
İsrailin rusdilli AVIV telekanalının Baş redaktoru, ölkənin rusdilli “Sputnik” qəzetinin rəhbəri, politoloq Mark Qorin “Təzadlar”ın bir sıra suallarını cavablandıraraq, İsrail — İran müharibəsi ilə bağlı bəzi dünya ölkələrində, xüsusən də Rusiya, Türkiyə və İran mediasında yayımlanan bir çox məlumatların tamamilə təhrif edildiyini bildirdi. Müsahibə vatsap üzərindən götürülüb, geniş, eləcə də rus dilində olduğundan hazırda tərcüməsi aparılır və ardıcıl təqdim olunur.
Hələlik, “Təzadlar” kimi, Arazpress.com da müsahibənin ən vacib məqamını dəyərli oxucularına təqdim edir:
Mark Qorin Bakıda doğulub, uzun illər Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olduğundan, ilk sualımız da sağlamlığı ilə bağlı oldu:
— Cənab Mark Qorin, salam, necəsiniz?
– Çox təşəkkür edirəm…
— Sağlamlıq durumunuz da, Allaha şükür, hiss olunur yerindədir… Deyəsən, bu müharibə Sizi ruhdan salmayıb, səsinizdən hiss edirəm, gümrahsınız…
– Mənim 77 yaşım var, amma müharibə, əksinə, İsrailin uğurlu hərbi əməliyyatları ruhumu bir az da möhkəmlədib. İranın pərakəndə, necə gəldi atdığı raketlər isə biz tərəflərə gəlib çıxmayıb… Ona görə də elə bir təhlükə də hiss etmirəm. İkincisi də, İranın raketləri biz tərəfə necə gəlib çıxsın axı?! Bir neçəsi Təl- Əvivin kənarına düşmüşdü, qalanları isə İsrailin Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən elə göydə olarkən məhv edilmişdir…
– Cənab Qorin, bəzi xarici ölkə mediasında yazırlar ki, guya İsrail artıq məhv edilməkdədir, diz çökür, Təl- Əviv yer üzündən silinməkdədir və s. Bu cür məlumatlar Azərbaycan ictimaiyyətində narahatlıq doğurmaya bilmir… Bu nə dərəcədə həqiqətə uyğundur? Əsl hıqiqəti sizdən eşitmək istərdik… Ümumiyyətlə, bu müharibədə İsrailin əsas məqsədi nədir?
– Əvvəla, “Təzadlar” qəzetinin və saytının kollektivinə, oxucularına mənim salamımı çatdırın. Narahat olmayın, İsrail bu müharibəyə başlayanda nəyi, nə vaxt və necə etməyi yaxşı planlamışdı. Necə ki, cənab Prezidentimiz, mən həmişə belə deyirəm, İlham Əliyev Qarabağda Ermənistan ordusunun işğalına son qoyulması üçün hərbi əməliyyata başlayanda belə də demişdi… Bəli, bu gün İsrailin qarşısında 3 əsas məqsəd durur: birincisi, İranın nüvə arsenalını məhv etmək! Bilirsiniz ki, ABŞ da bu gündən İsrail-İran müharibəsinə qoşuldu, özü də dəfələrlə İran hakimiyyətinə xəbərdarlıq edərək ki, nüvə enerjisi ilə bağlı zənginləşdirməni dayandır, bu bölgəyə yeni təhlükə və hədə deməkdir. Eşitmədilər… Ona görə də Tramp əmr verdi, səhər saatlarında İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə ağır bomba zərbələri endirildi. Bunun üçün ABŞ- ın xüsusi raket zərbələri endirən qırıcılarından istifadə edildi. İranın Fordo bazası darmadağın edildi. Tramp Ağ Evdən xalqa müraciət edərək bu əməliyyatı “böyük hərbi uğur” adlandırdı və İranı “Yaxın Şərqdə terrorizm yuvası” kimi təqdim edərək İsraillə sülh sazişi imzalamağa dəvət etdi. Ən gülməli məsələ odur ki, İran hakimiyyəti məsuliyyətini başa düşmək əvəzinə feyk məlumat yaydı ki, guya Fordo nüvə mərkəzi bu bombalanmadan xeyli əvvəl başqa yerə köçürülüb. Bu doğru deyil, ABŞ kəşfiyyatı hər şeyi nəzarətdə saxlayırdı və sual olunur: əgər ABŞ sputniklə bu nüvə mərkəzinin yerini dəqiq müəyyən edib nəzarətdə saxlayaraq onu yerin təkində belə darmadağın edirsə, necə olur ki, bu FORDO mərkəzi harasa köçürülür, amma ABŞ kəşfiyyatı bunu görmür…
– Cənab Qorin, bir sual hamını düşündürür. Deyilənə görə, İranın nüvə mərkəzləri yerin dərin qatındadır, ABŞ- ın məlum bombaları isə bu dərinliyə nüfuz edə bilmir. Hətta bəzi əcnəbi ekspertlər, yaxud medialar yazır ki, guya tunelin dərinliyi bəzi hallarda kilometrə çatır və s.
