
Ulu Öndər Heydər Əliyevin 56 il əvvəl, iyul ayının 14-də Azərbaycana rəhbər gəldiyi gündən indiyədək Möhtərəm Adı bütün azərbaycanlıların xilaskarı, qoruyucusu kimi öz sehrini və ilahi gücünü qoruyub, saxlamaqdadır.
Mən və indiki Ermənistana məxsus əzəli torpaqlarımızdakı Göyçə, Zəngəzur, Zəngibasar, İrəvan… mahallarında doğulan, orada böyüyüb, boya-başa çatan yüz minlərlə Qərbi azərbaycanlı daim Heydər Əliyevin Atalıq Qayğısını hiss etmişik.
Ulu Öndərin 250 mindən artıq Qərbi azərbaycanlının, eləcə də Gürcüstandakı qədim mahalımız Borçalıda və digər bölgələrdə yaşayan soydaşlarımızın arxa-dayağına, hamisinə çevrildiyi danılmazdır. Məhz onun nüfuzu sayəsində həmin illərdə Ermənistanda Azərbaycan dilində orta məktəblərin sayı durmadan artırdı. Bir sözlə, Azərbaycan dilində 155 məktəb mövcud idi ki, həmin məktəblərdə 50 mindən artıq azərbaycanlı şagird təhsil alırdı. Təkcə mənim böyüyüb, boya-başa çatdığım Basarkeçər rayonundakı 32 kəndin hər birində Azərbaycan dilində məktəb var idi.
O dövrdə Ermənistanda öz fəaliyyətində azərbaycançılığı və milli ruhu təcəssüm etdirən mədəni-elmi qurumlarımızın da fəaliyyəti getdikcə artırdı. Keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə oxumağa göndərilən minlərlə tələbənin sırasında da, Qərbi Azərbaycandan və Gürcüstandan olan gənclərimiz xüsusi yer tuturdular.
Heydər Əliyev SSRİ Nazirlər Sovetində rəhbər vəzifədə işləyərkən də bizim qayğımızı çəkir, yüzlərlə istedadlı və bacarıqlı mütəxəssisə böyük etimad göstərərək, müxtəlif vəzifələrə təyin edirdi.
Təəssüf ki, Ümummilli Liderin rəhbər vəzifədən uzaqlaşdırılmasından sonra, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın deportasiyası başladı. Azərbaycanlılar öz torpaqlarından çıxarıldı. Hətta Vəzirov və Mütəllibov hökumətləri Azərbaycana pənah gətirən soydaşlarımıza üz çevirdilər. Nəticədə, minlərlə soydaşımız Azərbaycana yox, Rusiyanın və Orta Asiyanın müxtəlif yerlərinə səpələnməli oldular və xeyli müddətd ağır günlər yaşadılar. Onlar yalnız 1993-cü ildə, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycana qayıdaraq, sabit və firavan həyatlarını qura bildilər.
Ümummilli Liderimizin bununla bağlı bütün arzularını möhtərəm Prezident İlham Əliyev gerçəkləşdirdi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Ali Baş Komandan Vətən Müharibəsindəki möhtəşəm qələbədən sonra, Qərbi Azərbaycanla bağlı məsələsini ali məqsəd kimi qarşıya qoydu.
Cənab Prezident 2022-ci ilin dekabr ayının 24-də Qərbi Azərbaycan ziyalılarının bir qrup nümayəndəsi ilə görüşdə onları əmin etdi ki, biz Qarabağa, Şərqi Zəngəzura qayıtdığımız kimi, Ermənistan ərazisindəki öz qədim ərazilərimizə də qayıdacağıq. Və mən də tam əminəm ki, biz tezliklə Göycəyə, Zəngəzura, Basarkeçərə… geri dönəcəyik.
Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.
araz.az xəbər portalı.