Vətənə xəyanət edən nə qədər azərbaycanlı satqın var, həbsdədirlər, bu stqınlara görə Dədə Qorqudu söyə bilmirsinizsə, o zaman üç cahil ərəbə görə də Peyğəmbəri söyməyin!

Əcnəbilərin Şəhidlər Xiyabanında etdiyi qeyri-etik hərəkətlərə verilən sərt reaksiyalar başadüşüləndir. Dövlətin baş verənlərə operativ yanaşaraq, həmin şəxsləri cinayət məsuliyyətinə cəlb etməsi də təqdirolunandır. Bu, belə də olmalıdır. Çünki əcnəbilərin etdiyi hərəkətlər şəxsi davranış deyil, Azərbaycanda şəhidlik anlayışı milli dövlətçilik konsepsiyasının sütunlarından biri hesab olunduğuna görə, bu hərəkətlər xalqın kollektiv kimliyinə, dəyərlərinə qarşı təhqirdir.

Amma məni düşündürən və narahat edən başqa məqamlar var.

Bu hadisə bizə hansı siqanlları verir, biz, necə düşünməliyik? Qınaq və emosionallıq kütlənin işidir, bəs, dövlət hansı nəticələri çıxarmalıdır?

Heç şübhə etmirəm ki, bu hadisə ilə Azərbaycanın milli kimliyinin qorunma instinkti sınaqdan keçirilmiş oldu.

Düşünürəm ki, Azərbaycan dövləti “Dəyərlər kataloqu” hazırlamalıdır.

“Dəyərlər kataloqu” dövlət üçün praktiki cəhətdən konsepsiya rolunda çıxış edə bilər, eləcə də xalq üçün ideoloji çərçivə rolunu oynayar.

Biz, bu kataloqa fundamental, genefondun, genetik yaddaşın əsas sütunları hesab olunan dəyərləri daxil etməkliyik, onların qorunması mexanizmlərini işləməliyik.

Şəhidlik anlayışı isə İslamdan gəlir. Vətən uğrunda qəhrəmancasına canını fəda etməyin şəhid hesab olunmasının ideoloji mənbəyi məhz İslamdır. Bəli, İslamdan əvvəl də türklər vətən uğrunda ölənləri qəhrəman və müqəddəs hesab edirdilər. Amma İslam bu qəhrəmanların məqamını daha müqəddəs statusa daşıdı. Allah şəhidləri özünə ən yaxın olanlardan hesab edir.

Yəni, Azərbaycanda şəhidlik — milli, dini və ideoloji bir anlayışdır.

Məni narahat edən məqam odur ki, üç cahil ərəbin hərəkətlərinə görə sosial şəbəkələrdə Peyğəmbər, onun ailə üzvləri, övladları, imamlar – nəvələri təhqir olunur. Halbuki, İslam bizim ən fundamental dəyərlərimizin önündə gəlir.

Dövlət bu məsələdə də həssas olmalıdır. Peyğəmbəri, onun ailə üzvlərini, müqəddəs şəxslərin təhqir olunmasının qarşısı alınmalıdır. Diqqətlə izləyin, artıq sosial şəbəkələrdə İslamı təhqir edənlərlə inanclı insanlar arasında gərgin konflikt yaranıb. Ölkədə kriminal durumun psixoloji və statistik yüksəlişi dövlətçiliyə təhdiddir.

Nümunə kimi Türkiyəni götürün, kimsə ateistdir, öz işidir, dilini də dinc saxlayıb. Türkiyədə Peyğəmbəri, onun ailə üzvlərini təhqir edən heç kəs nə ictimai linçdən, nə də dövlətin cəzasından yayına bilməz.

Dövlət başçısı çıxışlarında dəfələrlə milli elementlərin, ailə dəyərlərinin, ümummilli kimliyimizin qorunmasının vacibliyini önə çəkib.

Nəhayət:

— Bizim də türk əcdadlarımız içərisində satqın, yaramaz, xain adamlar çox olub, indi də vətənə xəyanət edən türk əsilli vətəndaşlarımız var və həbsdədirlər. Yox əgər bu xainlərə görə Dədə Qorqudu söyə bilmirsinizsə, o zaman Peyğəmbəri də söyməyin!

Məsələn,

— Əliheydər Qarayevə görə Dədə Qorqudu söyün də!

— Qəzənfər Musabəyov Xalq Cumhuriyyətini satdı, indi isə nəvəsi Rasim Musabəyov Milli Məclisdə məhz sizin deputatdır, qəbuluna düşürsünüz, xahş edirsiniz. Söz deməyə cürətiniz çatmır, statuslarına “ürək” atırsınız.

— Məmməd Əmin Rəsulzadəni satan azərbaycanlılara görə Dədə Qoqudu təhqir edin də!

— 1992-1993-cü illərdə xəyanət nəticəsində ölən igidlərimizə görə Babəki niyə söymürsünüz?! Nəcməddin Sadıqov 28 il Qərargah rəisiniz olub, ordumuza əmr verib. Üç şalvarıcırıq ərəbə görə Peyğəmbəri söymək daha təhlükəsizdir axı…

— Əgər milyonlarla insanı qətlə yetirən Hitlerə görə bütün almanları təhqir edə bilmirsinizsə, o zaman üç murdar ərəbə görə də Peyğəmbəri, imamları da söyə bilmərsiniz. Əksinə, bu gün Hitlerin vətənində – Almaniyada yaşamaq üçün hər şeyinizi fəda etməyə hazırsınız.

Axı hamının nəslində yaramaz adamlar var, bu yaramazlara görə öz babalarımızı söymürük…

Və ən nəhayət… Həyatınızdakı çatışmazlıqların, arzularınızın yerinə yetməməsinin günahkarı Peyğəmbər və onun ailəsi deyil.

Samir FEYRUZOV.

araz.az xəbər portalı.