Rusiyadakı soydaşlarımızın birliyi naminə yorulmadan çalışan fəal diaspor qurumları rəhbərləri arasında adı həmişə öndə çəkilən Mirkazım Seyidov Azərbaycan xalqına, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı möhtərəm İlham Əliyev cənablarına və əlində silahı, ürəyində Vətən sevgisi ilə keşiyimizdə duran müzəffər ordumuzun bütün hərbiçilərinə Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Öncə təbrikində xüsusi olaraq onu vurğulayıb ki, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun şərəfli tarixinə yüksək qiymət verərək, dəfələrlə bu tarixdən bəhrələnməyin vacibliyinə toxunub.

“Ulu Öndər həmişə qeyd edirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində min illərdən süzülüb gələn milli iradənin səsinə qulaq verməklə, Milli Ordu quruldu. Bu yalnız hərb tariximizdə yox, millətimizin varlığında bir dönüş nöqtəsinə çevrildi.

Məhz Ulu Öndərin 1998-ci ilin may ayının 22-sində imzaladığı Sərəncamla iyunun 26-sı — həmin dönəmdə Əlahiddə Azərbaycan korpusunun yaranma günü Azərbaycan Silahlı Qüvvələri Günü elan edildi. Bu gün doğma Vətəni qorumağın, onu sevməyin, ona sahib çıxmağın ən gur səslə bəyan edildiyi şanlı bir tarixdir.

Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü hər il 26 iyun tarixində qeyd olunur və həmin gün qılınc kimi iti, sədaqət kimi möhkəm ordunun bayramı olaraq yüksək səviyyədə keçirilir. Həm də ona görə ki, bu gün ölkənin hərbi tarixində xüsusi yer tutur və Azərbaycan ordusunun formalaşması, inkişafı, suverenliyimizin müdafiəsi yolunda göstərilən qəhrəmanlıqların rəmzinə çevrilib. Bəli, qürurlu tarixə malik Azərbaycan Ordusu bu gün özünün ən şanlı mərhələsini yaşayır. Şanlı keçmişimizdən miras qalan döyüş ruhu silaha çevrilib və xalqımıza möhtəşəm qələbələr qazandırır. Çünki bu ordu, təkcə silah tutan əllərdən deyil, azadlıq istəyən ürəklərdən yoğrulub”, — təbrik müəllifi qürur və fəxarətlə qeyd edir.

Mirkazım Seyidov təbrikini davam etdirərək bildirir ki, Ümummilli Liderin bu önəmli dövlət strategiyasının arxasında da onun layiqli varisi Ali Baş Komandan, Prezident İlham Əliyev dayandı:

“Möhtərəm Prezidentimiz yalnız dayanıqlı ordu qurmadı, həm də yeni hərbi doktrina, yeni texnologiya fəlsəfəsi və strateji düşüncə yaradan bir rəhbərə çevrildi. İndiki yenilməz Milli Ordunun əsasını o atdı. Onun liderliyi ölkəmiz üçün təkcə silah yox, sarsılmaz iradə və zəfər ruhu yaratdı. Bu, 30 il düşmən tapdığı altında inləyən Qarabağımızı azad etdi. Təkcə mənfur düşmən işğalından yox, ədalətsizliyin, susqunluğun və təzyiqlərin əsarətindən qurtardı bizi. 

Nəticədə, İlham Əliyevin komandanı olduğu Milli Ordu böyük bir regiondakı güc mərkəzlərinə qarşı dayandı, onların yaratdığı bir blokun siyasi-texnoloji təzyiqlərinə, işğalda birbaşa iştirakına  baxmayaraq, Azərbaycan Ordusu qalib gəldi. Tarixin özü də göstərir ki, məhz əsrlər boyu bu xalqı ağır məngənə arasında sıxan bu güclər hazırda pərən-pərəndi, dağılır və parçalanır. Həmin proseslərin bazasının qoyulmasında da, Ali Baş Komandanımızın rəhbərliyi altındakı Milli Ordumuzun böyük rolu olub”.

