
Son zamanlar ABŞ Prezidenti Donald Trampın Rusiyaya və Prezident Vladimir Putinə münasibətinin kəskin şəkildə dəyişdiyi görünür. Tramp artıq Kremlə qarşı sərt ritorika ilə çıxış edir, Ukraynada davam edən müharibəni açıq şəkildə qınayır, Putini danışıqlara razılaşmamaqda günahlandırır.
Xarici KİV-də yayılan məlumata görə, Trampın Rusiyaya münasibətinin dəyişməsinin səbəbi həyat yoldaşı Melonidir. ABŞ-ın birinci xanımı hər gün prezidentlə Ukraynadakı vəziyyətdən danışır, insanların öldüyünü deyir. Maraqlıdır ki, bir müddət əvvəl Tramp Putinlə telefon danışığından sonra Kremlin Meloniyə ondan daha çox hörmət etdiyini, ABŞ-ın birinci xanımının daha çox sevildiyini bildirib.
Trampın fikrini həqiqətən Meloni dəyişib? Bu, nə dərəcədə mümkündür?
Arazpress.com bildirir ki, Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə Trampın Rusiya — Ukrayna müharibəsini 100 gün ərzində sona çatdıracağını qeyd edib:
“Lakin vəziyyət artıq çıxılmaz hala gəlib. Tramp Putinlə görüşmək istədi. Hətta, Türkiyədə Ukrayna Prezidenti Volodimir Zelenski, Vladimir Putin və Ağ Ev lideri arasında üçtərəfli görüş təşkil olundu, lakin Kreml rəhbəri bunu qəbul etmədi. Altı dəfə telefon vasitəsilə danışıqlar aparılsa da, heç bir müsbət nəticə əldə edilmədi. Hətta Rusiya prezidenti Trampla danışıqdan sonra Ukraynanın paytaxtı daxil olmaqla, digər regionlara pilotsuz uçuş aparatları (PUA) və raketlərlə zərbə endirildi.
Göründüyü kimi, Putin Trampı manipulyasiya edirdi. ABŞ prezidenti isə vasitəçi olmağa və problemi danışıqlar yolu ilə həll etməyə çalışırdı. Lakin Rusiyanın Ukraynaya qarşı müharibəsi əslində Qərbə, xüsusilə ABŞ-a qarşı eksistensial müharibədir. Çünki Rusiya bu müharibə ilə öz fövqəldövlət iddialarını ortaya qoyur. Ona görə də, münaqişədə ABŞ-ın müəyyən güzəştlər etməsi zəruridir. Beləliklə, bu böhranın danışıqlar yolu ilə həlli mümkün olmadı. Tramp da telefon diplomatiyasında hər hansı müsbət nəticə əldə etmədiyindən, ABŞ-ın ənənəvi siyasətinə qayıdaraq Rusiyaya qarşı kəskin ritorikaya üstünlük verir”.
Politoloq qeyd edib ki, Trampın xanımının bu prosesə hər hansı təsir göstərdiyi və ya göstərəcəyinə dair iddialar həqiqətə uyğun gəlmir:
“Sadəcə olaraq, burada ABŞ-ın öz xarici siyasət strategiyası mövcuddur və bu çərçivədə Rusiyaya qarşı məğlubiyyətə yol verilməməlidir. Ona görə də Tramp bu siyasəti həyata keçirməyə çalışır. Təbii ki, o, Moskva ilə Kiyev arasında sülh müqaviləsinin imzalanmasına, yaxud heç olmasa atəşkəsin əldə olunmasına nail olmaq istəyirdi. Tramp sülhpərvər mövqedən çıxış edərək danışıqlar yolu ilə problemi həll etməyə cəhd göstərdi. Lakin görünən odur ki, Rusiya tərəfi heç bir güzəştə getmək niyyətində deyil və müharibəni davam etdirməkdə israrlıdır.
Bu səbəbdən ABŞ rəhbəri Ukraynaya hərbi yardımları artırmaq qərarına gəlib. Eyni zamanda Avropa İttifaqı da Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul edib. Beləliklə, Qərbin Rusiyaya qarşı formalaşdırdığı koalisiya daha sərt və qətiyyətli xarakter almaqdadır”.
araz.az xəbər portalı.