Keçən il orqan mafiyası ilə əlaqədar açılmış cinayət işi üzrə ittiham hədəfi olan ABU-nun hazırda Fransada mühacir həyatı yaşayan sabiq rektoru Elşad Abdullayev barəsində İnterpolun qırmızı bülleteni ilə axtarış elan olunub.  Xatırladaq ki, Elşad Abdullayev buna qədər İnterpol vasitəsilə axtarışa verilsə də, onun sərbəst hərəkəti ilə bağlı heç bir problemi yaranmamışdı.

Arazpress.com bildirir ki, indi isə, dia.az-a daxil olan son informasiyalarda Elşad Abdullayev barəsində qırmızı bülletenlə axtarış elan edildiyi barədə məlumat var.  Bu da ki, keçmiş rektorun yaxın günlərdə həbs olunaraq, Azərbaycana gətirilmə ehtimaını yüksəldir.

Onu qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının söküləcəyi ilə bağlı məlumat var. Məlumatda vurğulanır ki, 60 milyon dollar qiymətində dəyərləndirilən universitetin inzibati binası Rusiya hökuməti tərəfindən söküləcək. Çünki Azərbaycan tərəfi təhsil ocağına sahib çıxmaq istəməyib. Aidiyyatı qurumlara müraciətlər də nəticəsiz qalıb.

Təhsil müəssisəsinin təsisçisi, hazırda beynəlxalq axtarışda olan Elşad Abdullayev Fransada mühacir həyatı yaşadığından, Azərbaycan Təhsil Nazirliyi universitetə sahib çıxmadığından, Rusiya hökuməti məhkəmə qərarına əsasən, təhsil müəssisəsinin sökülməsi haqda qərar qəbul edib. Artıq 1 aydan sonra təhsil müəssisəsinin daşı-daş üstə qalmayacaq. 60 milyon dollarlıq əmlak yerlə-yeksan olacaq.

Azərbaycan tərəfi Elşad Abdullayevi beynəlxalq axtarışa verdiyi halda, Azərbaycanın Rusiyadakı Konsulluğu ziddiyyətli mövqe sərgiləyir. Belə ki, Konsulluq Elşad Abdullayevin adının İnterpol xətti ilə beynəlxalq axtarışdan çıxarıldığını, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektorunun keçmiş Sovet respublikalarının birinin ərazisində axtarıldığını qeyd edib.

Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən bu şəxsin fəaliyyətində aşkarlanan və barəsində açılan cinayət işində, onun təqsirli şəxs olaraq axtarışı beynəlxalq səviyyədə verilmişdimi? Vardısa, bəs, o axtarış hanı, necə oldu ki, ləğv edildi?! Bütün bunlar oyundurmu, yoxsa həqiqətdə Elşad Abdullayev beynəlxaq axtarışa verilməyib?

İddialara görə, Elşad Abdullayevin beynəlxaq axtarışa verilməsi ləğv edilib. Bu şəxs barəsində MDB ölkələri ərazisində axtarış verilib. Lakin Baş Prokurorun Elşad Abdullayevin beynəlxalq axtarışının İnterpol tərəfindən aparıldığına dair rəsmi məktubunda cümlələr yer alıb. Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan Konsuluğunun rəsmiləri və digər QHT rəhbərlərinin yazılı verdikləri cavabda qeyd edilir ki, bu şəxslə bağlı İnterpol axtarışı dayandırılıb. MDB ərazisi üzrə axtarış isə qüvvədədir.

Bu ciddi məsələ barəsində baş çıxarmaq mümkün olmur. Ölkədə cinayət əməli törətməkdə ittiham edilən şəxs barəsində Baş Prokurorluq beynəlxalq axtarış verir. Lakin Rusiyada Azərbaycanı təmsil edənlər bu axtarışı ləğv etdirərək, həmin şəxsin yaşamadığı yerlərdə axtarılmasını istəyirlər. Bunu hansı səlahiyyətlə etdiklərini açıqlaya biləcək vəzifə sahiblərinin mövqeyini bilməyimiz daha yaxşı olardı. 

araz.az xəbər portalı.