“Azərbaycan ixrac etdiyi yeyinti məhsullarının 80 faizini, idxal etdiklərinin isə 25 faizini Rusiyadan edir. Biz bu haqda ciddi düşünməli idik”.

Arazpress.com bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov deyib. O, bildirib ki, Rusiyanın Azərbaycandan ixraca məhddiyyət qoyması təkcə süd və süd məhsulları ilə bağlı deyil:

“Əvvəla, onu deyim ki, Rusiyanın Azərbaycandan ixraca məhddiyyət qoyması təkcə süd və süd məhsulları ilə bağlı deyil. Rusiya meyvə-tərəvəz idxalında da ciddi problemlər yaradır. Yoxlamalar artırılıb və konkret iradlar var. Bəzi zərərvericilərin aşkar edildiyi deyilib. Biz bu problemin getdikcə dərinləşəcəyini deyirdik.

Azərbaycan təyyarəsinin vurulmasından sonra münasibətlərin gərginləşməsi fonunda, Rusiya hakimiyyəti idxal-ixrac məhsullarına məhduiyyət qoymaqdan bir siyasi alət kimi istifadə edir. Bu əvvəl də belə olub. Əvvəllər bizim çoxsayılı fermerlər Rusiyanın apardığı bu siyasətdən çox ciddi zərərə məruz qalıblar. Məsələn, Şəmkir rayonunun Düyərli kəndində, Göyçayda azsaylı pomidor istehsalçıları qalıb.

Xatırlayırsınızsa, 5-6 il bundan öncə Rusiyaya sanksiya qoyulanda, ruslar Azərbaycandan idxal həcmini xeyli artırdılar. Növbəti mərhələdə idxalda alternativ bazarlar tapan Rusiya yenidən Azərbaycana diş qıcamağa başladı. Rusiya mətbuatı və dövlət rəsmiləri açıq-aşkar idxal və ixrac məsələsində Azərbaycanı təhdid etməkdədir. Mən sizə deyim ki, vəziyyət daha da gərginləşə bilər. Biz hazır olmalıyıq”. 

Ekspert vurğulayıb ki, daha çox Azərbaycan bazarında tələb görən məhsullar istehsal olunmalıdır:

“Məsələn, Azərbaycan Rusiyaya süd və süd məhsulları ixrac edir. Bunun həcmi çox azdır. Həmin məhsullar daxili bazara yönəldilməlidir. Yəqin ki, bililirsiniz, bil xaricdən nə qədər süd və süd məhsulları idxal edirik. Eyni zamanda meyvə və tərəvəzi. Düzdü, biz 160 min tona yaxın xurma ixrac edirik. Biz onu daxili bazarda həzm edəcək gücdə deyilik. Bu böyük həcmdir.

Azərbaycan bazarında xurma onsuz da bir o qədər də tələb olunmur. Biz bu kimi məhsulların bazarlarının axtarışında olmalıyıq. Yaxud xurma istehsalı ilə məşğul olanlar düşünməlidir ki, digər sahələrdə özlərini sınasınlar. Hansı məhsula Azərbaycanda tələbat var, məhz o məhsullar istehsal olunmalıdır. Niyə biz hər dəfə Rusiyanı hesablayıb bağ salmalıyıq?

Nəticədə də görürük ki, Rusiya müəyyən mərhələdən sonra bizə problemlər yaradır. Üstəlik dəfələrlə bildirmişik ki, Rusiya bazarı dayanıqlı deyil. Azərbaycanın kifayət qədər resursları və imkanları var. Biz özümüz-özümüzü təmin etməliyik. Təəssüflər olsun ki, bu baş vermədi. Azərbaycan ixrac etdiyi yeyinti məhsullarının 80 faizini, idxal etdiklərinin isə 25 faizini Rusiyadan edir. Biz bu haqda ciddi düşünməli idik”.

Xatırladaq ki, Rusiya Azərbaycanın iki süd məhsulları istehsalçısına qadağa qoyub. Beləliklə “AllBuy” və “Milk Products” şirkətlərinin məhsulları Rusiyaya buraxılmayacaq.

araz.az xəbər portalı.