
Dünən xəbər yayılıb ki, Rusiyadakı azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus “Railgo” şirkətinin ofisində axtarışlara başlanılıb. Səhər saatlarında şirkətin Moskvanın Lujniki rayonundakı ofisinə xüsusi təyinatlılar və müstəntiqlər gələrək, sənədləri müsadirə edib. Onlar, həmçinin, əməkdaşların binanı tərk etməsinə də icazə verməyib.
Lakin bu şirkətin məsul şəxsləri ofislərində axtarış aparılması ilə bağlı məlumatları təkzib edib.
Arazpress.com şirkətdən verilən məlumata əsasən bildirir ki, dünən – 25 iyul 2025-ci il tarixində “Railgo”nun ofisində iş adi ştat rejimində aparılıb.
Eyni zamanda qeyd edilib ki, şirkətlə bağlı heç bir əməliyyat-istintaq tədbiri keçirilməyib.
Qeyd edək ki, sözügedən şirkət Qara dəniz vasitəsilə neft və neft məhsullarının daşınmasını həyata keçirir. “Railgo”nun daşıdığı neftin bir qismi də Azərbaycana məxsusdur.
Xatırladaq ki, Rəhman Xəlilov məşhur azərbaycanlı oliqarx İsgəndər Xəlilovun oğludur.
araz.az xəbər portalı.