Lazım gələrsə, sabah “FSB”-nin sifarişi ilə dana monopolistləri Azərbaycanın qida sektorunda nələr etməzlər?!.

Haqqında bəhs edəcəyimiz mövzu çox dərin və aktual olduğu üçün bir az uzaqdan başlamaq istəyirik.

Bir millət olaraq, içərimizdə  “Məndən ötdü qardaşıma dəydi, Elə bildim saman çuvalına dəydi”, yaxud “Öz işinin xatirinə erməniyə dayı de” fikirini özünə şüar edənlər də az  deyil. Nəinki erməniyə  DAYI, hətta “Ey mənim (u)RUS  QARDAŞIM, Sənə qurban həyat yoldaşım”  deyənlər də olub.

Rəhmətlik böyük şairimiz Məmməd Araz belələrini nəzərdə tutaraq deyirdi:

Məndən ötən, səndən ötən,            Vətən, Vətən, sənə dəydi…

Bəli, son günlər Rusiya Federasiyasının  Yekaterinburq şəhərində  hüquq-mühafizə orqanlarının azərbaycanlıların evinə basqın edərək, soydaşlarımızı vəhşicəsinə  öldürməsini cəmiyyətimiz hiddətlə qarşıladı, dövlətimiz konkret cavab addımları atdı və s., və i.

Amma çox təəssüf ki, bəzi işbazlarımız, dana alveri ilə məşğul olanlarımız  “Erməniyə, rusa dayı de” düşüncəsindən qurtula bilmirlər. Çünki onlar üçün VƏTƏN, MİLLƏT, DÖVLƏT  deyil, ancaq və ancaq CİB var, şəxsi BİZNES var.

Nə isə, keçək konkret mövzuya.

Bir media qurumu olaraq, biz dəfələrlə monopoliya, o cümlədən dana, iri buynuzlu mal-qara, qoyun biznesi ilə məşğul olanların qanunsuz-cinayət əməlləri barədə araşdırma yazıları dərc edərək, konkret tədbir görmək üçün müvafiq dövlət qurumlarına müraciət etmişik.

Bəli, şərti olaraq dana monopolistləri adlandırdığımız bu dəstə Azərbaycanda qida sektorunu öz təzyiqləri altında saxlayır, qiymətlərin dəfələrlə süni şişirdilməsini diqtə  edirlər. Baxmayaraq ki, cənab Prezidentimiz dəfələrlə süni qiymət artıranlara qarşı ciddi tədbir görülməsini müvafiq dövlət qurumlarından tələb edib. Amma təəssüf ki, bəzi qurumlar bu bir dəstə dana monopolistlərinə qarşı konkret tədbir görmür.

Belə olan halda soruşuruq: Bəs, harda qaldı qanunlarımızda qeyd olunan SAĞLAM RƏQABƏT? Bəs, nə oldu inhisarçılara qarşı mübarizə?

Belə olan halda qiymətlər kəllə-çarxa qalxır, ölkədə ciddi narazılıq yaranır. Nə olsun ki, bir dəstə dana alverçisi gündə milyonlar qazanır.

Biz bir media olaraq bir daha müvafiq dövlət  qurumlarına, Baş prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Azərbaycan Qida Təhlükəsizlik Agentliyinə. müraciət edirik.

Bu dəstənin — dana monoplistlərinin fəaliyyəti Rusiyanın Dağıstan Respublikasından başlayır.

Aydın oldumu?

Rusiyanın hüquq-mühafizə orqanları, “FSB”  və s. bu dəstənin əməllərinə göz yummasa  bu dana monopolistləri 1 gün də fəaliyyət göstərə bilməz. Deməli, sabah lazım gələrsə “FSB”-nin sifarişi ilə belə dana monopolistləri Azərbaycanın qida sektorunda nələr etməzlər?

Söhbət təkcə dana-qoyun ətindən getmir ee, milli təhlükəsizlikdən gedir…

Təsəvvür  edirsiniz, bu “DƏSTƏ”nin icazəsi olmadan kimsə Azərbaycana bir DANA, QOYUN gətirə bilməz.

Bu monoploist şəbəkə hər ay 200-dən artıq yük maşını ilə ölkəyə mal-qara gətirir. Həmin şəbəkənin göstərişi ilə məhsul ancaq “RETRO” MMC, “FATEH – M” MMC, “Aqrobest” MMC  şirkətlərinə göndərilə bilər.

Bu şəbəkənin əməllərinə göz yuman, himayədarlıq edən Rusiya tərəfinə hər maşına görə, 750.000 rubl (yəni 10.000 dollar), Azərbaycan tərəfdə isə, 5.000 manat rüşvət verilir. Əks halda, heyvan gətirən şəxsin heyvanı 30 günə yaxın həm Dağıstanda, həm də Azərbaycanda karantində qalır. 750.000 rub ödəyəndə Rosselxoznadzor, 5000 manat ödəyəndə AQTA göz yumur. 

İndi isə  sadə  bir hesablama aparaq:

Rusiyada bir maşın mal-qaraya 10.000 dollar, Azərbaycanda 5000 manat.

Bir ayda 200 maşın məhsul gələndə:

Rusiyada dəstənin kassasına 2 MİLYON DOLLAR, Azərbaycanda isə, 1 MİLYON MANAT daxil olur.

Yəni, hər ay milyonlarla pul bu dəstənin əlində dövr edir. Görəsən, Azərbaycanda dövlət qurumları bunu görmürmü?

Ən təhlükəli məsələ isə yuxarıda ötəri toxunduğumuz “FSB” məsələsidir.

Belə ki, “FSB”, yəni  FTX  son günlər Rusiyada yaşayan soydaşlarımıza  qarşı vəhşicəsinə hərəkət edərək onları döyüb öldürürlər.

Yuxarıda qeyd etdiyimiz milyonlar olan haqq-hesabdan məlumdur ki, bu boyda qanunsuz biznes FTX-nın çətiri altında olmasa fəaliyyət göstərə bilməz.

Dünən SPUTNİK kanalının FTX əməkdaşları düzgün olaraq həbs olundu. Bəs, FTX -nın çətiri altında olan dana monoplistləri?

Sonda Arazpress.com olaraq onu xüsusi olaraq qeyd edirik ki, Azərbaycanda qida sektorunu ovcunda saxlayan dana monopolistlərinin sabah  FTX-nin  “çubuğu” ilə nə edəcəkləri barədə dövlət qurumlarımız ciddi düşünməlidir.

Araşdırmamız  davam edir. Bizi izləyin!

araz.az xəbər portalı.