Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimində etdiyi çıxış geniş rezonans doğurub və müzakirələrə səbəb olub. Xalq yazıçısı çıxışında taleyin ironiyasına diqqət çəkərək bildirib ki, artıq dostlarının vida mərasimlərində, dəfnlərində çıxış edir. O, tənha qaldığını, yaxın dostlarının tədricən dünyadan köçdüyünü qeyd edib.

Arazpress.com bildirir ki, çıxışı zamanı: “Elçin mənim üçün yalnız istedadlı yazıçı yox, həm də çox vəfalı və etibarlı dost idi. İndi bilmirəm kimə zəng edəcəyəm. Artıq neçə illərdir ki, dostlarımın dəfn mərasimlərində çıxış edirəm. Bu, mənim üçün çox ağırdır”,  — deyən yazıçının kövrəlməsi və ağlaması da, görənləri xeyli duyğulandırıb.

Axı, Anar necə kövrəlib, ağlamasın?! Yaşıddaşı olan şair və yazıçıların sırası getdikcə seyrəlir. O nəslin nümayəndələrindən çox az yaşayanlar var. Şair Məmməd İsmayıl və Ramiz Rövşənlə də Anarın normal münasibətlərinin olduğu deyilir. Amma, o, Elçin Əfəndiyevlə daha yaxın dostluq edirmiş. Buna görə də onun həyatdan köçməsi AYB sədrini çox sarsıdıb.

Anar Rzayevin bir yaşıddaşı da yazıçı Əkrəm Əylislidir. Amma onlar uzun illərdir küsülüdürlər. Bu haqda hər iki yazıçı müxtəlif vaxtlarda mətbuata açıqlama da veriblər.

Arazpress.com onu da bildirir ki, Globalinfo.az-a danışan Anar Rzayev indi dostluq etdiyi bir-neçə şəxsin olduğunu deyib. Bu dostluqda hətta Əkrəm Əylislinin adını da xüsusi olaraq vurğulayıb və onunla küsülü olmadığını bildirib:

“İnanın ki, heç kimlə küsülü deyiləm. Ramiz Rövşən cavan olsa da, ən yaxın dostlarımdan biridir. Sadəcə, Elçin Əfəndiyev mənimlə həmyaşıd idi. Məmməd İsmayılla da hər zaman gözəl münasibətlərim olub. Əkrəm Əylisli ilə barışmaq məsələsinə gəlincə isə, o məndən inciyib. Barışmaq istəyirsə, buyursun, barışıq əlini uzatsın. O yaşım deyil ki, kiməsə nəyisə izah edib, addım atam. Çünki baş verənlərdə mənim heç bir günahım yoxdur. Ona görə də əl uzatmıram”.

Anarın bir zamanlar yaxın dostu olan bu yazıçı ilə bağlı maraqlı fikir səsləndirməsinə, onunla düşmən olmadığını, hətta barışmaq istəsə, bunu müsbət qarşılayar deməsinə Əkrəm Əylislidən dərhal cavab olub.

Yeri gəlmişkən qeyd edək ki, Əkrəm Əylisli dünyasını dəyişən Elçin Əfəndiyevlə küsülü olduğunu da bildirib. Onunla bir müddət öncə barışdığını qeyd edib:

“Təəssüf ki, səhhətim Elçinlə vidalaşmağa imkan vermədi. Ona görə də dəfnində iştirak edə bilmədim. Onunla çox yaxın olmuşuq. Lakin məlum hadisələrlə bağlı əlaqələrimiz kəsilmişdi. Bir müddət əvvəl Elçin Türkiyədə əməliyyat olundu, 38 gün xəstəxanada qaldı. Oradan qayıdan kimi mənə zəng etdi. İllərdir eşitmədiyim səsini eşitdim, çox sevindim. Onun səsində bir nisgil var idi. Xeyli söhbət etdik, dərdləşdik. Elə danışdı, sanki bütün illərin əvəzini çıxırdı. Bundan sonra yenə bir-neçə dəfə əlaqə saxladıq. Görünür, öləcəyini hiss edirmiş…”.

O, Anar Rzayevdən bərk incidiyini bildirib:

“Zamanında mənim əleyhimə fikirlər səsləndirdi, müraciətlər etdi. Bunu başqası etsə, inciməzdim. Amma ən yaxın adamımım mənə qarşı bu davranışı qəlbimi qırdı. 

Öləcəyimi bilsəm də, Anarla barışa bilmərəm. Ən pis zərbəni o mənə vurdu. Çox sağ olsun, Allah hər kəsin köməyi olsun!”.

araz.az xəbər portalı.