
Bir qrup ziyalı, jurnalist, hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçisi 9 mart 2024-cü ildə barəsində həbs-qətimkan seçilmiş media eksperti, hüquqşünas Ələsgər Əhmədoğlunun (Məmmədlinin) səhhətindəki problemlə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Arazpress.com xəbər verir ki, Qulu Məhərrəmli, Əliməmməd Nuriyev, Osman Gündüz, Mehman Əliyev, Arif Əliyev, Sabit Bağırov, Adil Qeybulla, Novella Cəfəroglu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Aslan İsmayılov və digər çoxsaylı jurnalistin imzaladığı həmin müraciətdə Əlsəgər Məmmədlinin səhhətindəki problemdən söz açılıb:
“Onun ultrasəs müayinəsi zamanı qalxanvari vəzinin boyun hissəsində 23 mm ölçüdə heterogen, periferik, vaskulyarizasiyalı TİRADS III düyün (50-75% xərçəng ehtimalı), qaraciyərin steatozhepatozu, pankreasın fibroz parenximatoz exostruktur dəyişikliyi, hər iki böyrəkdə mikrolitlər, kalsinatlar və prostat vəzində 7 mm ölçüdə kalsinat aşkar edilmişdir. Tibbi müayinə zamanı həkimi təcili olaraq qalxanvari vəzinin cərrahi əməliyyatla görürülməsini tövsiyə etmişdir. Tibbi protokola görə qalxanvari vəzin ölçüsünün 15 mm-dən böyük olması cərrahi əməliyyatı zəruri edə bilər”.
Müraciət müəllifləri təcili cərrahi əməliyyat olunmazsa, Ə. Məmmədlinin səhhətinin daha da ağırlaşa və geridönməz vəziyyət yarana biləcəyi ehtimalına görə, onun özəl klinikalardan birində cərrahi əməliyyat olunmasına şərait yaradılması üçün dövlət başçısının yardım göstərməsini xahiş ediblər.
araz.az xəbər portalı.