
“Problemlərimizi təkbaşına Prezident həll edə bilməz, məmurun da əsas vəzifəsi vətəndaşa xidmətdir, lakin…”
Son illər, xüsusilə 44 günlük Vətən Müharibəsindən başlayaraq baş verən hadisələrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətimiz üçün gördüyü işlərin xalq arasında böyük rəğbətlə qarşılandığı heç kimdə şübhə doğurmur. Hesab edirəm ki, bu nümunə bütün dövlət məmurlarına da şamil edilməlidir. Təəssüf ki, hazırkı reallıq bunun tam əksini göstərir.
Əminəm ki, rəhbər vəzifədə olan şəxslərə, tabeliyindəki əməkdaşların vətəndaşlara qarşı olan kobud münasibətləri barədə mütəmadi məlumatlar çatdırılmır. Həm bir vəkil, həm də daim müxtəlif vətəndaşlarla ünsiyyətdə olan bir insan kimi, ölkədə vətəndaşlara qarşı artan hörmətsizlik, qanunların pozulması, sahibkarlığın məmurlar tərəfindən məhv edilməsi və insanların ədalət axtarışındakı ümidlərinin puça çıxması hallarını açıq-aşkar müşahidə edirəm. Bu, çox təhlükəli tendensiyadır.
Bir Azərbaycan vətəndaşı, ömrünü və gəncliyini həqiqi müstəqil dövlətin qurulmasına həsr etmiş bir şəxs olaraq dövlət məmurlarından xahişim budur ki, heç vaxt unutmasınlar: Ölkədəki bütün problemləri təkbaşına Prezident həll edə bilməz. Təəssüf ki, bir çox məmurlar bu gün yalnız şəxsi maraqlarını güdür, vətəndaşların problemlərinə biganə yanaşırlar. Nəticədə, sadə insanlar özlərini kimsəsiz, hüquqsuz və ikinci dərəcəli insan kimi hiss edirlər. Bu isə açıq-aşkar hakimiyyətə qarşı nifrət hissi formalaşdırır.
Gündəlik həyatda – iş yerimdə, küçədə, ictimai yerlərdə vətəndaşların getdikcə artan narazılıqlarını eşidirəm. Xüsusilə də, hazırkı gərgin beynəlxalq şəraitdə – həm Rusiya, həm də İranın Azərbaycana açıq-aşkar düşmən münasibəti fonunda – xalqla hakimiyyət arasında yaranacaq uçurum ölkə üçün ağır nəticələrə səbəb ola bilər: Xalqı dəstəkləməyən hakimiyyətin gələcəyi yoxdur!
Prezident dəfələrlə bildirib ki, məmurun əsas vəzifəsi vətəndaşa xidmətdir. Lakin müşahidə etdiyim mənzərə bunun tam əksini göstərir. Mərkəzi icra orqanlarının, nazirliklərin və hüquq-mühafizə orqanlarının qəbul otaqlarına yaxınlaşan vətəndaş, çox vaxt ilk dəqiqədən hörmətsizlik və laqeydliklə qarşılaşır. Bəzən mənə şəxsən hörmət göstərilsə də, yanımdakı vətəndaşlara edilən kobud münasibəti özümə qarşı hörmətsizlik hesab edirəm.
Bu günlərdə mərkəzi hakimiyyət orqanlarından birinin qəbul otağında vətəndaşlara, o cümlədən mənə qarşı sərgilənən kobud davranış, hörmətsizlik məni sarsıtdı. Qapıya yaxınlaşan insana hörmətsizlik, kobudluq yolverilməzdir. Xüsusilə də, xalqın böyük ümidlərlə gözlədiyi qələbədən sonra belə hallara yol verilməsi həm Prezidentin nüfuzuna, həm də dövlətin imicinə ciddi zərbə vurur.
Qələbədən sonra biz yeni, ədalətli və şəffaf Azərbaycanda yaşayacağımıza inanırdıq. Lakin əksinə, məmur təbəqəsinin daha da sərtləşdiyini, özünü xalqdan üstün tutduğunu müşahidə edirik. Sanki Qarabağı azad edən Prezident və Ordumuz deyil, məhz bu məmurlarmış. Bu yanaşma vətəndaşı öz doğma Vətənində ikinci dərəcəli insan kimi görmək deməkdir ki, bu da tamamilə yolverilməzdir.
Bunu yazmaqda məqsədim hakimiyyətin uğurlarını kölgəyə salmaq deyil. Əksinə, mən hər zaman dövlət üçün atılan müsbət addımı dəstəkləmişəm və ictimaiyyətə çatdırmışam. Lakin bu Dövlət bizim hamımızındır. Onu nə məmurlar qurublar, nə də onların şəxsi mülkləridir. Dövlətin dayağı xalqdır, xalqı incitmək isə, dövlətin təməlini sarsıtmaq deməkdir!
Odur ki, dövlət məmurlarına bu çağırışımı səmimi bir vətəndaş mövqeyindən edirəm: Dayanın və düşünün! Vətəndaşa qarşı hörmətsizlik siyasətini dərhal dəyişin. Prezidentin illərlə qazandığı nüfuzu vətəndaşa qarşı kobud davranışla məhv etməyin!
Aslan İSMAYILOV.
araz.az xəbər portalı.