
Daha bir yurd həsrətli həmvətənlimiz — özümə əziz bildiyim İmran Nurəliyev də dünyasını dəyişdi.
Qərbi Azərbaycan layihəsi çərçivəsində ilk görüşümüzü elə İmran Nurəliyevin evindən başlamışdıq. Nurani çöhrəsi, xoşgörülü insan olması ətrafındakı insanlarda özünə qarşı hörmət hissi yaradırdı İmran dayı. Maraqlı, yadda qalan görüş oldu, xatirəyə çevrildi.
İmran Nurəliyev 1937-ci ildə Şərur — Dərləyəz qəzasının Çivə kəndində anadan olub. İlk təhsilini Çivədə alıb. Lakin…
İmran Nurəliyevin dediklərindən:
“1951-ci ildə Çivə kəndində yerli hökumətdəkilər iclas edib, bildirdilər ki, buradan köçməliyik. Stalinin əmridir. Əgər indi köçsək, dövlət hesabına köçəcəyik. Lakin sonraya qalsaq, öz hesabımıza getməliyik”.
Onlar 1951-ci ilin payızında Məmmədağa Qəmbərov, Calal Abbasov, Qasım Abbasov və Əlkbər Abbasovla (dayılarıdır — red.) birlikdə dogma kəndlərindən deportasiya edilərək, yük vaqonlarında əvvəlcə Yevlaxa, sonra isə Bərdə rayonun Xanərəb kəndinə köçürülüblər. Bir qış mövsümü Xanərəb kəndində qaldıqdan sonra, İmirli kəndinə qayıdıblar.
İmran Nurəliyev də bundan sonra orta təhsilini bir müddət İmirli, qonşu Şahvələr və Xanərəb kəndlərində davam etdirib. Əbdürəhman Vəzirovun hakimiyyəti dönəmində köç biletlərini müəmmalı şəkildə onlardan yığıblar…
…Bu da, daha bir deportasiya əzabkeşinin həyatı. İmran dayı Qərbi Azərbaycan İcmasının tərkibindəki Çivə İcmasının kompakt yaşadığı Bərdə rayonu İmirli kəndində dəfn edilib.
Ruhu şad olsun! Allah rəhmət eləsin, məkanı cənnət olsun!
Səməd VƏKİLOV,
“Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri, araşdırmaçı-hüquqşünas.
araz.az xəbər portalı.