
Bu gün ədalətli mövqeyi, yüksək mənəvi keyfiyyətləri və jurnalistikaya sadiqliyi ilə tanınan qələm sahibi, “Azərbaycan” qəzetinin əməkdaşı Daşdəmir Əjdəroğlunun 60 illik yubiley günüdür. Bu əlamətdar tarix yalnız bir ömrün təqvim üzərindəki göstəricisi deyil – bu, eyni zamanda zəhmətlə yazılmış şərəfli bir həyat salnaməsinin növbəti fəslidir.
Daşdəmir Tağıyev 1965-ci ildə İsmayıllı rayonunun qədim Basqal qəsəbəsində dünyaya göz açıb. Azərbaycan mədəniyyətinin rəmzinə çevrilmiş kəlağayı sənətinin beşiyində boya-başa çatmış bu insan təkcə doğulduğu yurdun yox, bütövlükdə ölkə jurnalistikasının da üzünü ağ edən fədakar qələm adamlarındandır.
O, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Əmək fəaliyyətinə mətbuatın “mətbəxində” – korrektura işindən başlayıb. “Ədalət” qəzetində məsul katib kimi çalışıb, bu gün isə Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində fəaliyyətini davam etdirir. Daşdəmir müəllim jurnalistikanı təkcə peşə deyil, həm də missiya olaraq qəbul edir – bu missiyanı isə həm dürüst sözü, həm vicdanlı mövqeyi ilə uğurla daşıyır.
Minlərlə publisistik məqalənin, çoxsaylı kitabların müəllifi və redaktorudur. Onun imzası – səliqə, məsuliyyət və dərin daxili mədəniyyət deməkdir. Ədəbi dilə, milli dəyərlərə və insani münasibətlərə yüksək səviyyədə riayət edən Daşdəmir Əjdəroğlu həm də yetişməkdə olan gənc jurnalistlərə örnəkdir.
Onun zəhmətkeşliyi, insanlara münasibətdə ədalətli və səmimi davranışı, eləcə də hər bir yazıya göstərdiyi məsuliyyət təkcə peşəkarlıq deyil, şəxsiyyət mədəniyyətidir. Yaxınları, dostları onu sadəcə jurnalist kimi yox, həm də dürüst və təmkinli insan kimi tanıyır, dəyərləndirirlər.
Daşdəmir Əjdəroğlunu bu möhtəşəm yubiley münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, ruh yüksəkliyi, qələminə davamlı ilham və daha uzun illər boyu Vətən və xalq naminə səmərəli fəaliyyət arzulayırıq.
Yubileyin mübarək, Əjdəroğlu — Tağıyev!
EŞQ OLSUN!
Yusif MƏHƏMMƏDOĞLU
araz.az xəbər portalı.