“Məgər Həmkarlar İttifaqları Konfederasiyasının pulu yoxdur? Rəhbərlik maaş istəyənləri, şikayət edənləri hədələyir”

Şahbuz rayonunda yerləşən “Ağbulaq” İstirahət Mərkəzinin işçiləri 3 aydır maaş ala bilmirlər. Mərkəz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyindədir. Naxçıvandakı struktur dəyişiklindən öncə mərkəz Talıbovların nəzarətində olub.

Arazpress.com-un məlumatına görə, işçilər “Gündəlik Naxçıvan”a bildiriblər ki, həmin vaxt maaşlarını vaxtlı-vaxtında ala bilirmişlər. Dəyişiklikdən sonra isə, maaşları həm azaldılıb, həm də tez-tez gecikdirilir.

İşçilər bildirilər ki, rəhbərlik maaş istəyənləri, şikayət edənləri hədələyir:

“Deyirlər ki, pul yoxdur. Bilirik ki, buraya istirahətə gələnlərin hamısı yollayışla gəlirlər. Hamısının yollayışına görə pul silinir. Məgər Konfederasiyasının pulu yoxdur? Bizim də ailəmiz, uşaqlarımız var. İşləyənlərin çoxunun 2-3 uşağı var. Ailələrimizdə yalnız bir nəfər işləyir. Ailəmizin üzünə baxa bilmirik.

Maaşları vaxtında alanda, heç olmasa banka olan borclarımızı vaxtında ödəyə bilirdik. İndi bankda bir tərəfdən borc faizlərimiz artır, digər tərəfdən də qohum-əqrabaya borclanmışıq. Bu gün sabah deyib, vermirlər. May ayından maaşlarımız qalır”.

Maaş ala bilməyən işçilər aidiyyatı qurum rəhbərinə müraciət edərək, ondan kömək istəyirlər.

araz.az xəbər portalı.