TASS-ın Baş direktorunun birinci müavini vəzifəsində çalışan Mixail Qusman Azərbaycana xüsusi simpatiyası ilə hörmətimizi qazanan tanınmışlardandır. O, həm informasiya sahəsində, həm də KVN-də Azərbaycan üçün sözün həqiqi mənasında can qoyub. Azərbaycana bu simpatiyasının qiymətini isə, Kreml Qusmanı vəzifədən azad etməklə verib. Daha doğrusu, Xankəndiyə gəldiyi üçün Mixail Qusman vəzifəsindən azad edilib. 

Arazpress.com Rusiya mətbuatına istinadən xəbər verir ki, müvafiq sərəncamı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.

75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib. 2000-ci ildən “Formula of Power” teleserialının müəllifi və aparıcısıdır. Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi (2001) və Rusiya Federasiyasının əməkdar jurnalistidir (2018).

Qusman YUNESKO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, UNESCO-nun İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiya Federasiyasının YUNESKO üzrə Komissiyasının üzvüdür.

Xatırladaq ki, 19-21 iyul tarixlərində keçirilən III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media strukturunun, eləcə də digər ixtisaslaşmış qurumların nümayəndələri iştirak edib.

Mixail Qusmanın TASS agentliyinin baş direktorunun birinci müavini vəzifəsindən azad edilməsi barədə qərar, onun Azərbaycanda keçirilən Qlobal Media Forumunda iştirak etməsindən cəmi bir-neçə gün sonra verilib. Ehtimal edilir ki, sərəncam onun Rusiya Federasiyasında isterikaya səbəb olan Xankəndində baş tutan “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzulu bu III Şuşa Qlobal Media Forumunda iştirakı ilə bağlı ola bilər.

 

araz.az xəbər portalı.