Hörmətli Dəyanət Fərzəliyevi 20 ildir yaxından tanıyıram. Bəzən elə situasiyalar yaranır ki, bir insanı yaxşı tanımaq üçün uzun illərə ehtiyac qalmır.  Dəyanət müəllim təhsil sahəsində rəngarəng, zəngin, uğurlu bir yol keçib və bu sahədə dolğun təcrübə qazanmışdır.

Təhsildən ayrılmasını  eşidəndə əvvəl inanmaq istəmədim, çox düşündüm və bu aura ilə də onun nadir insanlara məxsus, mükəmməl şəxsi keyfiyyətləri haqqında bir neçə söz demək qərarına gəldim. Açığı, onun haqqında xoş duyğularla ürəyim dolu olsa da, yazmağa başladığım ilk andan bunları tam ifadə etməyin asan olmadığını hiss etdim.

Bulaq suyunun saflığı qədər şəffaflığı, daxili mədəniyyətdən doğan səmimiyyətin, davranışın məmnunluq yaradan gözəlliyi, qeyri- adi  təvazökarlığı, mənəvi tələbatına çevrilmiş vətənpərvərliyi, amal, əqidə daşıyıcısı olan insanın dürüstlüyü, etibarlılığı, şəxsi qürur və ləyaqətini hər şeydən uca tutulmasını sözlə necə, ifadə etmək mümkünmü?…

 Zamanla, dəfələrlə həyatda böyük dəyər verdiyim, qarşılıqlı inamımız olan mötəbər şəxslər vacib bir məqamda məndən soruşub ki, flankəs haqqlnda nə deyə bilərsən?

Belə vəziyyətdə, mən yalnız özümə cavabdeh ola bilərəm deyə cavab vermişəm. Ancaq Dəyanət müəllim haqqında əminliklə deyə bilərəm ki, tutduğu bütün vəzifələrdə səlahiyyəti daxilində hər zaman vicdanlı, təmənnasız və ədalətli olub, təhsilin inkişafı, gələcək nəslin savadlı, vətənpərvər ruhda  böyüməsi üçün maksimum bacarıqları ilə çalışıb.

Aydındır ki, indi bütün peşələrdə öz sahəsini mükəmməl bilən, rəqabətqabiliyyətli kadrlara ehtiyac vardır. Ancaq fikirləşirəm ki, təhsil sahəsini, gələcəyimizin qurucusu olan gənc nəsilin təlim, tərbiyəsi kimi strateji sahəni yönəldən, idarə edən şəxslər, bu sahədə bütün pillələrdə işləyən məmurlardan nazirə qədər hər biri  peşəkar bacarıqları ilə bərabər,  digər sahələrdə çalışanlardan daha çox, həm də dəyərlər daşıyıcısı, əsil İNSAN olmlıdırlar. Axı, bütün peşələrdə çalışanlar təhsil sistemində yetişir, tərbiyə olunur, formalaşır.

Təhsil sistemində əməlləri, davranışı, şəxsiyyəti və fəaliyyəti ilə nümunə, örnək ola bilən insanlar əvəzolunmaz simalardır, onlar həmişə lazımınca dəyərləndirilməli, qorunmalıdır.

Xatırlayıram, təhsilin idarə olunması sahəsindən zamanla elə şəxslər ayrılıb, gedib ki, onların yeri həmişə görünür, əvəzediciləri yoxdur.

Qırx ilə yaxın təhsil sahəsində idarəetmə strukturunda çalışan, bu sahədə yuxarı səviyyədə idarəetmə pillələrində işləyən şəxslər haqqında müəyyən qədər məlumata malik olan biri kimi tərəddütsüz deyə bilərəm ki, Dəyanət müəllim bütün parametrlər üzrə bacarığı, o cümlədən şəxsiyyəti ilə nümunə olan, təhsil sahəsində az saylı dövlət məmurlarından biri olub. Onun təhsildən getməsi təhsilimiz üçün sıradan bir hadisə deyil…

Düzü, yaxından tanıdığıma görə, “onu təhsil sahəsində daha yüksək üst qrumlarda görmək doğru olardı” deyə düşünürəm…

Əlbəttə, Dəyanət müəllim TƏBİB-də işləməyə dəvət olunub və könüllü olaraq daha yüksək bir vəzifəyə gedib. Ancaq təhsilimizin təssübkeşi olan heç kim belə bir dəyərli təhsil işçisinin getməsini istəməzdi… Əminəm ki, onu dəyərləndirib, dəvət edənlər çox ağıllı şəxslərdir.

Qısaca olaraq xatırladaraq bilməyənlər üçün qeyd edim ki,  Fərzəliyev Dəyanət Xaliq oğlu hər şeydən əvvəl bütün parametrlər üzrə yaradıcı, nümunəvi müəllim, təhsil işçisi olduğunu təsdiq edib. Təsadüfi deyil ki, 2014-2015-ci tədris ilində respublika səviyyəsində “İlin Ən Yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.

2016-cı ildə Təhsil Nazirliyinin keçirdiyi “Təhsil Meneceri” müsabiqəsinin bütün mərhələlərindən uğurla keçərək bir sıra rayonlar üzrə “Təhsil Meneceri” təyin olunmuşdu.

2017-2018-ci illərdə Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci və 2-ci  qrant müsabiqəsi”nin qalibi olub.

Uzun illər təhsilin müasir tələblərinə aid mövzular üzrə respublikada təlimçi kimi fəaliyyət göstərib.

2019-2021-ci illər Təhsil Nazirliyi, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin respublikamızın bir sıra rayonları üzrə layihə koordinatoru kimi fəaliyyət göstərmiş və Təhsil Nazirliyinin regionda keçirdiyi bütün tədbirlərin əsas təşkilatçılarından biri olmuşdur.

23 iyun 2022-ci il tarixdən bəri Qarabağ Regional Təhsil İdarəsində inzibati təşkilat sektorunun müdiri vəzifəsində çalışırdı.

İndi isə artıq başqa bir sahədə TƏBİB-də fəaliyyətini davam etdirəcək. Tam əminəm ki, burada da az vaxtda uğur, hörmət qazanacaqdır. 

Şübhəsiz ki, Dəyanət müəllim harada olmasından asılı olmayaraq son günlər sosialda, şəxsi səhifəsində qeyd etdiyi kimi, ruhən təhsildən ayrılmır:

“Hansı sahədə çalışmağımdan asılı olmayaraq, hər zaman təhsilin inkişafına dəstək göstərməyi özümə borc bilirəm”.   

Hörmətli Dəyanət müəllim! 

Sizi yeni təyinatınız münasibətilə təbrik edirəm, yeni sahədə nailiyyətlər arzulayıram! Qazanan TƏBİB, bütün hallarda Azərbaycanımızdır! 

Böyük amallar naminə uğurlarınız davamlı olsun! /mia.az/

Vahid TAĞIYEV. 

 

araz.az xəbər portalı.