Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan vasitəçisiz görüş Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması istiqamətində önəmli bir dönüş nöqtəsi oldu. Bu görüş bir daha sübut etdi ki, tərəflər artıq kənar təsirlər olmadan, qarşılıqlı suverenliyin tanınması və beynəlxalq hüququn prinsipləri əsasında irəliləməyə hazırdırlar.

Danışıqların konstruktiv atmosferdə keçməsi və sülh gündəliyinin – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və yekun sülh sazişinin imzalanması kimi mühüm məsələlər ətrafında aparılması görüşün əhəmiyyətini daha da artırır. Görüşün 5 saata yaxın davam etməsi də göstərir ki, artıq proses nəticəyönümlü mərhələyə qədəm qoyub.

Əbu-Dabidə belə bir formatın seçilməsi təsadüfi deyil – həm neytral məkandır, həm də Azərbaycanın güclənən beynəlxalq nüfuzunun təzahürüdür. Bu, təkcə diplomatik uğur deyil, həm də regionun gələcəyi üçün yaradılmış mühüm fürsətdir. Artıq hər iki tərəfin razılığı ilə işçi qruplar və yüksək səviyyəli danışıqların davam etdirilməsi planlaşdırılır ki, bu da sülh sazişinin reallığa çevrilməsinə bir addım daha yaxınlaşmaq deməkdir.

Ermənistan bu tarixi şəraiti düzgün dəyərləndirsə, regionda dayanıqlı sülh və təhlükəsizliyin bərqərar olması mümkündür. Azərbaycan tərəfi açıq şəkildə göstərir ki, ədalətli və davamlı sülh yalnız milli maraqların və beynəlxalq hüququn qorunduğu halda mümkündür. Əldə olunmuş bu dinamika sülhün artıq bir arzudan çox, yaxın gələcəyin real hədəfinə çevrildiyini göstərir.

Əbu-Dabidə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında vasitəçisiz keçirilən görüş regionumuz üçün mühüm tarixi hadisə oldu. Bu, təkcə iki ölkə arasında dialoqun yeni mərhələyə keçdiyini deyil, eyni zamanda Cənubi Qafqazda xarici təsirlərdən azad, milli maraqlara söykənən qərarların mümkünlüyünü göstərdi.

Sülhə aparan yolun vasitəçisiz və birbaşa danışıqlarla davam etməsi həm ədalətli, həm də real nəticələrə gətirib çıxara bilər. Azərbaycan tərəfi sübut etdi ki, qarşılıqlı suverenliyin tanınmasına və beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülh gündəmi artıq beynəlxalq miqyasda da qəbul olunur.

Bu görüş eyni zamanda göstərdi ki, regionda sabitlik və təhlükəsizlik artıq yalnız istək deyil, yaxınlaşmaqda olan bir reallıqdır. Azərbaycanın qətiyyətli mövqeyi və siyasi iradəsi Cənubi Qafqaz üçün yeni bir səhifə açmaq gücündədir.

Əfsanə İBRAHİMOVA,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi.

araz.az xəbər portalı.