Ölkə mətbuatı ilə bərabər, Arazpress.com saytının az öncə verdikləri xəbərə görə, bu gün Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bərabər, onun birinci müavini Elbrus Tağıyev və digər müavini Vəfa Heydərova da həbs olunublar. 

Xəbərdə o da bildirilirdi ki, Elbrus Tağıyev cəmi 1 il əvvəl bu vəzifəyə təyin olunub. O, əvvəllər başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Vəfa Heydərova isə, icra başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub.

Arazpress.com-un əldə etdiyi son xəbərə görə, bu əməliyyat zamanı 9 nəfər saxlanılıb. Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov və Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır.

Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və verilən səlahiyyətləri aşmada ittiham olunurlar.

Mövzu diqqətimizdədir və davamı olacaq. Çünki deyilənlər barədə ictimaiyyəti maraqlandıran çox məqamlar var. 

 

araz.az xəbər portalı.