Milli mətbuatımızın 150 illiyi münasibəti ilə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” adlı 3-cü Şuşa Qlobal Media Forumu iyulun 19-dan öz işinə başlayıb.

Arazpress.com bildirir ki, Azərbaycanın mədəniyyət paytaxtında baş tutan bu böyük tədbir iyulun 21-dək davam edəcək. Qeyd edək ki, Forum iştirakçıları təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəlib və burada qarşılanıblar.

Onu da qeyd edək ki, 3-cü Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələr iştirak edirlər. Artıq ənənəvi xarakter daşıyan belə bir Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.

Açılış mərasimindən sonra bu Forum işini sessiyalarla davam etdirməyə başlayıb.

Sonda onu bildirək ki, Forum çərçivəsində iştirakçıların Ağdam rayonuna və Laçın şəhərinə səfərləri də nəzərdə tutulur.

Səməndər QURBANOV,

araz.az xəbər portalı.