
REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Tarif Şurasının son qərarlarını kəskin tənqid edib. O bildirib ki, konstitusiyaya zidd şəkildə yaradılmış bu qurum əhalinin qəzəbini üzərinə çəkmək üçün alətə çevrilib.
Arazpress.com-un xəbərinə görə, Natiq Cəfərli bildirib ki, Tarif Şurası bu dəfə 207 yeni dövlət qeydiyyatına alınmış, daha əvvəl qeydiyyatda olan isə 79 dərmanın qiymətini artırıb. Cəmi 3 adda dərmanın qiymətində endirim tətbiq edilməsi isə qərarın balanslı görünməsi üçün “insaflı davranış” görüntüsü yaratmaq cəhdidir.
REAL sədrinin fikrincə, Tarif Şurasının dərman qiymətlərinə müdaxiləsi bazarda ciddi problemlər yaradıb:
“Şura fəaliyyətə başlayandan bəri 300-ə yaxın orta və kiçik dərman şirkəti, nümayəndəlik bağlanıb. Rəqabət ölüb, inhisarçılıq artıb. Qiymətlər yüksəlib, lakin keyfiyyət kəskin şəkildə azalıb. Hökumət isə hələ də bu yanlış ‘tənzimlənən qiymət siyasətindən’ əl çəkmək istəmir”.
Natiq Cəfərli həmçinin istilik tariflərinə edilən son dəyişiklikləri də tənqid edib. Belə ki, Tarif Şurasının qərarı ilə əhali istehlakçı qrupu üçün istilik xidmətinin tarifi 1 Qkal üçün 14,6 manatdan 21 manata, sayğacsız abunəçilər üçün isə hər kvadratmetrə görə 0,3 manatdan 0,45 manata qaldırılıb. Bu da təqribən 50 faizlik bahalaşma deməkdir.
O, “Azəristiliktəchizat” ASC-nin bu müddət ərzində xidmət keyfiyyətini 50% artırmadığını vurğulayaraq, qiymət artımının əsassız olduğunu bildirib:
“Təbii inhisarçı olan ‘Azəristiliktəchizat’ əhaliyə xidməti əhəmiyyətli dərəcədə yaxşılaşdırıbmı ki, qiymətlər bu qədər kəskin artırılıb? Əlbəttə, qərarı birbaşa hökumət yox, onun yerinə məsuliyyətdən yayınmaq üçün uydurulmuş Tarif Şurası verib”.
araz.az xəbər portalı.