
Əkrəm HƏSƏNOV —————————————
Ermənistlanla sülh müqaviləmizin məhz ABŞ-da bağlanması məntiqlidir. Konflikt haradan ilham almışdısa, orada da bitir. Əvvəllər də bu barədə fikir bildirmişəm: ermənilərin bizə qarşı ərazi iddialarına vəsvəsəni Qərb vermişdi. Niyə? SSRİ-ni zəiflətmək və dağıtmaq üçün.
Yalnız sadəlövh insan inana bilər ki, münaqişəni Moskva yaratmışdı. Heç bir dövlət ərazisində etnik münaqişənin yaranmasını istəməz, ən azı ona görə ki, bu, milli şüuru gücləndirir (əksinə, hər bir dövlət etnik azlıqların əriməsini və vahid millətin olmasını istəyir) və daxildə əlavə problemlər yaradır, dövlətin vahidliyinə xələl gətirir.
Təsəvvür edə bilərsinizmi ki, biz Qubada yəhudilərlə ləzgilərin münaqişəsində maraqlı olaq? Əlbəttə, yox! Buna görə də erməniləri qızışdıran yerli diasparun əli ilə ABŞ olub. Lakin SSRİ dağılandan sonra rollar dəyişdi: Konfliktdən artıq Rusiya yararlanmağa başladı ki, Bakı və İrəvan ondan asılı qalsınlar. Qərb isə, əksinə, konfliktin tezliklə bitməsində maraqlı idi ki, Rusiya ondan sui-istifadə edə bilməsin. Özü də, Qərb üçün konfliktin hansı tərəfin qələbəsi ilə bitməsi elə də maraqlı deyildi, əsas o idi ki, bitsin.
Yekunda, bizim birmənalı zəfərimizdən sonra Qərb istəyinə nail oldu və Rusiya oyundan kənar vəziyyətdə qaldı. Düzdür, son nəticədə bu həm Azərbaycanın, həm də Ermənistanın xeyrinə oldu. Amma əsas qalib ABŞ-dır və bu gün ilk növbədə onun təntənəsidir: Başladığı münaqişəni yekunlaşdırır…
araz.az xəbər portalı.