
“Rusiya isə bu boşluqdan istifadə edir, oradakı diasporlarımızın kriminallaşmasına şərait yaradır bə bundan Azərbaycana qarşı istifadə edir. Yəni Azərbaycan Rusiya içərisində səviyyəli diaspor yarada bilməyib. Bu mənada da Moskvanın əlində bizə qarşı təzyiq vasitələri çoxdur…”.
“Rusiyanın Azərbaycana qarşı təzyiqlərinin davam etməsi məsələnin dərinləşməsinə yol aça bilər…”.
“Son nəticə ondan ibarətdir ki, Rusiya Azərbaycanı təzyiq altında saxlamaq üçün miqrantları vasitə olaraq istifadə etməyə davam edir. Yekaterinburqdakı hadisələr də bunu göstərdi…”.
Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov son zamanlar Rusiya ilə Azərbaycan arasındakı gərginliklərlə bağlı ciddi açıqlamalar verib. E. Məmmədov xüsusilə iyun ayında Yekaterinburqda baş verən hadisələrə diqqət çəkərək, bu hadisələrin Azərbaycana qarşı təzyiqlərin artırılmasına səbəb olduğunu bildirib.
Arazpress.com bildirir ki, Etibar Məmmədovun hafta.az-a verdiyi açıqlamaya görə, Rusiya ilə əlaqələrin daha da gərginləşməsi Azərbaycanın orada yaşayan soydaşlarını qorumaq üçün daha ciddi tədbirlərin görülməsinə ehtiyac duyulduğunu göstərir:
“Bu hadisələr Rusiya ilə əlaqələrin daha da gərginləşdiyini və Azərbaycanın orada yaşayan soydaşlarını qorumaq üçün daha ciddi tədbirlər görməsinə ehtiyac olduğunu göstərir…”.
Rusiya tərəfindən Azərbaycanı təzyiq altında saxlamaq üçün miqrantların vasitə kimi istifadə edildiyini vurğulayan Məmmədov, Yekaterinburqdakı hadisələrin bunu açıq şəkildə ortaya qoyduğunu qeyd edib:
“Son nəticə ondan ibarətdir ki, Rusiya Azərbaycanı təzyiq altında saxlamaq üçün miqrantları vasitə olaraq istifadə etməyə davam edir. Yekaterinburqdakı hadisələr də bunu göstərdi. Rusiya Azərbaycana qarşı təzyiq etmək üçün orada yaşayan soydaşlarımıza işgəncələr verərək, onları hədəf alır. Bu, Azərbaycanın Rusiya ilə olan münasibətlərində ciddi bir problemə çevrilib”.
Xaricdəki diaspor təşkilatlarının fəaliyyətini də tənqid edən siyasətçi bu sahədəki koordinasiyasızlığın Azərbaycana mənfi təsir göstərdiyini bildirib:
“Həmçinin Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının bir-birinə yardım etməməsi, koordinasiyasızlığı da bu məsələdə ciddi çətinlik yaradır. Rusiya isə bu boşluqdan istifadə edir, oradakı diasporlarımızın kriminallaşmasına şərait yaradır bə bundan Azərbaycana qarşı istifadə edir. Yəni Azərbaycan Rusiya içərisində səviyyəli diaspor yarada bilməyib. Bu mənada da Moskvanın əlində bizə qarşı təzyiq vasitələri çoxdur. İndiyə qədər də dəfələrlə azərbaycanlılara qarşı təzyiqlər olub, onlara qarşı hücumlar, qətl halları, onların kütləvi şəkildə deport olunması və s. baş verib. Lakin bu dəfə o cür hadisələr çox nümayişkaranə şəkildə həyata keçirildi. Kütləvi şəkildə onlarla azərbaycanlı ailəsinin evinə hücum edilməsi, uşaq, qadın, qoca, xəstə demədən ailə üzvlərinin döyülməsi, işgəncələrə məruz qalması və s. səbir kasamızı daşdırdı. Bütün bunlar göstərir ki, miqrant məsələsi Azərbaycan dövləti üçün doğrudan da böyük bir problemdir. Odur ki, Rusiya ərazisində daha güclü və mütəşəkkil bir diaspor təşkilatları qurulmalı və soydaşlarımızın haqq və hüquqlarının pozulması məsələlərində daha sərt mövqe tutulmalıdır”.
Nəticədə Azərbaycan və Rusiya arasındakı münasibətlərin gələcəkdə diqqətlə idarə edilməli olduğunu vurğulayan Etibar Məmmədov, soydaşların qorunması üçün konkret tədbirlərin görülməsinin vacibliyini qeyd edib:
“Bu hadisələr Rusiya ilə əlaqələrin daha da gərginləşdiyini və Azərbaycanın orada yaşayan soydaşlarını qorumaq üçün daha ciddi tədbirlər görməsinə ehtiyac olduğunu göstərir. Azərbaycana qarşı təzyiqlərin davam etməsi məsələnin dərinləşməsinə yol aça bilər”.
Etibar Məmmədov Azərbaycan dövlətinin soydaşlarımızın müdafiəsi üçün daha ciddi və konkret addımların atılmasının zəruriliyini də vurğulayıb.
Sultan LAÇIN.
araz.az xəbər portalı.