Bu il Azərbaycanda Məhərrəm ayında keçirilən toy və nişan mərasimlərinin sayının ötən illərlə müqayisədə iki dəfə artdığı iddia edilir. Əgər əvvəllər bu ayda toy etmək yolverilməz sayılırdısa, indi bir çox insan bunu şəxsi seçim məsələsi kimi qəbul edir. Hətta bəzi hallarda nəzərdə tutulan toy tarixləri Məhərrəmliyə təsadüf etsə belə, dəyişdirilmir, coşqu ilə qeyd olunur. Konsert və festivallarla bağlı vəziyyət də eynidir.

Bu fonda gələcəkdə Məhərrəm ayı sıradan çıxa bilərmi? Bu tarixin dini deyil, adi bir ay kimi qəbul edilməsi mümkündürmü?

Arazpress.com bildirir ki, Globalinfo.az-a danışan ilahiyyatçı Elşad Miri deyib ki, bu cür məsələlər insanın şəxsi baxış bucağından asılıdır:

“Məsələn, toy edən bir insanın İmam Hüseyni sevmədiyini və ya bu ayda vəfat edənlərə hörmətsizlik göstərdiyini demək olmaz. Məsələ mahiyyəti başa düşməkdir. Hər kəsin fərqli dəyərləri və düşüncə tərzi var. Bəzi vətəndaşlar 44 günlük müharibədə həlak olan əsgərlərlə bağlı mövzuya çox həssas yanaşdı, ağır itkilərə görə həmin dövrdə şadlıq etməyin uyğun olmadığını düşündülər. Digərləri həyatın davam etdiyini vurğuladılar. Eynilə, Məhərrəmlik ayında da vəziyyət belədir”.

İlahiyyatçı qeyd edib ki, sözügedən tendensiya şəxsi prizmadan dəyərləndirilməlidir:

“Hamının şəxsi inancı var. İslamın əsas mənbəyi Qurandır. Bütün bu məsələləri müqəddəs kitaba zidd, yaxud uyğun hesab etmək düzgün yanaşma deyil. Quranda isə belə konkret məsələlərlə bağlı birbaşa ifadə və ya qayda yoxdur”.

araz.az xəbər portalı.