Regionlara xüsusi diqqəti ilə seçilən sərfəli mobil operator “Nar”ın baş icraçı direktoru Qunnar Panke Azərbaycan Texnologiya Universitetində (ATU) keçirilən “Məzun günü” tədbirində iştirak edib.

Şirkətdən Arazpress.com-a bu barədə daxil olan məlumatda deyilir ki, Gəncədə təşkil olunan mərasimdə 300-ə yaxın məzun, universitetin rəhbər heyəti, müəllim kollektivi və müxtəlif şirkətlərin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Qunnar Panke məzunları təbrik edərək onların gələcək peşə həyatlarında uğurlar arzulayıb.

“Nar” və Azərbaycan Texnologiya Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində son bir ildə tələbələr üçün mobil texnologiyalar üzrə seminarlar, karyera hazırlığı proqramları və müəllimlər üçün ixtisasartırma təlimləri keçirilib. Bu əməkdaşlıq çərçivəsində ATU-da həm nəzəri, həm də praktik biliklərin inkişafına dəstək verilir.

Çıxışında məzunlara müraciət edən Qunnar Panke bildirib:

“Əziz məzunlar, sizi bu əlamətdar gün münasibətilə təbrik edirəm. İnanıram ki, hər biriniz gələcəkdə seçdiyiniz sahənin peşəkarına çevriləcək və cəmiyyətin inkişafına öz töhfənizi verəcəksiniz. Telekommunikasiya sahəsində karyera qurmaq istəyənlərə isə bizimlə birgə çalışma fürsətləri açıqdır”.

Qeyd edək ki, “Nar” korporativ sosial məsuliyyət strategiyasında təhsili əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Operator regionlarda yaşayan gənclərin bilik və bacarıqlarının artırılması onların əmək bazarına inteqrasiyasına dəstək və müasir texnologiyalarla tanışlığı istiqamətində davamlı layihələr həyata keçirir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

araz.az xəbər portalı.