
Azərbaycan cəmiyyətində əsrlər boyu formalaşmış adət-ənənələr insanların həyatının müxtəlif mərhələlərini, o cümlədən matəm mərasimlərini müşayiət etmişdir. Yaş mərasimləri bu adətlərin mühüm bir hissəsini təşkil edir.
Lakin zaman keçdikcə bu mərasimlərdə israfçılığa yol verilməsi həm dini, həm də sosial baxımdan ciddi müzakirələrə səbəb olub. Xüsusilə də, yaş mərasimlərində verilən ehsan yeməklərinin məqsədindən uzaqlaşaraq yükə çevrilməsi ictimaiyyətin diqqətini çəkir, bu sahədə müəyyən qadağa və tənzimləmələrin tətbiqini gündəmə gətirir.
Arazpress.com Bakıvaxtı.az-a istinadən xəbər verir ki, artıq bir-neçə rayonda yas mərasimində ehsan verilməməsi ilə bağlı əhaliyə tövsiyələr verilib. Bəs yas mərasimində ehsan verilməsi məsələsinə dövlət tərəfindən nəzarət edilə bilərmi?
Arazpress.com bildirir ki, mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, artıq bir sıra rayonlarda yas mərasimlərində israfçılığın qarşısının alınması istiqamətində real addımların atılması sevindirici haldır.
C. Məmmədovun sözlərinə görə, insanlar da bu məsələyə münasibət bildirir, ifrat formada yas mərasimlərinin keçirilməsinə öz etirazlarını və reaksiyalarını ortaya qoyurlar.
Deputat burada iki yanaşmanın mövcud olduğunu deyir. Bunlardan birincisi, insanların özlərinin bu prosesə şüurlu şəkildə yanaşmasıdır ki, bu da ən doğru və uzunmüddətli nəticə verə biləcək yoldur:
“Yəni insanlar özləri bu cür israfçılıqdan imtina etməli, bu adəti dəyişmək üçün bir istək göstərməlidirlər”.
Müsahib vurğulayıb ki, ikinci yol inzibati tədbirlərlə bu məsələnin tənzimlənməsidir:
“Lakin bu üsul birmənalı qarşılanmır və əhali tərəfindən müəyyən narazılıqlar yarada bilər. Mən dəfələrlə bu məsələ ilə bağlı fikirlərimi bölüşmüşəm və qeyd etmişəm ki, inzibati müdaxilə insanların həyat tərzinə birbaşa müdaxilə kimi qiymətləndirilə bilər və bu, əks reaksiyalara səbəb ola bilər”.
Deputat hesab edir ki, bu məsələdə inzibatçılıqdansa, maarifləndirməyə üstünlük verilməlidir.
Təbliğat məsələsinin önəmli olduğunu nəzərə çatdıran deputatın fikrincə, geniş və ardıcıl təbliğat aparılmalı, insanlara israfçılığın mənfi tərəfləri izah edilməlidir:
“Ümid edirəm ki, bütün rayonlarımız, bölgələrimiz bu prosesə qoşulacaq və yaxın zamanda bu sahədə ciddi müsbət nəticələr müşahidə edəcəyik”.
Arazpress.com bildirir ki, dinşünas alim Elşad Miri də Bakıvaxtı.az-a açıqlamasında, yas mərasimlərinin tənzimlənməsi prosesi dövlət tərəfindən həyata keçirilərsə, insanlarımız bunu qadağa kimi qəbul edərək, bunun üzərinə gedəcəklər deyib.
E. Miri hesab edir ki, bu məsələdə maarifləndirmə işləri düzgün qurularsa, yaslarda ehsan söhbəti öz-özlüyündə həllini tapacaq:
“Əslində yas mərasimlərindəki belə halların yığışdırılması hamının ürəyindən keçən, amma əksəriyyətinin hələ də qurtula bilmədiyi məsələdir”.
Müsahibimiz onu da vurğulayıb ki, yas mərasimində ehsan verilməsi İslama və Qurana aid olan məsələ deyil.
araz.az xəbər portalı.