
Qohumumuzun yas mərasimi ilə əlaqədar bu həftə Yevlax rayonuna getmişdim. 40 dərəcədən yuxarı havada, gecə birdən-birə bütün Yevlax şəhərində işıqlar söndü. Bəzi obyektlərdən başqa, hər yer zil qaranlıq oldu. Temperaturun yüksək olduğu bir vaxtda işığın olmamasının fəsadlarını deməyə ehtiyac yoxdur.
Belə günlərdə hamı evlərinə girib, kondisioneri qoşur ki, bir az nəfəs ala bilsin. Özü də, elektrik kəsilməsi avqustun 5-i gecə saatlarında oldu. İstinin lap dözülməz vaxtında. Mən “Azərişıq”, “Azərenerji” rəhbərlərindən soruşmaq istəyirəm ki, görəsən, ağızdolusu fasiləsiz elektrik enerjisi təminatı deyəndə nəyi nəzərdə tuturlar?
Əgər həmin qəza baş veribsə, onda bu barədə məlumat versinlər, biz də bilək. Nədənsə, belə hadisələr olanda adını çəkdiyim qurumların rəhbərlərinin şəxsi mülklərində, obyektlərində işıq gur yanır, fasilə vermir.
Özünüzü düşünəndə, heç olmasa bir az da bu camaatı düşünün. Avadanlıqlarınız gərginliyə tab gətirmirsə, bu da sizin məsuliyyətsizliyinizin nəticəsidir. Tenderlə gördüyünüz işlərdir. İşıq pulunu bir gün gecikdirən kimi, xəbərdarlıqsız kəsib gedirsiniz.
Demirsiniz ki, evdə sakinin televizoru, kompüteri, soyuducusu və başqa məişət əşyaları işləyir, xəttdən ayıranda xarab ola bilər. İnsanlar bunları pul verib alıblar. Hansısa məsuliyyətsiz nəzarətçi idarədəki məsuliyyətsiz rəhbərinin göstərişi ilə naqili xəttdən ayırmaqla, əhaliyə nə qədər ziyan vurur.
Bunun hesabını kim verəcək? Nə vaxt hər kəs öz öhdəsinə düşən işi düzgün görəcək? Niyə xalqı dövlətindən narazı salırsınız?
Sima BABAYEVA.
araz.az xəbər portalı.