Azərbaycanla Suriya arasında tarixi-mədəni əlaqələrin dərin kökləri mövcuddur. Hər iki xalqı İslam dini ilə yanaşı, milli ortaq dəyərlər, mədəni, ədəbi ənənələr sıx bağlayır. Ölkələrimizin xalqları ticarət yolları, diplomatik əlaqələr və mədəni inteqrasiya vasitəsilə ortaq dəyərlər yaradıb.

Xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikir tarixində Suriya ərazisi coğrafi məkan kimi mühüm yer tutub. Səfəvillər dövründə Suriya coğrafiyasında Azərbaycana məxsus böyük bir siyasi-mədəni irs də formalaşıb. Dahi şairimiz İmadəddin Nəsiminin qəbrinin Suriyanın şimal-qərbində Hələb şəhərində yerləşməsi vaxtilə eyni sivilizasiya və mədəni mühitin formalaşdığını təsdiqləyir.

Ümumiyyətlə, qədim Suriya torpaqları həm də Azərbaycanın milli-mədəni xəzinəsi, zəngin incəsənət sərvətləri kimi tarixiləşib.
Ulu Öndər Heydər Əliyev hələ sovetlər birliyi dövründə Suriyaya səfər edərək, Nəsiminin qəbrini ziyarət edib və buradakı milli sərvətlərimizə dərin ehtiramını nümayiş etdirib.

Müstəqil Azərbayan və Suriya arasında diplomatik əlaqələr qurulduqdan iyirmi il sonra, münasibətlər kəsilib. Bunun da başlıca səbəbi Suriyanın keçmiş rejimi dövründə Azərbaycanla əlaqələrin arzuolunan səviyyədə olmaması, bu ölkənin sanki ermənilər tərəfindən idarə edilməsi, erməni diasporunun anti-Azərbaycan və anti-türk mövqeyi olmuşdur. Erməni terror təşkilatı “Asala” bu torpaqlarda terrorçular yetişdirərək, vaxtilə Qarabağa göndərib.
Ancaq, bu, qətiyyən Suriya xalqının münasibəti olmayıb. Bu xalq tarixi dostluğa sadiq qalaraq, Azərbaycanın haqq səsinə səs verib.

Suriyada 2024-cü ilin dekabr ayının 8-də baş verən hakimiyyət dəyişikliyindən sonra,  Azərbaycanla dosluq ruhu da bərpa edilib, 12 illik fasilədən sonra, Azərbaycan Respublikası Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa edib. Prezident İlham Əliyevin tapşırığına əsasən, Suriyada humanitar böhrandan zərər çəkmiş əhaliyə dəstək də davam etdirilib.

Cənab İlham Əliyevlə aprelin 11-ində Antalya Forumu çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında keçirilən ilk görüş ikitərəfli əlaqələrdə yeni müsbət təkan oldu. Bu səfər, həm də Azərbaycan — Suriya — Türkiyə üçtərəfli əməkdaşlıq formatının bünövrəsini qoydu. Əhməd Əl Şaraanın iyulun 12-də Azərbaycana səfəri isə, münasibətlərin qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsində yeni imkanlar açır.

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə geniş bərpa-quruculuq icra edərək, təcrübə qazanıb. Həmin təcrübənin Suriyada da tətbiqi nəzərdə tutulur ki, bu, Dəməşqin ölkəmizə olan böyük etimadı deməkdir.

Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.

araz.az xəbər portalı.