
Son bir-neçə gündür Bakı Metropolitenində yerləşən aparatlarda texniki nasazlıqlar müşahidə olunur. Xüsusilə, metropoliten daxilində quraşdırılmış aparatların qəpik qəbul etməməsi sərnişinlər arasında narazılığa səbəb olub.
Arazpress.com bildirir ki, Manset.az xəbər portalı məsələ ilə bağlı Bakı Metropoliteninin QSC-nə sorğu ünvanlayıb. Sorğuda “Aparatlar niyə qəpik qəbul etmir?” sualına cavab istəyib.
Təəssüf ki, metropolitenin mətbuat xidməti sorğumuzu cavablandırmayıb.
Belə mühüm məsələyə münasibət bildirilməməsi Bakı Metropoliteninin rəhbərliyi və ona bağlı mətbuat xidmətinin məsuliyyətsizliyini göstərir. Gündəlik 500 mindən çox insanın istifadə etdiyi metropoliten üçün bu problem olduqca ciddi və vacibdir.
Metropolitenin vəzifəli şəxsləri belə qlobal məsələlərə vaxtında adekvat cavab verməli, mediaya açıqlamalarla sərnişinləri məlumatlandırmalı idi. Təəssüf ki, bu istiqamətdə heç bir xəbərdarlıq və açıqlama verilməyib.
Nəzərə alsaq ki, metropoliten rəhbərliyi yeni təyin edilib və bu cür problemlərə vaxtında, səmərəli yanaşmaq onların əsas vəzifələrindən biridir. Ancaq indiyə qədər görülən işlər bu tələbata cavab vermir.
Adıçəkilən sayt bundan əvvəl 1 iyun — Beynəlxalq Uşaqlar Günündə metronun iş saatının uzadılmaması, qatarların gecikməsi, həmçinin isti yay günlərində sərnişinlərin yaşadığı çətinliklər barədə materiallar yayımlamışdı. Həmin məqalə ölkədə geniş rezonans doğurmuş və “BBC News” kimi nüfuzlu beynəlxalq xəbər agentliyi tərəfindən də işıqlandırılmışdı.
İnanırıq ki, Bakı Metropoliteninin yeni rəhbərliyi və məsul şəxslər yaranmış vəziyyətin ciddiliyini dərk edəcək, bu kimi problemlərin aradan qaldırılması üçün ciddi addımlar atacaqlar.
araz.az xəbər portalı.