SEPAH-ın “Pasdaran” adlı teleqram kanalı Azərbaycana qarşı qara piar kampaniyasına başlayıb. Belə ki, kanal “Sionistlərə xidmət edən Azərbaycan hakimiyyəti Aşura mərasimlərini qadağan etdi” məzmunlu saxta iddialar yayıb. Bu yalanlar dərhal erməni mediası tərəfindən tirajlanaraq anti-Azərbaycan təbliğatı üçün bir vasitəyə çevrilib.

Özünü “Qafqaz üzrə ekspert” kimi təqdim edən iranlı Ehsan Movahedian da məsələni fürsət bilib Azərbaycana qarşı böhtan xarakterli çıxışlar səsləndirib.

Əslində, SEPAH-a bağlı “Pasdaran” kanalı hər zaman olduğu kimi, yenə Bakı əleyhinə dezinformasiya yaymaqdadır. Azərbaycanda Aşura mərasimlərinin qadağan edilməsi gülünc, həqiqətdən uzaq iddia və ittihamdır.

Məsələ ondadır ki, Azərbaycan Konstitusiyasında rəsmi dövlət dini göstərilməsə də, vətəndaşlarımızın böyük əksəriyyəti İslam dininin şiə məzhəbinə etiqad edir. Ölkəmizdə heç bir dinə, məzhəbə, habelə onun ibadət, bayram və müxtəlif mərasimlərinə qarşı məhdudiyyət yoxdur. Əksinə, dövlətinə bağlı, vətənini canından üstün tutan, şəhid verən, qazi olan şiə etiqadlı Azərbaycan vətəndaşlarının inancı və mərasimləri dövlət üçün də mühüm və vacibdir.

Faktlar onu göstərir ki, “əzadarlıq” tədbirləri ölkənin bütün bölgələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə problemsiz şəkildə keçirilib. İstənilən şəxs bu mərasimlərdə sərbəst şəkildə iştirak edir. Hər şey bir yana, ölkədə hər il Aşura mərasimləri dövlət tərəfindən də özünəməxsus şəkildə qeyd olunur. Məsələn, bu münasibətlə 5-6 iyul tarixlərində təşkil olunan qanvermə aksiyalarında onlarla dövlət rəsmisi, həmçinin media nümayəndələri və ictimai fəallar iştirak edir.

SEPAH-ın bu addımı, İran daxilində xarici siyasət kursunu təyin edən dairələrin, xüsusilə də ali liderə bağlı hərbi-siyasi strukturların Prezident Məsud Pezeşkianın iyulun 4-də Xankəndidə baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) zirvə görüşündə iştirakı zamanı verdiyi müsbət siqnalları balanslaşdırmaq, hətta bir növ zərərsizləşdirmək cəhdidir. Yəni Tehran rəsmi səviyyədə Bakı ilə münasibətləri düzəltmək niyyəti göstərsə də, paralel olaraq “dərin dövlət” dediyimiz institutlar bu yaxınlaşmanı öz ideoloji və təhlükəsizlik maraqları üçün risk kimi qiymətləndirirlər. “Pasdaran” kanalının anti-Azərbaycan ritorikası da bu narahatlıqdan qaynaqlanır.

Ölkəmizə yönəlik belə təxribatlar həm də İranın daxili auditoriyasına mesajdır. Tehranın hakimiyyət sistemində dövlət başçısının yanaşması SEPAH-ın ideoloji xətti ilə üst-üstə düşmür və bu ziddiyyət zaman-zaman konkret addımlar, yaxud bəyanatlarla üzə çıxır.

Dezinformasiyanın erməni mediası tərəfindən sürətlə tirajlanması isə təsadüfi deyil. İranın daxilindən çıxan belə informasiyalar Ermənistan üçün geosiyasi anlamda faydalıdır, çünki Bakı-Tehran yaxınlaşmasının dərinləşməsi İrəvanın regiondan daha da təcrid olunması ilə nəticələnə bilər. Beləliklə, SEPAH-ın informasiyası təkcə daxili məqsədə deyil, həm də regiondakı geosiyasi balanslara yönəlik kənar aktorlar tərəfindən alqışlanacaq təxribat xarakteri daşıyır.

Bu cür kampaniyaların indiki məqamda Bakı–Tehran münasibətlərində zərər yaradacağı ehtimalı azdır. Bunun səbəbi hər iki ölkənin qarşılıqlı maraqlara söykənən əməkdaşlıq gündəmini artıq siyasi ritorikadan praktik layihələr mərhələsinə keçirməsidir. Xankəndidə baş tutan yüksək səviyyəli görüş, sərhəd təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və kommunikasiya xətləri üzrə müzakirələr münasibətlərin bərpası üçün real baza yaradıb. SEPAH kimi qurumların informasiya hücumları isə bu təməli sarsıtmaq gücündə deyil. Çünki rəsmi Tehran və Bakı bu mesajların haradan qaynaqlandığını və hansı məqsədə xidmət etdiyini yaxşı anlayır.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.

araz.az xəbər portalı.