaya bilməz.
Əslində, baş verənlər gözlənilən idi. Çünki 46 ildir regionda terror və nifrət toxumu yayan İran mollakratiyası, dini teokratik işgəncə üsul-idarəsi çox yaşaya bilməz. Mövcud durum da İranda hökm sürən ayətullah şovinizmi ilə bağlıdır və qabaqcadan düşünülən planlar əsasında baş verənlər bu murdar üsul-idarənin darmadağın edilməsinə yönəlib.
Əlbəttə, biz, İran dövlətinin və onun xalqının ağır fəlakətlərin qurbanı olmasının qətiyyən tərəfdarı deyilik. Etnik tərkibi rəngarəng 80 milyondan çox əhalisi və böyük coğrafiyaya malik olan bu dövlətin bütövlüyünə və toxunulmazlığına qarşı cəhdlər yolverilməzdir. İranda ancaq və ancaq fars dini rejiminin, zəhərli ictimai təfəkkürün, işgəncə mühitinin və şarlatan idaretmə tərzinin dəyişməsi olduqca vacibdir.
Bəli, 46 ildir davam edən Xomeyni və Xamenei dini radikalizminin yetişdirdiyi dövlət təfəkkürü ölkəni dünya sivlizasiyasından, demokratik dəyərlərdən, inkişaf və qlobal inteqrasiyadan birmənalı şəkildə təcrid edib. Mütləq cəhalətizim və mollakratiya buradakı xalqlarla bərabər, başqa ölkələrin vətəndaşlarının da təhlükəsizliyinə və rifahına təhdidə çevrilib. İsrail dövlətini yer üzündən silməyi dövlət strategiyası kimi qəbul edən Tehran teokratizminin zehniyyəti ilə, bu dövlət heç vaxt irəli gedə bilməz və gec-tez məhvə məhkumdur.
Bu murdar dövlət zehniyyəti illərdir Azərbaycana qarşı da yönəlib və vurduğu zərbələriylə sağalmaz yaralar açıb. Ayətullah sülaləsinin hakimiyyətdə olduğu 46 ilin 16 ili sovetlər dövrünə təsadüf etsə də, böyük bir tarixi mərhələ — 30 illik dövr müstəqil Azərbaycan Respublikası ilə münasibətlərlə bağlıdır. Çox təəssüf ki, bu 30 ildə mollakratiya Azərbaycanımızın suverenliyinə və sabiltliyinə qarşı ən çirkin oyunlardan və törətdiyi təxribatlardan əl çəkməyib.
Aşağıda sadaladıqlarım yuxarıda qeyd etdiklərimin qısa xronikasıdır:
— Enerji sərvətlərinin mədəni olan Xəzərə Mazandaran deməklə, Azərbaycanın dəniz suverenliyinə göz dikib. Hətta neft yataqlarımızın üzərinə döyüş təyyarələri də qaldırıb;
— 30 il ərzində Qarabağdakı milli sərvətlərimizi erməni daşnakları ilə birgə talayıb;
— Türk sözünə nifrət etdiyinə görə, 40 milyondan çox yerli azəri türkünün çoxəsrlik tarixini saxtalaşdıraraq, türk adlarını farslaşdırıb və soydaşlarımızın öz ana dillərində təhsil almalarını qadağan edərək, milli oyanışın qarşısnı ala bilib;
— Dəhşət ondadır ki, hətta Cənubi azərbaycanlılara aid yer adlarını erməniləşdirməyə imkan yaradıb;
— Qum, Məşhəd və digər şəhərlərə cəlb etdiyi Azərbaycan vətəndaşlarını xurafata sürükləyərək, onları terrorçu kimi yetişdirməklə, dövlət çevrilişlərinə və müxtəlif qanlı insidentlərə qoşub;
— “Gərmə — Kərimə” dövləti qurmaq iştəhası altında, Azərbaycanın dövlət suverenliyini dəfələrlə təhdid edib;
— Daha bir dəhşət ondan ibarətdir ki, Tehrandakı səfirliyimizin əməkdaşını qətlə yetirməkdən belə çəkinməyib;
— “Zəngəzur bizim qırmızı xəttimizdir!”, — deyə, işğalçı Ermənistanla ölkəmizə qarşı işbirliyi qurmaqdan da çəkinməyib;
— …
Bir daha qeyd edirəm ki, elə bunlara görə də, 46 ildir ayətullah təfəkkürü ilə xalqları zirzəmi şəraitində saxlayan amansız və vicdansız bir rejimin mütləq və mütləq sonu olmalıdır. Bir də ki, mollakratiyanın daha tez hakimiyyətdən əl çəkməsi ilə, İran İslam Respublikasının yeni demokratik, bütün xalqların azadlıq və bərabərlik şəraitində yaşadığı bir dövlətə çevrilməsi təmin oluna bilər.
VAQİF ABDULLAYEV.
araz.az xəbər portalı.