Azərbaycan Milli Mətbuatının yaranmasının 150 yaşı tamam olur. Həsən bəy Zərdabidən başlayan milli mətbuat ənənələrimiz ötən dövr ərzində çox şərəfli və zəngin yol keçib. Xalqımızın görkəmli ziyalıları, yazıçıları, mütəfəkkirləri bu dövr ərzində mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan veriblər.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, milli mətbuatın inkişafı dövlətin prioritet məslələrindən birinə çevrilib. KİV-in azad fəaliyyəti üçün güclü qanunvericilik bazası yaradılıb. Mətbuatın inkişafı, jurnalistlərin normal fəaliyyəti üçün də çoxsaylı sənədlər qəbul edilib. Bir sözlə,  mətbuat dövlət qayğısı ilə əhatə olunub.

Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman da, məhz, Heydər Əliyev tərəfindən imzalanıb. Ulu Öndər hər zaman mətbuatın problemlərini diqqətlə dinləyib, müvafiq göstərişlərini verib.

Müstəqil mətbuatın formalaşmasına və inkişafına xidmət edən siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır.

Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da, mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir.

Cənab Prezidentin mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb.

Cənab Prezidentin sərəncamı ilə Medianın İnkişafı Agentliyi yaradlması da, azad medianın inkişafı, informasiya cəmiyyətinin rolunun artırılması, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan mətbuatı daima milli və dövlət maraqlarına xidmət edərək, cəmiyyətimizin obyektiv, tərəfsiz və qərəzsiz informasiya ilə təmin edilməsində müstəsna rola malikdir.

Jurnalistlərimiz həm də milli vətənpərvərliyi ilə seçilirlər. İşğalçı Ermənistanla informasiya müharibəsində də gecə-gündüz yorulmadan çalışdılar. Qarabağ savaşı başlayandan, həyatlarını riskə ataraq, ən qaynar döyüş xətlərindən operativ və düzgün informasiya verməklə, reportajlar hazırlamaqla cəmiyyətimizi dolğun məlumatlarla təmin etdilər. Alı Mustafayev, Salatın Əsgərova, Çingiz Mustafayev, Kazımağa Kərimov… kimi şəhid jurnalistlərimiz, həm də, milli qəhrəmanlarımızdır.

44 günlük Vətən Müharibəsi dövründə də,  medianın üzərinə böyük iş düşdü, jurnalistlərimiz öz həyatlarını risk altına ataraq, ilk günlərdən qələm və kameralarını süngüyə çevirərək, ən qaynar atəş nöqtələrindən operativ məlumatları ictimaiyyətin diqqətinə çatdırdılar, ətraflı informasiyalar verərək, cəmiyyətin tələbatını ödədilər. Ordumuz, digər dövlət qurumlarımız müharibəyə ciddi və məsuliyyətli şəkildə kökləndikləri kimi, kütləvi informasiya vasitələrimiz də, bu səfərbərliyə adekvat yanaşma ortaya qoydu. Azərbaycan Ordusu ön cəbhədə Ermənistanın işğalçı qüvvələrinə qarşı əsil qəhrəmanlıq nümunəsi göstərdikləri kimi, jurnalistərimiz də, əsil mübarizlik və peşəkarlıqla informasiya müharibəsində erməniləri məğlub etdilər.

Döyüşlərdə məğlub olan ermənilərin, azərbaycanlı döyüşçülərin qarşısından qaçan hayların acınacaqlı vəziyyətini erməni cəmiyyətindən gizlətmək üçün, saxta və feyk xəbərlər yayan Ermənistanın və havadarlarının media orqanlarının yalan və təxribatlarını ifşa edən Azərbaycan jurnalistikasının informasiya müharibəsindəki qələbəsini xüsusi qeyd etmək lazımdır. Cəbhədə düşmənlə üz-üzə dayanan və əsil həqiqətləri çatdıran jurnalistlərimizin fəaliyyəti sayəsində onların yalan məlumatları ifşa edildi, dünya mediası. xüsusilə də, Türkiyə KİV-ləri və beynəlxalq ictimaiyyət əsil həqiqətləri Azərbaycan mediasından əldə edərək, yaydılar. Qarabağ bölgəsində cəbhədə əsgərlərimizlə çiyin-çiyinə dayanaraq, informasiya müharibəsində fədakarlıq edən jurnalistlərimizlə yalnız qürur duymaq olar.

Zəfərlə başa çatan Vətən Müharibəsindən sonra da, jurnalistlərimizin ali məqsədi həyatlarını riskə ataraq, Qarabağın bütün bölgələrindən canlı reportajlar yayamaqla, dünya ictimaiyyətini erməni vandalizminin mahiyyəti barədə məlumatlandırmaqdadır. Jurnalistlərimiz Qarabağı qarış-qarış gəzərək, erməni terrorçularının törətdikləri dağıntıları, vandalizm nümunələrini, qeyri-insani hərəkətləri, nadir mədəni-tarixi abidələrimizin amansızcasına dağıdılmasını, təbii sərvətlərimizin talan edilməsini sübut edən faktları sənədləşdirirlər. Onların hazırladığı hər reportaj, kameranın lentinə köçürdükləri hər material erməni terrorizminin mahiyyətini dünyaya çatdırır, erməni yalanlarını ifşa etmək baxımından ən dəyərli sübutlar rolunu oynayır. Konkret desək, onların topladqları materiallar tarximizin zəngin salnaməsidir, hərbi jurnalistikamızın qızıl fondudur.

Azərbaycan Televiziyasının (AZTV) və “AZƏRTAC” İngormasiya Agentliyinin cəsur əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimovun öz xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcərdə minaya düşərək, həlak olmaları jurnalistlərimizin fədakarlığının, igid döyüşçülərimiz kimi böyük şücaətlərinin daha bir nümunəsidir.

Milli mətbuatımızın yubileyi münasibətilə bütün media nümayəndələrini ürəkdən təbrik edir, onlara öz işlərində yeni uğurlar, iti qələmli yaradıcılıq arzulayıram.

Əziz jurnalistlər, Bayramınız mübarək!

Vaqif ABDULLAYEV,                                        siyasi elmlər doktoru, professor

araz.az xəbər portalı.