“Tarixi Zəfərin beşinci ildönümü ərəfəsində olan Azərbaycanın dirçəlişi silahla olduğu qədər — əslində, ondan da çox, iradə və irfanla şərtlənir. Bu Zəfərin özəyində yüzillər boyu kök atmış milli-mədəni yaddaş, milli-mənəvi ruh dayanır. Zəfər torpaq üzərində qazanılmaqdan ziyadə, ruh, düşüncə, kimlik üzərindən qazanıldı”.

Arazpress.com bildirir ki, bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, CASCFEN-in İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

Bu yük şərəfli olduğu qədər, məsuliyyətlidir

Ə. Qoşalı bildirib ki, indi o Zəfərin şərəf yükü, o irsin sabahı gənc nəslin çiyinlərindədir. Bu yük şərəfli olduğu qədər, məsuliyyətlidir: çünki öz kimliyini bilməyənin Zəfəri nəyə yarar?..

Ustad Zəlimxan Yaqub demiş:

“Dünənini, sabahını bilməyən,
Öz günümdən, vədəsindın danışar…”.

Müsahibin sözlərinə görə, Azərbaycan — yalnız sərhədlərlə qapanmış ölkə deyil:

“Azərbaycan ruhi güc və yaddaşla qurulan ulu vətəndir. Bu vətənin toxumları “Kitabi-Dədə Qorqud”un sözündə, Nəsiminin xarakterində, Xətainin könlündə, Füzulinin qələmində, muğamın ahəngində, sazın ululuğunda, halayların çağırışındadır. Bax, bu, hər biri gənc nəsil üçün bir özünütanıma dərsi dəyərindədir. Özünü, sözünü bilən hər bir gəncimiz – Qalib Azərbaycanın kökü, dirəyidir. Əgər bu köklər unudularsa, çiçəklər solmazdan belə, ruhda quraqlıq başlar…”.

Gənc nəslə mədəni irsi öyrətmək – tarix danışmaqdan daha üstün hadisə – şüur oyatmaqdır

“Necə deyərlər, mədəniyyətə – keçmişin vitrini deyib keçməməli, onu gələcəyin nəfəsi, sabahların vicdanı saymaq lazım. Gənc nəslə mədəni irsi öyrətmək – tarix danışmaqdan daha üstün hadisə – şüur oyatmaqdır. Bu öyrətmənin forması dərslikdə başlaya bilər, lakin o, şeirə çevrilməli, mahnıya dönməli, rəngli ilməyə, naxışa adlamalı, davranışa hopmalıdır. Mədəniyyət muzeydə qorjmasında qalmamalı, gəncliyin gözündə, baxışında, hərəkətində və qərarında yaşamalıdır”, –– deyə, Ə. Qoşalı əlavə edib.

Bugünkü gənc nəsil – artıq Qələbə nəslidir

Qeyd olunub ki, bugünkü gənc nəsil – artıq Qələbə nəslidir:

“Bu nəsil torpaqların azad olunmuş ruhuna, şəhidlərin qutsal niyyətinə cavab verməli, yalnız vuran deyil, qoruyan, anlayan, yaşadan gənclik olmaq durumundadır. Qalib Azərbaycanın və ümumtürk coğrafiyasının qarşısında ən böyük mədəni və mənəvi çağırış: bu Zəfəri gələcəyə kök salmış bir yaddaşla aparmaqdır. Türk gənci artıq çağdaş dünyanın kodlarını oxuyarkən öz irsini itirmədən, əksinə – öz irsindən güc alaraq bu kodları çözməlidir”.

Milli-mənəvi yaddaş – bizə verilmiş miras olmaqla yanaşı, bizdən sonrakı nəsillərə çatdırılmalı əmanətdir

Müsahib onu da əlavə edib ki, öz qaynağını ən azı Dədəm Qorquddan götürən mədəniyyətimiz yaşasa, ulusumuz yaşayacaqdır:

“Bu səbəbdən də təkcə Azərbaycan deyil, bütün Türk dünyası bu irsi yaşatmaq və öyrətmək kimi ortaq məsuliyyət daşıyır. Gənc nəsillərimiz Qarabağda da, Dərbənddə, Təbrizdə, Kərkükdə də, Xəzərin o tayında -Türküstanda da, Anadoluda, Balkanlarda da Türk ruhunu tanımalı, onu yaşatmalı, onu gələcəyə daşımalıdır. Çünki milli-mənəvi yaddaş – bizə verilmiş miras olmaqla yanaşı, bizdən sonrakı nəsillərə çatdırılmalı əmanətdir. Və bu əmanəti qorumaq, yaşatmaq, zənginləşdirmək – Qalib Azərbaycan gəncinin, eləcə də bütün Türk dünyası gənclərinin qutsal borcudur”.

Nihat GÖYTÜRK

araz.az xəbər portalı.