
Azərbaycan mediasının 150-ci ildönümü günündə səmimi qəlbdən gələn təbriklərimizi buna layiq hər bir həmkarımızın qəbul etməyini xahiş edir, bu şərəfli, məsuliyyətli və olduqca çətin peşə fəaliyyətində ona alqışalayiq yaradıcılıq uğurları arzulayırıq! Ümumi mənafe düşüncəsiylə peşə missiyasını ləyaqətlə yerinə yetirən, doğma Vətənimizə və xalqımıza sədaqətlə xidmət edən hər bir jurnalistə peşə bayramı günü münasibəti ilə təbriklərimizi çatdırmaq bizim üçün olduqca xoşdur.
Məhz belə həmkarlarımızın hər birinin öz peşə borcunu vicdan çərçivəsində yerinə yetirməsinin nəticəsidir ki, artıq neçə ildir ölkəmizdə həyata keçirilən demokratik islahatlar milli mətbuatımızın inkişafında da əsaslı dönüş yaradıb. Hər bir mətbu orqan redaksiyasında müstəqil yaradıcılığın gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər Azərbaycan mediasının sürətli inkişaf mərhələsinə qədəm qoymasına, informasiya resursları vasitəsilə söz və məlumat azadlığının təmin edilməsinə münbit şərait yaradıb. Bu bizim üçün sevindiricidir və əldə olunan uğurlara görə fəxarət hissləri keçiririk.
Xüsusi olaraq qeyd etmək istəyirik ki, düz 150 il öncə Həsən bəy Zərdabinin gərgin əməyi sayəsində nəşrə başlayan “Əkinçi” qəzetinin əsasını qoyduğu milli mətbuatımızın təməl ideyalarına daim sadiq qalan jurnalist həmkarlarımız ölkə sakinlərinin dolğun və düzgün məlumat əldə etmək hüquqlarını tam təmin etmək üçün əllərindən gələni əsirgəməyiblər. Bu, həm də, cəmiyyətimizin tərəqqisi naminə həyata keçirilən məsuliyyətli işlərdə Azərbaycanın dövlətçilik maraqlarını həmişə uca tutan qəzetçilərin atdıqları mühüm addımlardır.
Bütün bunlar ölkədə dördüncü hakimiyyət kimi qəbul olunan mətbuatımızın öz missiyasını şərəflə və vicdanla yerinə yetirdiyinin sübutudur və onu da təsdiq edir ki, bütün media nümayəndələri vətənpərvərlik və ali məqsədlər uğrunda var gücləri ilə çalışıblar.
Bütün bunlara görə, dəyərli həmkarlarımız hər bir təbrikə layiqdirlər. Milli Mətbuatımızın yubileyi günü bir daha həmkarlarımızı peşə bayramları günü münasibəti ilə təbrik edir, hər birinə möhkəm can sağlığı, yaradıcılıq uğurları və nailiyyətlər diləyirik!
Mətbuat Gününüz, əziz bayramınız mübarək, dəyərli həmkarlar!
Dərin hörmət və səmimi duyğularla,
“Araz” Media Qrupunun kollektivi.
araz.az xəbər portalı.