Təbrik məktubunda Mirkazım Seyidov onu da yazır ki, bu möhtəşəm qələbədə gənclərimizə örnək qəhrəman şəhidlərimizin və qazilərimizin rolu da danılmazdır. İgid oğullarımız qanları-canları bahasına ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəyə də qalxıb. 44 günlük Vətən Müharibəsinin inanılmaz nəticəsini ortaya qoyub:

“Müharibə vaxtı çox qorxu, həyəcan, stress keçirsək də, möhtərəm cənab Prezidentin xalqı “Dəmir yumruq” kimi birləşdirən və düşmən başına endirilən ağır zərbəyə çevrilən “Qarabağ Azərbaycandır!” ifadəsi bütün dünya azərbaycanlılarının milli qürur, fəxarət, birlik və həmrəylik göstəricisinə çevrildi. Azərbaycanın şərəfini, qürurunu, ləyaqətini özünə qaytardı. Bu xoş günləri bizlərə yaşatdığı üçün Ona dərin təşəkkürümü və sonsuz minnətdarlığımı bir daha çatdırıram. Mən fəxr edirəm ki, Onun rəhbərlik etdiyi ölkənin vətəndaşıyam. XX əsrin qəhrəmanı Ulu Öndərimiz Heydər Əliyevdir, XXI əsrin qəhrəmanı isə cənab Ali Baş Komandandır!

Milli Ordumuz Onun rəhbərliyi altında xalqımızı həsrətində olduğu Qarabağa, işğal altındakı ata-baba torpaqlarına qovuşdura bildi. O Möhtəşəm Zəfər tarixi bir gün idi. Qəhrəman əsgər və zabitlərimizin canları-qanları bahasına qazandığı möhtəşəm Qələbə ilə erməni işğalına son qoyulurdu. Ali Baş Komandan Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi uğrunda Ümummilli Liderimiz Heydər Əliyevin başlatdığı mübarizəni layiqli şəkildə davam etdirərək, Ata vəsiyyətini yerinə yetirirdi. Üçrəngli dövlət bayrağımızı Qarabağımızda, işğaldan azad edilmiş bütün torpaqlarımızda yüksəldərək, sülhü, əmin-amanlığı bərqərar edirdi.

Bu gün Onun rəhbərliyi altında işğaldan azad edilmiş torpaqlarımızda möhtəşəm quruculuq və inkişaf salnaməsi gerçəkləşir. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri aparılır, bu ərazilərdə Ermənistan tərəfindən tamamilə dağıdılmış, məhv edilmiş həyat yenidən canlanır. İnfrastruktur bərpa edilir, yeni yaşayış məntəqələri salınır, yollar çəkilir, məktəb və xəstəxanalar tikilir. Artıq dövlətimiz tərəfindən həyata keçirilən “Böyük Qayıdış” planına uyğun olaraq, məcburi köçkünlərimiz doğma yurd-yuvalarına qayıdırlar.

Hərb və savaş meydanında olduğu kimi, diplomatiya və informasiya mübarizəsində də böyük qələbələr qazanan möhtərəm Prezidentimiz, düşmənə və onun havadarlarına ağır zərbələr vuraraq, yalanlarını ifşa edib. Buna görə Ona öz adımdan bir daha minnətdarlığımı çatdırıram”, — təbrikdə deyilir.

Diaspor fəalı özünün və xaricdəki soydaşlarımızın adından təbrik məktubunu tamamlayaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə Azərbaycan xalqını və Respublika Prezidenti möhtərəm İlham Əliyev cənablarını səmimi qəlbdən təbrik edir:

“Bir daha möhtərəm cənab Prezidenti, onun şəxsində Azərbaycan xalqını, hər bir hərbiçi oğul-qızlarımızı bu gözəl gün münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Haqqı, ədaləti bərpa edərək, əzəli və əbədi torpaqlarımızı 30 illik erməni işğalından azad etdiklərinə, Azərbaycan xalqına böyük Zəfər sevinci və qalibiyyət qüruru bəxş etdiklərinə görə Onlara — Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanına və şanlı tarix yazan rəşadətli Ordumuza dərin minnətdarlığımı bildirirəm!

Hər zaman möhtərəm Prezidentin ətrafında sıx birləşərək, yürütdüyü uğurlu daxili və xarici siyasəti daim dəstəklədiyimi bir daha bəyan edir və bundan sonra da dəstəkləyəcəyimi deyirəm.

Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirəm!

Allah möhtərəm Prezidentin komandanı olduğu Azərbaycan Ordusunu daim müzəffər etsin! Ulu Tanrı Sizi və Azərbaycanı qorusun! Yaşasın şanlı Azərbaycan Ordusu!”.

Səməndər QURBANOV, 

araz.az xəbər portalı.