İndi ölkədə ev uçurmaq adi hala çevrilib. Bu cür xəbərlər artıq qulaq yaramızdır. Səlahiyyət sahibləri heç nəyi saymırlar. Onların paytaxtın özündə belə vətəndaş mülklərinin sökülməsi ilə bağlı yaratdıqları vəziyyət həqiqətən hər kəsi ciddi şəkildə narahat edir. Nə olsun ki, sakinlərə qarşı bu cür ədalətsizliyi ictimaiyyət qətiyyətlə pisləyir…

Elə buna görədir ki, bu bazar günü paytaxt Bakının düz qulağının dibində, Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki Yeni Yaşayış Massivi ərazisində daha bir vətəndaşın tikilisi başına uçurulub. Söküntüyə göstəriş verən hegemon əməl sahibləri isə, qəsəbənin icra strukturunun və bələdiyyə orqanının rəhbər şəxsləri olublar.

Yeri gəlmişkən qeyd etmək istəyirik ki, mülk sahibi Fərmayıl Aydın oğlu Şirinovdan heç nə öyrənmək mümkün olmayıb. Kasıb ev sahibi stress və sarsıntı məngənəsindədir.
Yalnız onu deyə bilib ki, bununla bağlı ona heç bir xəbərdarlıq olunmayıb da.

Qonşu ev sahibləri də nə edəcəklərini bilmirlər. Hegemonçu xislət sahibləri qaz xəttini qıraraq, camaatı qazsız qoyublar. Artıq çoxlu sayda ailə faktiki olaraq qazsız qalıb.

“Vətəndaşın evini uçurmaq, onu çöldə qoymaq heç bir qanun çərçivəsinə sığmır. Ev yıxanlar, bunun sifarişini verənlər məgər bilmirlər ki, insan özbaşına tikinti aparmır? Məgər onu da bilmirlər ki, insanlar o evləri tikmək üçün hansı rəsmi ünvanlara külli miqdarda nə qədər rüşvət veriblər? Belə olmasa icra hakimiyyətləri, polis, bələdiyyə orada daşı-daş üstünə qoymağa imkan verərdi?

Rəsmi şəxslərin vaxtilə yol verdiyi qanunsuzluğun cəzasını sadə vətəndaşlar çəkməməlidirlər. İnsanın da bir dözüm həddi var. Bu hədd bitəndə etiraz dalğasının qarşısında dayanmaq mümkün olmayacaq.

Yazığın digər tikilisinin divarları da çat verdi. Nə edəcək, bilmirik, axı kasıb adamdır…” — qonşular etirazlarını belə ifadə ediblər.

Vətəndaşa qarşı belə haqsızlığın nə demək olduğu bizə də aydındır. Mülk sahibinin tikilisinin uçurularaq, onun çöldə qoyulması heç bir qanuna sığmır. Biz hər bir məsələnin qanunla həll olunmasının tərəfindəyik deyə, bu hadisə ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.

Hələliksə, Arazpress.com-un əməkdaşı tərəfindən lentə alınan və nifrət doğuran məmur özbaşınalığını özündə əks etdirən foto və video görüntüləri ictimaiyyətin diqqətinə çatdırmağı media nümayəndələri olaraq özümüzə borc bilirik.

 

Məhi ELSEVƏR,

araz.az xəbər portalı.