
Son iyirmi ildə peyklər genişmiqyaslı bir böhranı qeydə alıblar: Yer kürəsinin qitələri görünməmiş sürətlə quruyur. 2002-ci ildən bəri hər il su itkisinə məruz qalan torpaq sahəsi iki dəfə artıb.
Reyting.az-ın məlumatına əsasən Arazpress.com bildirir ki, alimlərin “Science Advances” jurnalında yeni tədqiqatı dərc olunub. Yeni tədqiqat göstərir ki, böhran həm göllər və çaylar kimi səthi su hövzələrinin, həm də dünyanın müxtəlif yerlərindəki içməli suyun əsas mənbələri sayılan yeraltı su qatlarını əhatə edir.
Beləliklə, tədqiqatçıların qeyd etdiyi kimi, artıq Şimal yarımkürəsində ciddi quraqlıq yaşayan bölgələr formalaşıb.
Alimlər mövcud durumu çox kritik hesab edirlər. Onların fikrincə, hazırda dünya əhalisinin 75 faizi şirin su çatışmazlığı ilə üzləşmiş ərazilərdə yaşayır.
“Bu, kənd təsərrüfatına, sanitariyaya və iqlim dəyişikliyinə davamlılığa mənfi təsir göstərir. Bu meyl, həmçinin artıq yağıntı az olan bəzi bölgələrin getdikcə daha da səhralaşmasına səbəb ola bilər”, — deyə, alimlər qeyd ediblər.
Bildirilir ki, ən çox zərər görən ərazilər Şimali Amerikanın qərb sahillərində, eləcə də Şimali Amerikanın cənub-qərbində, eyni zamanda Mərkəzi Amerika, həmçinin Yaxın Şərqdə, həm də Cənub-Şərqi Asiyada yerləşir.
Alimlərin fikrincə, qitə sularının itirilməsi hazırda Qrenlandiyada, Antarktidada buzlaqların əriməsindən daha da çox dünya okeanının səviyyəsinin artmasına səbəb olur. Əvvəllər rütubətlənmə meyli müşahidə olunan əksər regionlar isə indi quru sahələrə çevrilməyə başlayır və yaxud da əvvəlki qaydada nəmlənmir.
Araşdırmanın sonunda tədqiqatçılar bir daha iqlim dəyişikliyinin nəticələrinin nəzarətdə saxlanmasının çətin olduğunu vurğulamaqla, su ehtiyatlarının idarə olunması üçün daha səmərəli metodların təcili hazırlanmasına çağırış ediblər.
araz.az xəbər portalı.