Prezidentimiz Qərbi Azərbaycan camaatının öz torpaqlarına geri qayıtması üçün də, hazırki geosiyasi şəraitin düzgün qiymətləndirməsini vacib hesab edir

Dünyada heç bir xalqın nümayəndələri Qərbi azərbaycanlılar kimi ağır məhrumiyyətlərə məruz qalmayıb: Son 200 ildə rus imperiyasının tarixi torpaqlarımızda yaratdığı indiki Ermənistan adlı dövlətin amansızlıqlarını yaşamış, 4 dəfə deportasiyaya məruz qalmış, öz dədə-baba yurdumuzdan zorla çıxarılmışıq.

Minillik tariximiz, maddi-mədəni sərvətlərimiz abidəlrimiz, kəndlərimiz, qəbiristanlıqlarımız dağıdılıb, zəngin irsimiz erməniləşdirilib. Bu amansız siyasət keçmiş SSRİ rəhbərliyinin Qərbi azərbaycanlılara qarşı ayrı-seçkiliyinin daha qəddar xarakter almasına səbəb olmuş, təkcə ötən əsrin ortalarında Stalinin göstərişi ilə 100 minlərlə Qərbi Azərbaycan sakini dəhşətli deportasiya və sürgün həyatı yaşamış, dözülməz şəraiti olan düzən ərazilərə, Kür — Araz ovalığına köçürülmüşdür.

Sonrakı dövrlərdə də, Qərbi azərbaycanlılar iradə və istəkləri nəzərə alınmadan zorla köçürülməyə məruz qalmışdır. Moskvadakı dayaqlarının köməyi ilə, Ermənistanın  Azərbaycana qarşı apardığı məkrli planların, ərazi iddialarının qarşısı yalnız Ümummilli Lider Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra tamailə dayandırılmışdır. Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verməsindən sonra, bizə qarşı növbəti amansızlıqlar yenidən başlanmış və Qərbi azərbaycanlıların Ermənistandan tamamilə çıxarılması siyasəti yekunlaşmışdır.

Qədim Göyşə mahalının Basarkeçər rayonunun Aşağı Şorça kəndinin sakini kimi, gözlərim qarşısında baş verən bu məşəqqətləri, insan itkilərini xatırladıqca, Ermənistan və keçmiş ittifaq rəhbərliyinin bizə qarşı bu ağlasığmaz hərəkətlərinə heç cür bəraət qazandırmaq mümkün deyil.

Baş verənləri xatırlatmaqda məqsədim minillik yurdumuz, tarixi ərazilərimiz olan Qərbi Azərbaycana sahib çıxmaq, öz doğma evimizə geri qayıtmaq üçün, Ermənistan Respublikasının rəhbərliyini hazırkı gerçək siyasi reallıqlara məcbur etməklə, geridönüş dalğasının konseptlərini bir daha diqqətə çatdırmaqdır.

İlk növbədə, Qərbi azərbaycanlı kimi müraciət edərək, camaatımızın öz torpaqlarına geri qayıtması üçün hazırki geosiyasi şəraitin düzgün qiymətləndirməsini vacib hesab edirəm. Unutmamalıyıq ki, biz Ermənistan Respublikasının vətəndaşlarıyıq və bu ölkənin qayda-qanunlarını nəzərə alaraq, reallığa uyğun hərəkət etməli, zor və güclə deyil, dinc şəkildə ictimai və sosial həyat tələbatlarımızı bərqərar etməliyik.

Əlbəttə, biz, Ermənistan dövləti qarşısında bütün haqq və hüquqlarımızı, digər ictimai, sosial, iqtisadi, mədəni təminatlarımızı beynəlxalq konvensiyalarda təsbit olunmuş çərçivədə qəbul etdirməliyik. Prezidentimizin bu istiqamətdə yürütdüyü uğurlu siyasətin əsas mahiyyəti də buna köklənib. 

Ermənistan hökuməti nəzərə almalıdır ki, Azərbaycan qüdrətli güclü dövlətdir və öz tarixi irsinə sahib çıxmaq, soydaşlarımızın beynəlxalq hüquqla müəyyən edilmiş haqlarının qorunmasını güc yolu ilə də həll edə bilər. Necə ki, 30 il Ermənistanın işğalı altında qalan Qarabağı, Şərqi Zəngəzuru geri alaraq, beynəlxalq hüququ özümüz təmin etdik. Eləcə də. Göyçəyə və Qərbi Azərbaycanın digər bölgələrinə soydaşlarımızın geri qaytarılmasını da, təkbaşına, öz gücümüz hesabına başa çatdıra bilərik. Ancaq biz beynəlxalq hüququn, qanunların, sülh və barışın tərəfdarı olduğumuzdan, sivil demokratik prinsiplərin üzərində dayanmışıq.

