
Avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda Cənubi Qafqazın gələcəyini dəyişdirəcək tarixi hadisə baş verdi. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan görüşərək sülh yolunda mühüm addım atdılar.
Bu görüş nəticəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətni razılaşdırıldı və xarici işlər nazirləri tərəfindən paraflandı. Bu, sadəcə bir sənəd deyil, regionda uzun illər davam edən ciddi gərginliklərin aradan qalxmasına doğru atılan real və tarixi bir addımdır.
Ümumiyyətlə, Azərbaycan Respublikası daim bölgədə sülh və əməkdaşlıq mühitinin yaranması üçün təşəbbüslər irəli sürüb. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından sonra, bu proses üçün real zəmin yaranıb. İndi isə, həmin zəmin üzərində sülh sazişi tam olaraq reallığa çevrilməkdədir.
Vaşinqton razılaşması bir çox mühüm məqamları özündə ehtiva edir: 907-ci düzəliş və ATƏT-in Minsk Qrupu ləğv edildi, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı, Naxçıvana maneəsiz gediş-gəliş təmin olundu, üstəlik, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq memorandumuna da imza atıldı.
Prezident İlham Əliyev bu görüşdə bildirib ki, bu razılaşma təkcə bizim bölgəmiz üçün yox, bütün dünya üçün yeni imkanlar açır: “Tramp rifah və sülh marşrutu” adlandırılan layihə ilə yeni əlaqələr qurulacaq, sərmayə və sabitlik üçün geniş imkanlar yaranacaq.
Bu səfər həm də Azərbaycanla ABŞ münasibətlərində yeni səhifə açdı — Strateji Tərəfdaşlıq Xartiyası üçün Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumunun imzalanması iki ölkə münasibətlərini getdikcə daha da möhkəmləndirəcək. Bundan əlavə, ABŞ Prezidenti tərəfindən 907-ci düzəlişin tətbiqinin dayandırılması rəmzi və siyasi baxımdan çox önəmli hadisə kimi real qiymətini alacaq.
Konkret desək, artıq Cənubi Qafqazda müharibə səhifəsi bağlanır və sülh, rifah, əməkdaşlıq dövrü başlayır. Bu uğurun əsasında isə, ölkə Prezidenti möhtərəm İlham Əliyev cənablarının qətiyyətli və uzaqgörən siyasəti dayanır. Bu onu deyir ki, Vaşinqtonda imzalanan sənəd region xalqları ilə bərabər, gələcək nəsillər üçün də böyük bir ümid işığıdır.
Əfsanə İBRAHİMOVA,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi.
araz.az xəbər portalı.