– Mən sualınızı anladım. Əvvəla, dünyada ən dərin tunel təxminən 1 km- dir, o da İranda deyil… İkincisi, ABŞ və İsrail kəşfiyyatı müəyyən edib ki, İranın nüvə mərkəzləri yerin təxminən 90-100 metr dərinliyindədir. ABŞ- ın bu dərinlikdəki mərkəzləri vurmaq üçün bu əməliyyatda istifadə etdiyi raket- bombalar isə təxminən 60 metr dərinliyə gedib çatır. Amma sonra həmin bombalar 60 metrdə partlayanda 100 metrdən də dərinlikdəki obyekti darmadağın edir… Mən İsrailin sabiq hərbi kəşfiyyat polkovniki ilə söhbət etdim, o bunları mənə detallarınadək izah etdi… Ona görə də, İran hakimiyyəti nə deyir, bu başqa məsələdir, amma faktdır ki, o mərkəzlər artıq vuruldu…
– Cənab Qorin, həmin polkovnikin adı nədir?
— O, daim bu barədə mətbuatda şərhlər verir, mövqeyini bildirir…
— Soyadı necədir, əgər sirr deyilsə…
– Adı Mark Babot… O, İsrailin sabiq Baş Qərərgah polkovnikidir, çox nüfuzlu hərbi mütəxəssisdir…
— İran və Türkiyə, Rusiya mediası isə yazır ki, İranın raket zərbələri ilə Təl- Əviv oda bülənib, çoxsaylı ölənlər var. Müharibədə belə təbliğat olur, amma siz mərkəzdə yaşayırsınız, real vəziyyət necədir?
— Videobağlantı etsəniz, mən sizə yaşadığım bu əraziləri canlı göstərərdim… Elə şey yoxdur. Mən sizə deyim: müharibənin ilk günündə İsrail kəşfiyyatı elə işlədi ki, bir əməliyyatla İranın ona yaxın hərbi generalları öldürüldü, özü də yaşadığı mənzilində. Amma onların ailələrinə, yaxud, ümumiyyətlə, İranda mülki əhaliyə ziyan dəymədi, mülki obyektlər vurulmadı, hədəfə alınmadı. Bütün zərbələr İranın hərbi obyektlərinə endirildi. Mən sözümə başımla cavabdehəm, dəqiq deyirəm ki, indiyədək İranın hara gəldi atdığı raketlərdən İsraildə cəmi 25 mülki əhali həlak olub, aralarında yaşlı insanlar, qadın və uşaqlar var. Niyə? Çünki onlar özlərini vaxtında sığınacaqlara çatdıra bilməmişdilər. Amma İsrailin dəqiq zərbələri ilə İranın hərbi sənaye kompleks və obyektlərində lazımi qədər ölənlər var. Təkrar edirəm, İsrail hara gəldi raket atmır, dəqiq ölçüb- biçib hərbi obyektləri vurur…
— İran mediasında yazıldı ki, İsrailin ABŞ- dan alınan ən bahalı qırıcısı vurulub…
– Doğru deyil, yalandır. Əvvəla, hərbi təyyarələrdə ekipaj olur, belə bir şey olsaydı, çəkib göstərərdilər… Yoxdur, ikincisi, həlak olan ekipajın ailəsi, qohumları, dostları və s. bu barədə yazardı, təəssüflənərdi. İndi əvvəlki zaman deyil, sosial şəbəkələr də dəqiq işləyir, nə olur, dərhal çəkib paylaşılır…
– Cənab Mark Qorin, bir sual da vermək istəyirəm. İsrail hakimiyyəti bilirmi ki, İranın Azərbaycanla sərhəd bölgəsində 40 milyona yaxın azərbaycanlılar yaşayır.
– Əlbəttə, bilirlər…
– Demək istəyirəm, nəzərə alınırmı ki, raket zərbələri bu ərazilərdə yaşayan azərbaycanlılardan uzaq olmalıdır…
(Davamı var)
Dinlədi: Elçin MƏMMƏDLİ
Tərcümə ilə təqdim etdi: Asif MƏRZİLİ
araz.az xəbər portalı.