
Dünən Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində rayonun tanınmış ziyalısı və Zarağan kənd 2 saylı tam orta məktəbin müəllimi Zinyət Tahirli — Əlibəylinin “Qəbələ alimləri” kitabının yüksək səviyyədə təqdimat mərasimi keçirilib.
Bu barədə tədbir iştirakçısı, pedaqogika üzrə fəlsəfə doktoru Eldəniz Abbaslının Arazpress.com-a verdiyi məlumata görə, adıçəkilən Mərkəzin direktoru Qalib Nəbiyev təqdimat mərasimini açaraq, qonaqları salamlayıb. Natiq öz çıxışında təqdimatı keçirilən bu kitabın əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Məhz bu səbəbdən də, müəllif qarışıq, kitabın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.
Daha sonra bu əsərdə haqqında bəhs olunan alimlərin, dünyasını dəyişən elm xadimlərinin ailə üzvlərinin, o cümlədən, rayon ictimaiyyəti nümayəndələrinin və ziyalıların maraqlı çıxışları olub.
Verilən məlumata görə, şəhidlərin ailə üzvlərinin də iştirak etdiyi bu təqdimat mərasimi iştirakçılarda zəngin və unudulmaz təəssürat hissləri yaradıb.
Qeyd edək ki, “AVE Print” nəşriyyatının poliqrafik baxımdan yüksək səviyyədə həyat verdiyi 316 səhifəlik bu əsər əsasən Qəbələ torpağında dünyaya göz açmış 35 nəfər alimin hər birinin yaşam tərzi və yaradıcılığı barəsində tərcümeyi-hal xarakterli maraqlı oçerklərdən ibarətdir.
Məlumatda o da bildirilir ki, bu maraqlı kitabın elmi redaktoru professor Ədalət Tahirli, tərtibçisi isə Qəbələ ziyalısı Sədaqət Kərimovadır.
Məlumatın sonunda qeyd olunanlara görə, bu kitab müəllifin Qəbələnin alim övladlarından bəhs edən ilk əsəridir. Təbii ki, bu torpağın yetirdiyi alimlər yalnız bu 35 nəfərdən ibarət deyil, sayları bundan qat-qat çoxdur. Onların bir çoxu haqqında isə ikinci kitabda ətraflı danışılacaq.
araz.az xəbər portalı.