İyulun 24-də Nərimanov Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli və təqdiqatçı alim Səbuhi Hüseynovun müəllifi olduqları “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib. 

      

Arazpress.com-un əldə etdiyi məlumata görə, bu tədbirdə Milli Məclisinin deputatları, Qərbi Azərbaycan İcmasının müxtəlif struktur bölmələrinin rəhbərləri, Nərimanov rayonunun ictimaiyyəti – tanınmış ziyalılar, ictimai fəallar, gənclər və digər qonaqlar iştirak ediblər.

Təqdimat dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Qərbi Azərbaycan İrsi” kitabının tədqiqat materiallarını, Qərbi Azərbaycan həqiqətlərini əks etdirən video-çarx nümayiş etdirilib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bildirib ki, nəşr təkcə bir toplu deyil, həm də əsrlərlə formalaşmış və erməni işğalı nəticəsində zorla yarımçıq qalmış bir irsin yazılı ifadəsidir. Kitabda Qərbi Azərbaycanın müxtəlif bölgələrindəki abidələr, yaşayış məskənləri, dini və mədəni obyektlər barədə toplanmış məlumatlar xalqımızın bu torpaqlara nə qədər dərin köklərlə bağlı olduğunu bir daha sübut edir. O, kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkür edərək, qeyd edib ki, nə qədər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs yaşayır və bu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən şərəflə, ardıcıl və qətiyyətlə davam etdirilirsə, Azərbaycan müstəqilliyini möhkəmləndirəcək, dövlətçiliyini daha da gücləndirəcək, beynəlxalq aləmdə nüfuzunu artıracaq və qarşıya qoyulan strateji hədəflərə inamla irəliləyəcək.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili, nəşrin həmmüəllifi Əziz Ələkbərli təqdim olunan nəşrin cənab Prezidentin 24 dekabr 2022-ci ildə İcmanın inzibati binasnda Qərbi Azərbaycan ziyalıları ilə görüşdə icmanın qarşısına qoyduğu vəzifələr və tövsiyyələr əsasında ərsəyə gətirildiyini bildirib. Əziz Ələkbərli vurğulayıb ki, nəşrdə təqdim olunan materiallar – tarixi abidələr, dini və mədəni irs nümunələri, yaşayış məskənləri və digər faktlar – Azərbaycanın Qərbi torpaqlarında əsrlər boyu mövcud olmuş həyatın izlərini, xalqımızın bu ərazilərlə bağlı mənəvi bağlarını ortaya qoyur. Bu kitab, həmçinin, dünyaya çağırışdır: biz o torpaqlardan gəlmişik və tariximiz, mədəniyyətimiz, mənəviyyatımızla birlikdə geri dönmək haqqına malikik.

Əziz Ələkbərli əlavə edib ki, bu cür elmi və sənədli nəşrlər beynəlxalq auditoriyaya da yönəlmiş mesajlardır və dünyada belə bir metodologiya ilə nəşr olunan 3-cü kitabdır.

 

Digər çıxışçılar — Qərbi Azərbaycan İcması Nərimanov rayon nümayəndəliyinin rəhbəri Təmraz Tağıyev, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon təşkikatının sədri Elçin Quliyev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Zahid Cəfərov, İcmanın Ziyalılar Şurasının üzvü Musa Musayev, İcmanın Qadınlar Şurasının sədr müavini Telli Pənahqızı və Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov qeyd ediblər ki, Qərbi Azərbaycanda mövcud olmuş maddi-mədəni irsin sənədləşdirilməsi, elmi əsaslarla toplanaraq nəşr edilməsi yalnız Qərbi azərbaycanlılar üçün deyil, ümumən Azərbaycan tarixşünaslığı üçün də əhəmiyyətli mənbədir. Çünki Qərbi Azərbaycan məsələsi artıq yalnız daxili müzakirələrin predmeti deyil, beynəlxalq hüquq çərçivəsində gündəmə gətirilən və hüquqi əsaslara söykənən bir milli məsələdir. Çıxışçılar bu nəşrin gələcək nəsillər üçün tarixi həqiqətləri çatdıracaq qiymətli vəsait olduğunu bildiriblər.

Tədbirin sonunda Qərbi Azərbaycan həqiqətlərinin təbliğ olunmasında fəallığı ilə seçilən bir qrup şəxs İcmanın təşəkkürnamələri ilə təltif olunublar.

Tədbir bədii hissə ilə yekunlaşıb. 

araz.az xəbər portalı.