Cənab Prezident İlham Əliyev Kəlbəcərdə olarkən əlini Basarkeçər — Göyçə istiqamətində uzadaraq, öz tarixi ərazilərimizin bir addımlığında olduğumuzu işarə etməklə, Ermənistan rəhbərliyini soydaşlarımızın pozulmuş hüquqlarını bərpa etməyə çağırdı. Bu həm də ona işarədir ki, indiki Ermənistan adlı ölkə bizim torpaqlarımız hesabına yaradılıb, bir addımlığında olduğumuz Göyçə mahalında minilliklər boyu soydaşlarımız yaşayıb. Göyçə Aşıq Ələsgər, Aşıq Alı və digər qüdrətli sənətkarlarımızın doğma yurdudur, bu ərazilərdə erməni tarixini əks etdirən heç bir tarixi nümunə yoxdur. Eləcə də, Qərbi Azərbaycanın digər ərazilərində ermənilər kilsə tikərək, ətrafında məskunlaşmaqla, özlərinə yer-yurd salıblar. Bütün yer adları və digər toponimlər də tarixi sənədlərdəki inkarolunmaz faktlar kimi bunu təsdiqləyir.

Bütün bunlara rəğmən, biz, Ermənistanın beynəlxalq birlik tərəfindən tanınmış 28,9 min kv.km-lik ərazisinə iddia etmirik, onların dövlət suverenliyinə hörmətlə yanşırıq. Onlardan tələb edirik ki, bizim tarixi Vətənimizə qayıtmağımıza, pozulmuş hüquqlarımızın bərpasına hörmətlə yanaşsınlar. Ermənistan rəhbərliyi yaxşı anlayır ki, biz öz xoşumuzla, istəyimizlə Qərbi Azərbaycanı tərk etməmişik, onlar bizi zorla, amansızcasına evimizdən- eşiyimizdən didərgin salıblar.

Mənim doğulub, boya-başa çatdığım Basarkeçər rayonunu Aşağı Şorça kəndi Kəlbəcər rayonuna çox yaxın məsafədədir. Bu kəndin sakinlərinin noyabr ayında keçilməz yollarla, hansı əzab-əziyyətlərlə dağları anladıqlarını hələ də unuda bilmirəm. İndi Kəlbəcərdən kəndimizə, Göycə mahalının qayıtmaq üçün yollar daha rahatdır və qayıtmağımız üçün daha əlverişli şərait yaranıb.

Ona görə də, indi Azərbaycanda yaşasaq da, bu qüdrətli dövlətinin ən yüksək sosial iqtisadi qayğısı ilə əhatə olunsaq da, biz mütləq doğma Vətənimizə qayıtmalıyıq. Bizim bütün irsimiz, keçmişimiz, həyatımız öz doğma yurdumuzla bağlıdır. Çünki biz Ermənistan Respublikasının vətəndaşlarıyıq, özümüz, ailəmiz, övladlarımız bu ölkənin sakinləridir, Vətənimiz oradır.

1988-1989-cu illərdə evlərini tərk etmiş 250 mindən çox soydaşımızın sayı indi 500 mindən çoxdur və onların hər birinin doğma Vətəni Qərbi Azərbaycandır.

Biz ikili vətəndaş statusunda ola bilmərik; Qərbi azərbaycanlıyıqsa, indi demək Ermənistan vətəndaşlarıyıq. Qərbi Azərbaycan İcmasının beynəlxalq təşkilatlara, BMT-yə müraciət etməsinin səbəbi də, doğma Vətənə tez bir müddətdə geri dönmək, Ermənistan vətəndaşı kimi öz hüquqlarımızı təmin etmək tələbidir. Bu sarıdan beynəlxalq hüququn tələbləri də bizim tərəfimizdədir.

Bizim öz haqqımız tələb edərək, Ermənistan vətəndaşı kimi bütün imkan və imtiyazlardan faydalanmaq, o cümlədəm övladlarımızın ana dillimizdə təhsil almasını, öz milli-mədəni ənənələrimizin bərpasını, qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dilindən istifadə olunmasını və digər milli məsələlərin təmin edilməsini tələb etmək fundamental hüquqlarımızdır. Bu təminatların hər biri Ermənistan Respublikasının Konstitusiyasında əks olunub və həmin ana qanunun verdiyi bütün imkanlardan istifadə etməli, sosial-iqtisadi, ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilməliyik.

Cənab Prezident İlham Əliyev Qarabağda yaşayan ermənilərin Azərbaycan Respublikasının vətəndaşları kimi təhlükəsiz və firavan yaşamalarını təmin etdiyi kimi, Ermənistan rəhbərliyi də eyni təminatlara zamin durmalıdır. Ermənistanın BMT-nin Nizamnaməsi daxil olmaqla, müvafiq beynəlxalq hüquqi sənədlərə qoşulması da, üzərinə bu öhdəlikləri qoyur.

Bir məsələni də xüsusilə nəzərə almalıyıq ki, Qərbi Azərbaycan camaatı öz yurdlarına qayıtdıqdan sonra, onların Azərbaycan Respublikası ilə maneəsiz əlaqəsinə təminat verilməli, dayanıqlı ictimai-sosial-humanitar bağlantısı qorunmalıdır. Onlar Ermənistan vətəndaşı olsalar da, ümummilli həmrəyliyimizin qarantı olan Cənab İlham Əliyevin möhkəmləndirdiyi azərbaycançılıq ideologiyasına, milli məfkurəmizə bağlıdırlar. Harada yaşamalarından asılı olmayaraq, azərbaycanlılar öz güclərini və dövlətçilik enerjilərini Cənab İlham Əliyevdən alır. Çünki İlham Əliyev hər zaman azərbaycanlıların ümummilli dövlətçilik ruhunun istinad nöqtəsidir, milli xilaskardır.

Vaqif ABDULLAYEV, siyasi elmlər doktoru, professor. 

araz.az xəbər portalı.